Tribuna İnformasiya Agentliyi

Vergilər Nazirliyi ilə müğənnilər arasında qalmaqal…

29 İyun

Vergilər Nazirliyi: “Müğənnilər kifayət qədər vergi ödəmir, ciddi tədbirlər aparılacaq”

Sənətçilər: “Nazirlər məclislərinə dəvət etdiyi müğənnilərdən umduqları vergini alsınlar”

“Müğənnilər kifayət qədər vergi ödəmir, ona görə də ciddi tədbirlər aparılacaq”. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov trend-ə açıqlamasında bildirib.

Nazir müavini bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: “Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb, dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox… Bu sahədə həmişə narazılıqlar olur”.

Nazir müavini onu da qeyd edib ki, yaxın günlərdə uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur: “Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər”.

Qeyd edək ki, artıq bir neçə ildir ki, vergilər nazirliyi müğənnilərin vaxtlı-vaxtında vergi ödəməsi üçün müəyyən tədbirlər görür. Lakin zaman-zaman hər iki tərəf arasında ciddi narazılıqlar, qalmaqallar yaşanır. Buna qədər nazirlik vergi ödəməyən müğənnilərin adını mətbuatda açıqlayıb. Həmin siyahıda toylardan kifayət qədər gəlir əldə edən xalq artistlərinin, məşhurların da adına rast gəlinib.

Məsələn, xalq artisti Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artist Elza Seyidcahan, Mətanət İskəndərli, Abbas Bağırov kimi tanınmışların adı Vergilər Nazirliyinin “qara siyahı”sında açıqlanıb.

Bəs indi vəziyyət necədir? Sənətçilər nazir müavinin sonuncu açıqlamasını necə qarşılayır?

Məsələ ilə bağlı sənətçilər arasında kiçik sorğu keçirdik.

Əməkdar artist Röya Ayxanın prodüsseri Vüsal Rzayev sualımızı bu cür cavablandırdı: “Röya xanım həmişə vergilərini vaxtlı-vaxtında ödəyib. Əgər belə olmasaydı bəzi müğənnilər kimi onun da adı Vergilər Nazirliyinin “qara siyahı”da olardı. Müğənnilərin kifayət qədər vergi ödəmədiklərinə gəldikdə isə, bildiyiniz kimi nazirlik xüsusi komissiya yaradıb və onlar daim bu işə nəzarət edirlər”.

Müğənni Elariz Məmmədoğlu isə qeyd edib ki, vergiləri daim vaxtında ödəyib: “Nəyi saxlasam da, vergini saxlamıram, vaxtında ödəyirəm. Heç bir zaman da vergi nazirliyi ilə problem yaşamamışam. Məndən heç kəs şikayətlənə bilməz”.

Müğənni Afət Fərmanqızı isə sualımıza bu cür cavab verdi: “Mənim qrupumda 12 nəfər çalışır. Tutaq ki, məclisdən 500 manat alırıqsa, oradan mənim payıma 50 manat düşür. Bu 50 manatın da faizi təxminən 2 manat edir. Mənim dolanışığım əsasən Rusiyadakı məclislərdəndir. Yəni, hazırda xalqımızda müğənniyə veriləsi pul yoxdur. Mənə yaxşı pul verilsin ki, mən də o puldan yaxşı vergi ödəyim. 50-100 manata oxuyan müğənnilərin vergisi elə təxminən 2 manat olur.

Bilirsiz ki, indi vəziyyət çox çətindir. Əvvəllər yenə qazanc əldə etmək olurdu. Lakin indi vəziyyət kritikdir, insanlar çörəyə pulu güclə tapır. Araşdıranda əhalinin çoxunun banklar borcu var. Banka borcu olan şəxs də Afət Fərmanqızına 2000-2500 manat verə bilməz ki, onun  məclisini idarə etsin. Yalnız 5-6 müğənni var ki, onlar bu qədər qazanc əldə edə bilir. Müğənnilərin əksəriyyəti, hətta xalq artistləri şou-proqramlarda 50 manata oxuyur. Əgər Səməd Səmədov, Cavanşir Məmmədov 50 manata oxuyurlarsa, biz kimik ki?

Əlbəttə ki, üzərimizə düşən vergi paylarını vaxtlı-vaxtında ödəyirik. Sadəcə vergilər nazirliyinin umduğu qədər qazanc əldə edə bilmədiyimiz üçün, onların gözlədiyi vergini də ödəmirik. Vergilər Nazirinin müavininə sual vermək lazımdır ki, onlar heç bizim kimi müğənniləri öz toylarına dəvət edirlər? Əlbəttə ki, xeyir. Onlar nəzərdə turduqları kifayət qədər rüsumu məclislərinə dəvət etdikləri müğənnilərə verir. Elə həmin müğənnilərdən də  umduqları vergi faizini alsınlar”.

Qeyd edək ki, qanuna əsasən müğənni sənəti ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları gündən yaşadıqları yer üzrə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, həmin şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan az olduqda onlar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Müğənnilik fəaliyyəti ilə bağlı əldə olunan gəlirlərdən Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilir.

Bu fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar gəlir vergisinin ödəyicisi olurlar və həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxıldıqdan sonra, qalan məbləğ 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir.

Şou-biznes nümayəndələrinin istəlinən ayda 120 min manat gəliri olarsa dövlət büdcəsinə əlavə gəlir ödənilməlidir.