Uşaqlar arasında kütləvi xəstələnmə – valideynlər təşvişdəbackend

Uşaqlar arasında kütləvi xəstələnmə – valideynlər təşvişdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus infeksiyası yenə təhlükəli həddə doğru irəliləyir. Dünyada COVİD 19-a yoluxma halları artmaqda davam edir. Avropada yayılan yeni koronavirus ştammları isə uşaqlara virusun “klassik” formasından daha aktiv ötürüldüyü bildirilir.
“Tass.ru”nun xəbərinə görə, pediatr-infeksionist Yevgeni Timakov deyib ki, virus yeni insanları yoluxdurmaq üçün dəyişir: “Yeni ştamlar uşaqlara əvvəlkilərə nisbətən daha çox  təsir edir. İnfeksiya sürətlə mutasiyaya uğrayır ki, bu da immunitetimizdə boşluqlar tapmasına yol açacaq və daha çox insanı yoluxduracaq”.
İnfeksionist onu da əlavə edib ki, koronavirusun yeni ştamları sürətlə yayılsa da, uşaqlar onu yüngül keçirir. O qeyd edib ki, 10-12 yaşadək uşaqlara peyvənd etmək lazım deyil.
Bu arada Azərbaycanda uşaqlar arasında qrip mənşəli virus infeksiyalarının çoxalması ilə bağlı narahatlıq var. Valideynlər virusun korona olub-olmamasını ayırd edə bilmədiklərini deyirlər.
Məktəblərdə isə COVİD-ə yoluxanların sayında artım var. Ötən gün Bakıdakı 274 və 320 saylı tam orta məktəblərin koronavirusa görə fəaliyyəti dayandırılıb.
Distant təhsilə keçən yalnız paytaxt məktəbləri deyil. Ötən gün eyni zamanda Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbi də, Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən bağlanıb.
Bəs görəsən, uşaqlar arasında yayılan virus koronavirusun yeni ştamlarıdır?
Respublikanın Baş pediatrı Nəsib Quliyev mövcud vəziyyətlə bağlı “Yeni Müsavat” a danışıb: “Saysız-hesabsız, minlərlə virus tipi var. Qış mövsümündə də bu xəstəliklər ola bilər. Belə bir deyim var, hər pis işdə bir yaxşı var. Koronavirusa görə aparılan tədbirlər, ümumiyyətlə, virus xəstəliklərinin kəskin azalmasına səbəb olub. Qoruyucu rejim olduğuna görə paraqrip, adenavirus, rotovirus kimi virusların da geniş yayılması azalıb. Amma buna baxmayaraq yenə də rast gəlinir. Bunun qarşısını almaq qeyri-mümkündür. Çünki ətrafımızda o viruslar daimi var. Ona görə də bu əlamətlərə kəskin respirator virus infeksiyası əlamətləri deyirik. Respirator əlamətlər boğaz, burunda, bəzən də ishal kimi əlamətlərlə özünü göstərir. Amma COVİD 19-dan öncəki illərlə müqayisədə qat-qat azalıb. Bu da dediyimiz kimi, maska, məsafə, gigiyenik tədbirlərin nəticəsində mümkün olur. Bu bizə əyani olaraq sübut edir ki, düzgün qorunsaq, bir o qədər sağlamlığımızı qorumuş olarıq”.
Baş pediatr: “Covidlə bağlı məlumatı heç kim gizlədə bilməz”
Baş pediatr valideynlərə övladlarında hər hansı simptom hiss edən kimi sahə həkiminə müraciət etməyi tövsiyə edib: “Bu xidmət bizdə qurulub. Hər bir valideyn bilir ki, onun uşağına poliklinikada xidmət göstərən sahə həkimi var. Valideyn o əlamətləri görəndə ya həkimə göstərməlidir, ya da evə çağırış etməlidir. Həkim baxandan sonra ona yol göstərəcək. O deyəcək ki, COVİD testindən keçirmək lazımdır, ya yox. Əlbəttə, COVİD təhlükəsi qaldığına görə hər hansı əlamət görən kimi hamı narahat olur. Bunu da müayinə eləmək ağır iş deyil, burundan, boğazdan yaxma götürüb bir günə cavab verirlər. Təbii ki, həkim müayinəsindən sonra olmalıdır, valideyn özü hərəkət edəndə səhvlərə yol verə bilər”.
Quliyev qeyd edib ki, Azərbaycanda uşaqlar arasında COVİD 19-un yeni ştamları yayılmayıb: “Əgər olsaydı, bununla bağlı məlumat da olardı. Bunu heç kim gizlədə bilməz. Kiminsə gizlətmək kimi məqsədi də yoxdur”.
Qeyd edək ki, Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma halları üzrə statistika da açıqlanıb. Yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür. Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bu arada Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı  21,204 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib.