Uşaqpulu hansı qaydada verilməlidir? – Şərtlər və miqdarbackend

Uşaqpulu hansı qaydada verilməlidir? – Şərtlər və miqdar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda uşaqlara görə müavinətin (“uşaqpulu”) təyin edilməsi məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı Milli Məclisdə komissiya da fəaliyyətə başlayıb.

Sfera.az xatırladır ki, uşaqpulu ilə bağlı müzakirələrə 2019-cu ildən başlanılıb və bu məsələ hələ də aktuallığını saxlayır.

Bəs, uşaqların sayına görə müavinətin yenidən bərpa edilməsi lazımdırmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova deyir ki, hazırda ölkəmizdə uşaqlar üçün bir neçə müavinət təyin edilir. Birincisi, uşağın anadan olmasına görə verilən birdəfəlik ödənişdir. Onun məbləği məbləği 2019-cu ilin aprel ayının 1-dən etibarən 200 manat müəyyənləşdirilib.

İkinci müavinət, ünvanlı yardım alan ailələrdə olan 1 yaşadək uşaqlara verilən müavinətdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən ünvanlı sosial yardım təyin olunan ailədə bir yaşadək uşaq olduğu təqdirdə, uşağın bir yaşı tamam olanadək ona aylıq müavinət təyin edilir. Müavinətin məbləği 55 manat müəyyənləşdirilib.

Üçüncü müavinət beşdən çox uşağı olan qadınlar üçün nəzərdə tutulan müavinətdir. Bu müavinət ailədə uşaqların sağ qalması şərtilə altıncı uşağın yaşı bir yaşına çatdıqda təyin edilir.

V.Əhmədova xatırlatdı ki, Milli Məclisin 2019-cu il dövlət büdcəsi müzakirə edilərkən uşaqpulu ilə bağlı mövzu gündəmə gətirilmişdi. “Birdəfəlik müavinətlərin həcminin artırılması, uşaqlara 3 yaşına qədər uşaqpulu verilməsi kimi təkliflər də səsləndirilmişdi. Hazırda Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrupunun yaradıldığı bildirilir.

Qrupun fəaliyyət istiqamətinin necə olacağı ilə bağlı bir bilgim yoxdur”, – deyən ekspert hesab edir ki, iqtisadi problemlər səbəbindən hazırda ailələr çoxuşaqlıqdan imtina edir. Onun fikrincə, bu da dolayısıyla demoqrafik tarazlığın pozulmasına səbəb olur. O “uşaqpulu”nun hansısa bir formada yenidən bərpasının vacib olduğunu düşünür.

Ekspert Azərbaycana yaxın təcrübə kimi Türkiyəni göstərdi: “Türkiyədə yeni doğulan uşaqlara ödənilən birdəfəlik müavinətlərdən əlavə, hamiləlik dövründə yardım, doğum yardımı, süd və ya qida yardımı, peyvənd pulu, təhsil yardımı kimi ödənişlər də edilir. Bu yaxınlarda hətta sosial dövlət siyasətinin bir yanaşması olaraq ehtiyac sahibi ailələrə “şərtli təhsil yardımı” və “şərtli tibbi yardım” adı altında “uşaqpulları”nın verilməsi nəzərdə tutulur. Təhsil yardımı uşağa ibtidai sinifdən orta məktəbi bitirinədək verilməsi nəzərdə tutulan müavinət növüdür.

Şərti tibbi yardım isə 6 yaşadək uşaqlarını müntəzəm tibbi müayinələrə aparmaları üçün ehtiyac duyan əhali kəsiminə hökumət tərəfindən verilən pul yardımıdır. Müraciət üçün vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsi tələb olunur, hətda telefonla belə zəng edərək müraciət etmək mümkündür. Müavinətin verilməsi üçün yeganə şərt vətəndaşın Sosial Müdafiə Fondunda sığorta qeydiyyatının olmamasıdır, yəni şəxsin rəsmi olaraq işsiz olması kifayətdir. Ölkəmizdəki kimi, ünvanlı dövlət sosial yardımı alması üçün vətəndaşdan müxtəlif sənədlər tələb edərək şəxsin önünə bürokratik əngəllər qoyulmur və ya evə gəlib məişət şəraiti yoxlanılaraq vətəndaş pis duruma düşürülmür.

Bilirik ki, ünvanlı dövlət sosial yardımı almaq üçün öncə vətəndaş müvafiq qurumdan ailə tərkibi haqqında arayış almalı və daha sonra həmin arayışa əsasən notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizə almalıdır. Bundan sonra dolduracağı ərizə bəyannamədə ailə tərkibini, yaşayış ünvanını, ailənin bütün növ gəlir və əmlakını dəqiq bəyan etməli, müraciətdən 12 ay əvvəl kredit götürmüşsə, torpaq pay mülkiyyəti varsa bu barədə mütləq şəkildə məlumat verməli, qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərini dəqiq bəyan etməli və s.

Daha sonra da DSMF-nin işçiləri ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirirlər. Bu da azmış kimi, ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələr arasında mütəmadi monitorinqlər keçirilir və əgər nazirliyin nümayəndələri ünvanlı yardımınverilməsinin dayandırılmasına səbəb olacaq hal aşkar edərsə həmin ailəyə təyin edilən yardımın verilməsi dayandırılır. Bütün bu prosedur qaydalar təyin edilən cüzi məbləği almaq üçündür”.

Ekspert hesab edir ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləğinin artırılması və yetkinlik yaşına qədər müavinətin verilməsi yaxşı olardı: “Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin məbləği ən az 500 manatadək yüksəldilə bilər. Həmçinin uşaqların yetkinlik yaşınadək aylıq ödənişlərin verilməsi daha məqsədə uyğun olardı. Maddi sıxıntılar səbəbindən ölkəmizdə də uşaqlarını orta təhsildən və ya tibbi müayinələrdən yayındıran minlərlə ailə var. Minimum əmək haqqı ilə yaşayan bu ailələrdəki uşaqların təhsili və ya sağlamlığı üçün sosial yardımların verilməsi mütləqdir”.