“Üzr videolarına hər sahədə son qoyulmalıdır” – REAKSİYAbackend

“Üzr videolarına hər sahədə son qoyulmalıdır” – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeniyetmələr həmyaşıdlarını alçadaraq görüntüsünü çəkib və sosial şəbəkələrdə yayımlayıblar. Sözügedən videoda bir qrup gəncin yeniyetmə oğlanı əhatəyə aldığı və ona zor tətbiq etməklə üzr istəməsini tələb etmələri öz əksini tapır. Dia.az-ın məlumatına görə, hüquqşünas Şamil Paşayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda “üzr video”larının yayılması məşhur olduğu üçün adamlar arasında da bu kimi videoların çəkilib yayılması cəza mexanizmi kimi nəzərdə tutulur.

“Amma şəxsin özünün razılığı yoxdursa, qanunvericiliklə heç hüquq-mühafizə orqanlarının da bu kimi aktlar həyata keçirmək səlahiyyəti yoxdur. Bu halda bir neçə şəxsin bir nəfəri tutub üzr istətməsi, fiziki şiddət göstərməsi konkret olaraq, ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsidir. Vətəndaşlar üzərində zor tətbiq etmək Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 221-ci xuliqanlıq cinayətinin tərkib əlamətlərini özündə göstərə bilər. İfadənin alınması, dindirmə və digər istintaq hərəkətləri nəticəsində daha aydın şəkildə bunu ifadə etmək mümkündür”.

Hüquqşünas bildirir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə o deməkdir ki, təqsirkar ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik göstərir, hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydalarının, əxlaq qaydalarının tapdanmasında özünü ifadə edir.

“Bundan başqa nəzərə almaq lazımdır ki, bu, qrup şəklindədir. Təəssüflər olsun ki, bu kimi hallarla biz rastlaşırıq. Bu acınacaqlı haldır. İkinci maddə isə burada birmənalı olaraq, özbaşınalıq maddəsi var. Bu da cinayət məcəlləsinin 322-ci maddəsində göstərilir.

Videodakı cavan oğlan hər hansısa səhv iş görübsə, cinayət xarakterli əməl törədibsə, onu cəzalandıracaq şəxslər onu dövrəyə alan adamlar olmalı deyil. Onlar bu əməllərlə bağlı polisə müraciət etməli idilər”.

Şamil Paşayevin sözlərinə görə, bu cür üzr videoları cəmiyyətin hər sahəsində silinməli, bu məsələyə son qoyulmalıdır.

Qeyd edək ki, son dövrlərdə bu cür “üzr video”ları daha çox hüquq mühafizə orqanları tərəfindən yayılır və bu, ictimaiyyət tərəfindən heç də xoş olmayan hal kimi qiymətləndirilir.