Vaxtında gəlib, vaxtsız gedən böyük Kapitanla bağlı xatirələr – VİDEObackend

Vaxtında gəlib, vaxtsız gedən böyük Kapitanla bağlı xatirələr – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qısa ömür yaşadı. Cəmi 41 il. Ancaq bu müddət ərzində çoxsaylı uğurlar əldə etdi Anar Məmmədxanov. 25 yaşında artıq görkəmli ictimai-siyasi xadim idi.

Onu həm də sənətinə görə sevirdi insanlar. Milyonların üzünə təbəssüm bəxş edən əfsanəvi “Bakılı oğlanlar” komandasının şən və hazırcavab kapitanı! O kapitan ki, çılğın təbiəti ilə hələ 18 yaşında “Bakılı oğlanlar” komandasını yaradır və tezliklə saysız-hesabsız uğurlar qazanır. Etdiyi zarafatların, çıxışlarının hər cümləsi sətiraltı ifadələrlə dolu idi. Ancaq xaraktercə ciddi və emosional bir insan kimi tanıyardılar onu. Hər şeydən öncə isə Anar Məmmədxanov gözəl ailə başçısı, 3 övlad atası və sədaqətli ömür-gün yoldaşı idi. Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində unudulmaz kapitanın əziz xatirəsinə həsr edilən süjet efirə gedib.

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova bildirib ki, onunla çox gənc yaşlarında bir- birlərini tanıyıblar:

“Anarın yanında özümü çox güclü bir qadın kimi hiss edirdim. Çünki o cəmiyyətə qarşı necə ədalətli idisə, mənə də qarşı elə idi”.

Övladları üçün sanki bir həyat müəllimi idi Anar Məmmədxanov.

Oğlu İslam Məmmədxanov atası haqqında bildirib ki, onun nəsihətini həyat şüarı kimi qəbul edib:

“Atam deyərdi ki, ata nə uğurlar qazanırsa, qazansın, oğul ondan həmişə üstün olmalıdır, yoxsa atanın işi yarımçıq qalar. Onun bu sözlərini əsas tutub daim zirvələrə ucalmaq istəyirəm”.

Qızı Məryəm Məmmədxanova isə Anar Məmmədxanovun qızı olmaqla fəxr etdiyini bildirib:

“Özünə, fikrinə, ətrafına, ailəsinə, dostlarına sadiq olan bir insan idi. Mən hara gedirəm, orada məni çox xoş qarşılayırlar. Çünki mən məhz Anar Məmmədxanovun qızıyam. Bundan gözəl bir miras təsəvvürümə gətirə bilmərəm”.

Həmişə deyərdi ki, bir gün biz Şuşaya qayıdacağıq. Anar Məmmədxanov həm də deyərdi ki, “vaxtında gəlib, vaxtında getmək lazımdır”. Ancaq özü vaxtında gəlsə də, vaxtsız getdi bu dünyadan. Ən böyük arzun olan Şuşanın azad olunduğu günü görməliydin, Kapitan!