Tribuna İnformasiya Agentliyi

Ünvan axtaranda çətinlik çəkənlər üçün 8 qızıl məsləhət

22 İyul
Bir ünvan axtaranda çətinlik çəkirsinizsə aşağıda sizə təqdim edəcəyimiz məsləhətlərə nəzər yetirin.
TİA.AZ BBC-yə istinadən nevropsixoloq Katerina Lavdeyin sizlər üçün 8 məsləhətini təqdim edir:
1. İstiqamətinizi planlaşdırın
Telefon və ya noutbukunuzda “Google streetview” və ya istiqaməti müəyyənləşdirə biləcək başqa naviqasiya proqramlarınız varsa, onlara diqqət yetirin və özünüz üçün ağlınızda qala biləcək nöqtələr müəyyənləşdirin. Bu nöqtələr sizə gedəcəyiniz ünvanı tapmaqda kömək olacaq.
2. Sakit qalmağa çalışın
Həyəcanlanmaq əlavə enerji itirmək deməkdir ki, bu da sizin istədiyiniz istiqaməti tapmağınızı çətinləşdirməkdən başqa heç bir işə yaramır. Səyahətdən öncə edəcəyiniz planlaşdırma ilə həyəcan və stresdən xilas ola bilərsiniz.
3. Fikrinizi bir yerə cəmləyin
Telefonla danışmaq, mesaj göndərmək, hətta başqa bir şey haqqında düşünmək sizə mane olacaq. Bütün diqqətinizi ətrafınızda gördüklərinizə verməlisiniz.
4. Keçdiyiniz yerlərdə özünüz üçün oryentirlər tapıb, onları gözdən qaçırmamağa çalışın. Misal üçün, bu, bir hündürmərtəbəli bina, diqqətçəkən abidə ola bilər. Bu oryentirlərlə daha sonra harada olduğunuzu müəyyənləşdirə biləcəksiniz.
5. Arxanıza baxın
İnsanlar daha çox önlərində gördükləri obyektlərə fokuslanırlar, amma arxadakılara baxaraq orada nə olduğunu görənlər istiqaməti daha yaxşı müəyyənləşdirirlər. Bu, eyni zamanda həmin yolu geri qayıdanlar üçün çox önəmli faktordur.
6. Yerlərlə bağlı xatirələriniz olsun
Məsələn geri döndüyünüz zaman həmin yolu xatırlamağınız üçün oradan keçərkən kimləsə etdiyiniz söhbət və ya dinlədiyiniz musiqi köməyinizə gələ bilər. Beləliklə, geri dönərkən həmin yeri xatırlamaq daha asan olur.
7. Foto çəkin
Bir səyahəti təkrarlayacaqsınızsa, getdiyiniz yerlərdə bolluca foto çəkdirin və daha sonra həmin fotoları diqqətlə izləyin. Araşdırmalar göstərir ki, belə məsələlərdə fotolar videodan daha effektlidir.
8. Səyahətinizi beyninizdə yenidən canlandırın
Bir yerə səyahət etmisinizsə sonradan gün ərzində etdiklərinizi, keçdiyiniz yerləri düşünün. Bu sizin zehninizi gücləndirəcək və informasiyanın daha yaxşı yaddaşınıza həkk olunmasına yardımçı olacaq.
Bütün bunlara baxmayaraq yenə getdiyiniz yeri xatırlamır və ya gedəcəyiniz ünvanı tapa bilmirsinizsə, o zaman telefonunuzda olan müxtəlif naviqasiya proqramlarına daxil olun. Lakin bu proqramlardan nə qədər çox istifadə etsəniz, təbii istiqamət müəyyənləşdirmə bacarığınız bir o qədər azalacaq.