Vətən müharibəsinin şəhidi Xəqani Məmmədovun doğum günü qeyd olunubbackend

Vətən müharibəsinin şəhidi Xəqani Məmmədovun doğum günü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun erməni təxribatlarına və təcavüzünə qarşı Zəfər yürüşündə iştirak edən, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq  əslən Zəngilan rayonundan məcburi köçkün ailəsində dünyaya göz açan, Şirvan şəhərində doğulub boya-başa çatan Vətən müharibəsinin şəhidi Məmmədov Xəqani Füzuli oğlunun bu gün doğum günü qeyd edilib.

30 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Şirvan şəhərinin və Zəngilan rayonunun ziyalıları,  ictimaiyyət nümayəndələri, şəhid ailələri və şəhidin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanında “Şəhid anası” memorial abidə kompleksini və şəhid məzarlarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə çıxış edərək  ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günluk Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» ətrafında birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. Nə qədər yeni texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da, ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib. Müharibə ərəfəsində bir nəfər əsgərin belə döyüş meydanını tərk etməməsinin, silah-sursatla yanaşı, yaralı döyüş yoldaşlarını da çiynində daşımasının, dövlət-ordu-xalq birliyinin nümayişinin dünyanın aparıcı dövlətlərini  və mətbuatını heyran qoyduğunu xatırladıb. Son günlərdə Fərrux yüksəkliyinin Ordumuz tərəfindən alınmasının bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyimizin sübutu olduğunu qeyd edib. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs edərək,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin olunmaları və dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunmaları üçün xüsusi diqqət  göstərdiyini vurğulayıb. Şirvan şəhərində də şəhidlərimizin hər birinin son mənzilə hörmət və izdihamla yola salındığını, Şəhər İcra Hakimiyyəti tərəfindən onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin yaradıldığını, Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının ən müasir üslubda əsaslı təmir edilərək, orada “Qarabağ” və “Zəfər” xiyabanlarının salındığını, qalib Azərbaycan əsgərinin şərəfinə “Zəfər” abidəsinin  ucaldıldığını diqqətə çatdırıb. Ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın uzun illər Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində fəaliyyətlərindən və hazırda eyni coşqu ilə işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı abadlıq-quruculuq işlərinin aparılmasına, yeni infrastruktur layihələrin təməlinin qoyulmasına göstərdikləri diqqətdən danışıb. Tezliklə Qarabağın yenidən cənnətə çevriləcəyini, bütün məcburi köçkünlərimiz kimi zəngilanlıların da dədə-baba torpaqlarına geri qaydacaqlarını, Xəqani kimi oğulların şücaətinin gələcək nəsillərə örnək olacağını, onların heç vaxt unudulmayacağını qeyd edib.

Millət vəkili İltizam Yusifov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə şəhidliyin ən yüksək məqam olduğunu, Şanlı Qələbə üçün hər zaman onları minnətdarlıq hissi ilə xatırlayacağmızı bildiriblər.

Bədii qiraət ustaları Əli Nur və Bəturə Nağıyeva şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonra “Ağsaray” şadlıq evində şəhid Xəqani Məmmədovun doğum günü münasibətilə mərasim keçirilib, ruhuna ehsan verilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov çıxış edərək Xəqaninin döyüş yolundan və şücaətindən bəhs edib və şəhər İcra Hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!