Vətən müharibəsində itkin düşən Cəlal Bayramov… (FOTO)backend

Vətən müharibəsində itkin düşən Cəlal Bayramov… (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən müharibəsində itkin düşən 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan iki aydan artıqdır ki, xəbər yoxdur.
Bu barədə “Qafqazinfo”ya hərbçinin qardaşı Cavad Bayramov məlumat verib. Onun sözlərinə görə, qardaşı ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb.
“Qardaşım 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Müharibənin ilk günlərində, sentyabrın 28-də çağırış olunub və sentyabrın 29-da onu yola salmışıq. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Qardaşım Laçında xidmət edib”, – deyə Cavad Bayramov bildirib.
O qeyd edib ki, qardaşı ilə iki aydan artıqdır ki, əlaqə saxlaya bilmirlər: “Sonuncu dəfə Cəlalla oktyabrın 27-də danışdıq. Dedi ki, Laçının Arpagədik kəndindədirlər. Ondan sonra xəbər ala bilməmişik. Heç bir döyüş yoldaşını da tapmamışıq. Hərbi hissədən deyilənə görə, əsir düşmə ehtimalı var. Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişik. Deyirlər ki, axtarış aparılır”.
Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.