“Uzaqgörən filmlər” tapmacasının arxasındakı həqiqətlərbackend

“Uzaqgörən filmlər” tapmacasının arxasındakı həqiqətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda planetin bir nömrəli mövzusuna çevrilmiş koronavirus barədə çoxlu sayda sui-qəsd nəzəriyyələri ortaya atılıb. İnternet və sosial şəbəkələrin aktiv istifadə olunduğu indiki vaxtda bu cür konspiroloji nəzəriyyələri saymaqla bitməz.

Epidemiya barədə ən müxtəlif konspirologiya materialları “icad” olunub. Ancaq diqqəti ən çox cəlb edən virus haqqında öncədən xəbər verən filmlərdir. Artıq çox məşhur media orqanlarında bu barədə araşdırmalar, analizlər təqdim olunub.

İddia olunur ki, daha əvvəl bu barədə hansısa bədii və ya cizgi filmlərində məlumatlar verilib. Bu isə xəstəlik ətrafında şübhələri daha da artırır. Çünki iddia olunduğu kimi, bu virus barədə haçansa filmlərdə məlumat olubsa, virusun süni hazırlanmış bioloji silah olması ilə bağlı iddialar güclənir. Bu da öz növbəsində konspiroloqlar üçün bol-bol mövzu verir.

Əvvəlcə ondan başlayaq ki, bu günə qədər hansı filmlərdə koronavirusla bağlı işarələr tapılıb və bunlar nə qədər ciddi hesab oluna bilər? İlk yerdə, əlbəttə ki, dünyada artıq konspiroloqların bir nömrəli mövzu mənbəyi hesab olunan “Simpsonlar” cizgi filmi gəlir. Məşhur cizgi filminin bir neçə il əvvəl efirə çıxmış seriyasında şərqdən gələn virusun ABŞ-a yayılacağı və böyük fəlakətə səbəb olacağı qeyd olunub. Ancaq cizgi filmində bir yanlışqlıq var ki, virus ABŞ-a Çindən deyil, Yaponiyadan gəlir.

Koronavirus barədə ən çox işarəli film 2018-ci ildə ekranlara çıxmış “Venom” (Zəhər) filmi hesab olunur. Müasir superqəhrəman, heyvana çevrilən insandan bəhs edən filmdə çinli qadın bazardan ilan əti alıb yeyir və bundan sonra müəmmalı xəstəliyə yoluxur. Bu zaman onun köynəyində “Corinne” yazısı görünür. İnternet və sosial şəbəkələrdə filmdə məzh koronavirusa işarə olunduğuna dair iddialar ciddi sayda tərəfdar toplaya bilib.

Koronavirus haqqında xəbər verdiyi iddia olunan daha bir ekran əsəri 2011-ci ildə prokata çıxmış “Contagion” (Epidemiya) adlı filmdir. Bu filmdə baş rol oyunçusu qadın Çindən qayıtdıqdan sonra müəmmalı xəstəliyə yoluxur və əvvəlcə özü, daha sonra isə oğlu ölür. Həmin filmdə əsərin qəhrəmanı olan qadın Honkonqda virusa yoluxmuş donuzu kəsən aşpazla əl verib görüşdükdən sonra məchul xəstəliyə yoluxur.

Əlbəttə, qarşıdakı günlərdə bu cür “peyğəmbər” filmlər tapılacaq, onların hansısa epizodunun koronavirusa işarə olması iddiası ortaya atılacaq. Və aydın məsələdir ki, indiki internet əsrində bu cür nəzəriyyələr ildırım sürətilə yayılır və çoxlu sayda tərəfdar toplayır. Ən pisi odur ki, həmin məlumatlar insanların şüuraltına təsir edir, onların həyatlarını, gündəlik davranışlarını dəyişir. Son nəticədə, bu cür şayiələr ajiotaja səbəb olur.

İndi isə gələk filmlərdəki uzaqgörənliyə. Əslində, bu nümunəni çox mövzuda çəkmək olar.

Məsələn, daha əvvəl Donald Trampın ABŞ prezidenti seçiləcəyi ilə bağlı “Simpsonlar” cizgi filmində işarə olması, ya da basketbol ulduzunun ölümünün illər öncə xəbər verilməsi filmlərin ssenaristlərinin hansısa gizli qüvvələrlə əlbir olduğu, illər sonra baş verəcək hadisələrin filmlərdə təqdim edilməsi ilə bağlı ekspertlərin ciddi-ciddi çıxışları, yazılar var. Əsas arqument də bundan ibarətdir ki, “gizli güclər” məhz illər öncəsində filmlər, kliplər, cizgi filmləri kimi sənət əsərlərində gələcəkdə baş verəcək böyük hadisələr haqqında məlumat yerləşdirməklə insanların şüuruna təsir edib, onları bu cür hadisələrə hazırlayıblar.

Lakin konkret olaraq bu mövzuya, yəni koronavirusla əlaqədar iddialara gəlincə, həm həkim-ekspertlərin şərhləri, həm də filmlərdə “tapılan” əlamətlərə diqqət edəndə bu cür iddiaların əsaslı olmadığını görmək mümkündür. Artıq çoxdan həkimlər koronavirusda bioloji silah elementlərinin tapılmadığını isbat edib. Virusun sürətlə yayılması – hansı ki, dünyada bu cür viruslara tarixin bütün dövrlərində rast gəlmək mümkündür – qeyri-adi hadisə deyil, üstəlik, dünyada insan sayının artması, təbiətdəki dəyişikliklər, qidaların tərkibi, səyahət və səfərlərin sayının artması bu cür xəstəliklərin sürətlə yayılmasına səbəb olur.

O ki qaldı filmlərdə viruslarla bağlı detallara, bunlara təsadüf demək olmasa da, hansısa hadisənin məqsəli çatdırılması demək üçün də hər hansı səbəb yoxdur. Məsələ burasındadır ki, dünyada hər il minlərlə (təxminən 7-10 min arası) film istehsal olunur. Bunların içərisində hər hansı virus və ya xəstəlik, kütləvi epidemiyadan bəhs edən filmlərin olması və ya ssenaristin süjet xəttinə qorxulu virus haqqında hansısa səhnəni əlavə etməsi tamamailə təbii qarşılanmalıdır. Çünki nəzərə almaq lazımdır ki, filmlərin sayının həddən artıq çoxluğu, eləcə də dünyada bu cür filmlərə marağın artdığı bir dövrdə ssenaristlərin həmin mövzulara müraciət etməməsi ağılsızlıq olardı. Nəzərə almaq lazımdır ki, bəşəriyyət tarix boyunca onlara dəhşətli epidemiya yaşayıb və həmin epidemiyalar dünyanın mənzərəsini dəyişib. Bu mənada virus və epidemiyaların film ssenarilərində müxtəlif formalarda yer alması tamamilə təbii qarşılanmalıdır.

Virusun Çindən yayılması ilə bağlı iddialara gəlincə, yada salmaq lazımdır ki, bundan əvvəl dünyada görünmüş və böyük tələfatlara səbəb olmuş epidemiyaların bir qismi Çindən və ya Uzaq Şərqdən yayılıb.

Məsələn, 1347-1351 illər arasında Avropada yayılan və milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin Uzaq Şərq mənşəli olması barədə iddialar var.

Honkonq qripi adlı xəstəliyin 1968-1969-cu illərdə dünyada 1 milyon insanın həyatına son qoyduğu məlumdur.

2002-ci ilin noyabrında Honkonqda (Çin) meydana çıxan SARS virusu dünyada 916 nəfərin ölümünə səbəb olmuşdu.

Bu baxımdan sirli və təhlükəli xəstəliklərin mənbəyi kimi Uzaq Şərqin göstərilməsi müəyyən tarixi səbəblərə dayanır. Yəni qısa desək, film ssenarilərində hansısa epidemiyanın Uzaq Şərqdə meydana çıxması möcüzə və ya planlı mesaj deyil, bir az tarixə söykənən müəllif yaradıcılığından başqa bir şey deyil. Nəhayət, bu tip filmlərdə insanların mutantlara çevrilməsi hansısa heyvanla bağlı olur. Uzaq Şərqdə isə, ilan da daxil olmaqla, bir çox heyvanların əti gündəlik qida rasionuna daxil olduğu üçün bu cür konspiroloji ssenarilərin Çinlə bağlı ortaya çıxması təbii qarışılanmalıdır. Yəni “Venom” filmindəki qadının London bazarında ilan əti alıb yeməsi o qədər də inandırıcı görünməyə bilər. Amma eyni işi Çində bir heyvan bazarında edərsə, o zaman inandırıcılıq artmış olur.

Əlbəttə, bu cür onlarla misal və detal qeyd etmək olar. O da aydındır ki, belə vəziyyətlərdə, adətən, şayiələr sürətlə yayılır və təbii ki, onlara inananların sayı da artır. Nəticədə, xəstəlikdən daha böyük fəsadı olan kütləvi ajiotaj, qorxu yaranır. Bunun təsiri artıq bir sıra ölkələrdə hiss olunur. İnsanların şayiələrin təsirinə düşərək marketlərə axın etməsi, ərzaq məhsulları ehtiyatı toplaması həmin şayiələrin və süni yaradılan ajiotajın nəticəsidir. “Qorxunun əcələ faydası olmadığı” dünyada kütlə şüuruna qapılaraq, marketdən daha bir neçə makaron qutusu alıb “ehtiyat” yaratmaqdansa, xəstəlikdən daha yaxşı qorunmaq və müdafiə vasitələrini tətbiq etmək, mütəxəssislərin tövsiyələrini öyrənib əməl etmək daha faydalıdır.

Rəşad Quliyev