Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunubbackend

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat xidmətindən TİA.az-a verilən məlumata görə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Şirvan şəhərində əsaslı təmir edilib yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında, “Zəfər abidəsi”nin önündə silsilə tədbirlərlə qeyd edilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhid və qazi övladları, onların ailə üzvləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı, qonaqlar, ictimaiyyət nümayəndələri öncə tanınmış rəssam Arzu İmanovanın Şirvan şəhərindən və ətraf rayonlardan olan şagirdlərinin Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr etdikləri əl işlərindən ibarət sərgidə nümayiş olunan ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin portretlərindən, təbiət mənzərələrindən, vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən şəhidlərin portretləri, o cümlədən I Qarabağ müharibəsində itgin düşən Azər Məmmədovun portreti Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən onların valideynlərinə təqdim edilib.

Sonra tədbir iştirakçıları Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr etdikləri “Hər birimiz bir çiçək” adlı əl işlərindən ibarət sərgi ilə tanış olublar. Şəhər İcra Hakimiyyətinin başçısı sərgidə iştirak edən həvəskar rəssamlarla görüşüb, onları təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bayram şənliyinə toplaşan çoxsaylı uşaqları salamlayıb, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində göstərdiyi diqqət və qayğıdan danışaraq bu qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsinin də uşaqlara sonsuz qayğısının bariz nümunəsi olduğunu bildirib. Vətən müharibəsində Qələbəni təmin edən şəhidlərin və qazilərin övladlarına bundan sonra da xüsusi diqqət və qayğı göstəriləcəyinə, onların təhsilinə, sağlam böyümələrinə dövlət qayğısının davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Sonra İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin övladlarına və şənlikdə fəal iştirakı ilə fərqlənən uşaqlara bayram münasibətilə müxtəlif hədiyyələr təqdim edərək sevincli anlar bəxş edib.

Tədbirdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi və uşaq bağçalarının fidanları maraqlı konsert proqramı ilə çıxış edərək tədbir iştirakçılarına xoş bayram ovqatı yaşadıblar.

Sonda Şəhər İcra Hakimiyyətinin başçısı və qonaqlar Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında, “Zəfər abidəsi”nin ətrafında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Şirvan şəhidlərinin hər birinin xatirəsinə əkilmiş ağaclardan ibarət yaşıllıq sahəsinə gedərək, şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.