Vətən Müharibəsi Qəhrəmanları – 83 nəfərdən 3-ü əsgərdi – TƏQDİMATbackend

Vətən Müharibəsi Qəhrəmanları – 83 nəfərdən 3-ü əsgərdi – TƏQDİMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Modern.az-ın məlumatına görə, bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş 2 general-leytenant, 3 general-mayor, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb.

Vətən Müharibəsi Qəhrəmanı adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır.

Modern.az saytı zabit heyətilə bərabər Vətən Müharibəsi Qəhrəmanı adı daşıyan 3 əsgər barədə məlumatı təqdim edir. Onların hər 3-ü həyatdadır.

Vətən Müharibəsi Qəhrəmanı Vüsal Elşən oğlu Yaqubov 2001-ci il martın 2-də Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb. Əslən Qubadlı rayonunun Yusifbəyli kəndindəndir.  Atası Qubadlı rayonunun Yusifbəyli kəndindən, anası Füzuli rayonundandır.

2002-ci ildə ailəsi ilə Sumqayıt şəhərinə köçüb.

2007-2018-ci illərdə orta məktəbdə təhsil alıb. Sonra Göyçay rayonundakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olunub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb.

Vüsal Yaqubov 1 ay Quru Qoşunlarında xidmət etdikdən sonra hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etməsi barədə qərar verilib.

O, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi çox ciddi sınaqlardan keçib, dağ təlimlərində iştirak edib.

Vətən müharibəsi başlayanda əvvəlcə cəbhənin Goranboy rayonu istiqamətinə aparılıb. Oradan Kəlbəcər dağlarında yerləşən hərbi hissəyə köçürülüb. Ardınca taktiki dəyişikliklə əlaqədar Füzuli rayona gətirilib.

Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Yaqubova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bununla yanaşı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

Vüsalın əmisi, Vətən müharibəsi iştirakçısı, Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Fəxrəddin Yaqubov 2020-ci ilin noyabrın 22-də Laçın rayonu istiqamətində ermənilər tərəfindən öldürülüb.

***

Vətən Müharibəsi Qəhrəmanı Azər Rizvan oğlu Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra – 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, tank heyətində tuşlayıcı vəzifəsini yerinə yetirib. Azər erməni ordusunun müdafiə səddinin yarılmasında xüsusi xidmətlər göstərib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin atəş mövqelərini, zirehli texnikalarını və xeyli sayda canlı qüvvəsini məhv edib.
11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Eyni zamanda, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərin əmisi, tibb xidməti leytenantı Natiq Yaqub oğlu Abdullayev Birinci Qarabağ Müharibəsi zamanı keçmiş Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Atası Rizvan Abdullayev isə eyni istiqamətdə ağır yaralanıb, birinci qrup müharibə əlilidir.

***


Murad İlyas oğlu Əflətov
 Saatlı rayonunun Nəsimikənd kəndində dünyaya gəlib. Milliyətcə Ahısxa türküdür.

Orta məktəbi başa vurandan sonra həqiqi hərbi xidmətə aparılıb.

Murad Əflətov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ona 09.12.2020-ci il tarixli sərəncamla “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bununla yanaşı, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.