Vətən müharibəsi şəhidi Asif Qəribovun xatirəsi anılıbbackend

Vətən müharibəsi şəhidi Asif Qəribovun xatirəsi anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda Vətən müharibəsi şəhidi Asif Səxavət oğlu Qəribovun xatirəsi anılıb. Şəhidlər xiyabanında Asif Qəribovun və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər gül dəstələri düzülüb.

TİA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib.

Tədbirdə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağı qeyd edilib. Şəhid Asif Qəribovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb. Bildirilib ki, Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Dövlətimizin başçısının sərəncamları ilə onlar orden və medallarla təltif edilib.

Diqqətə çatdırılıb ki, Şirvanın 5 Vətən müharibəsi şəhidinin adı küçələrə verilib. Bundan başqa, Şirvan şəhər Şəhidlər xiyabanında əsaslı təmir işləri ardıcıl şəkildə davam etdirilir, Vətən müharibəsi şəhidlərindən sonra, Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurəti yaranıb və hazırda bu istiqamətdə iş aparılır.

Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük müharibədən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Allah dərgahında şəhidlərə verilən yüksək məqamdan, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.

Tədbir “Şirvan Gənclər Evi” Sosial Xidmətlər Mərkəzində davam edib. Gənclər Evinin direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açdıqdan sonra şəhid Asif Qəribovun xatirəsinə həsr edilən təqdimat videosu nümayiş olunub.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, şəhərin müxtəlif küçələrinə, ən qabaqcıl məktəblərinin siniflərinə şəhidlərimizin adının verilməsinin, xatirə guşələrinin, “Zəfər” abidəsinin yüksəldilməsinin şəhidlərimizə olan böyük hörmət və ehtiramın göstəricisi olduğunu bildirib. Din xadimi hacı Bəxtiyar Əzəmi, M.B.İsrailov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusubov və müəllimlər burada təhsil almış Asif haqqında xoş xatirələrini bölüşüblər.

Qeyd edilib ki, Asif 2000-ci il sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. O, hələ məktəb illərində həmyaşıdlarından əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. 2019-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Vətən müharibəsi başlayan gündən Asif də ön sıralarda yer alıb. Füzuli, Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində Asif şücaəti ilə seçilib. Sentyabrın 30-da Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı Asif qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Daha sonra məktəbin müəllimi, şair İbrahim Həssas şəhid Asif Qəribova həsr etdiyi şeiri səsləndirib, həmçinin məktəblilər vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.