Vəhşi heyvanların ovlanmasına görə cərimələrin miqdarı artırılacaqbackend

Vəhşi heyvanların ovlanmasına görə cərimələrin miqdarı artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda vəhşi heyvanların ovlanmasına görə ödəmələrin və cərimələrin miqdarı artırılacaq. 2004-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qərarına dəyişiklik edilməsi ilə bağlı sənəd hazırlanıb”.

Bunu TİA.AZ-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Xidmət rəisi bildirib ki, həmin dövrdən bu yana vəhşi heyvan növlərinin sayının artması və azalması halları baş verib: “Bəzi növlər isə “Qırmızı kitab”a salınıb. Bu səbəbdən cərimənin miqdarı çoxalmalıdır. Bəzi növlər var ki, o vaxt ümumiyyətlə həmin növlər Azərbaycanda yox idi, məsələn, zubr. Orta hesabla deyim ki, əksər vəhşi növlərin ovlanması ilə əlaqədar cərimənin miqdarının 5-10 dəfə artırılması nəzərdə tutulub. Sənəd hazırda razılaşdırma mərhələsindədir”.

Balıqçılıq haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı da sənədin hazırlandığını deyən H.Əlizadə əlavə edib ki, bu, mühafizə və nəzarətin daha ciddi aparılması üçündür: “Bu sənəd də artıq razılaşma mərhələsindədir. Bu sənəddə qanunsuz balıq ovuna nəzarətin hüquq-mühafizə orqanları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə su akvatoriyalarında və digər sahələrdə həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə yeni dəyişiklik qanunsuz balıq ovuna nəzarətin, mühafizənin daha ciddi təşkilinə xidmət edəcək”.