Tribuna İnformasiya Agentliyi

Vətəndaşlar niyə kompensasiya siyahısında adını tapa bilmir?

09 Aprel
Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “Əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq”, – deyə cavab alır.
Qaynarinfo xəbər verir ki, ekspert Vüqar Bayramovunaçıqlamasına görə, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar.
“Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarlarla Mərkəzləşdirilmiş Kredit Reyesterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.
Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər”.
Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənədlə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımızla bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək.
“Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”, – deyə V.Bayramov bildirib.