UNİVERSİTETLƏRDƏ  TƏHSİL HAQLARI DƏHŞƏTLİ MƏBLƏĞDƏ, REKTORLAR OLİQARXA ÇEVRİLİB – EKSPERTDƏN  ŞƏRHbackend

UNİVERSİTETLƏRDƏ TƏHSİL HAQLARI DƏHŞƏTLİ MƏBLƏĞDƏ, REKTORLAR OLİQARXA ÇEVRİLİB – EKSPERTDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Azərbaycanda ümumi təhsil haqları region ölkələrə baxanda olduqca çoxdur”

Bunu TİA.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, universitetlər təhsil haqlarında endirim etməlidirlər:
“Hazırda ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi, 54-dən çox orta ixtisas təhsil müəssisəsi var. Bunların hər birində təhsil haqqı müxtəlifdir. Mövcud Azərbaycan əhalisinin real gəlir imkanlarını nəzərə alanda da illik təhsil haqları çoxdur. Biz ən azı qonşu ölkələrlə müqayisə apardığımız zaman hətta Rusiyanın universitetlərindən belə bizdə təhsil haqqı iki dəfə çoxdur. Biz deyə bilmərik ki, bunun səbəbi yüksək təhsil keyfiyyətidir. Çünki bizim təhsilin keyfiyyəti ən azı Türkiyə universitetlərinin səviyyəsində deyil.

Bildiyimiz kimi, özəl universitetlərdə təhsil haqqı daha çoxdur. Elə özəl universitetlər var ki, qiymət 4500-5000 həddindədir. Yaxud dövlət universitetlərindən eləsi var ki, orda təhsil haqqı 6500 manatdır. Bəzilərində hətta 8000 həddinə qalxa bilir. Bütün bunlar Nazirlər Kabinetinin müvafiq qərarı əsasında tənzimlənir. Bu məsələdə Azərbaycan vətəndaşlarının orta aylıq əmək haqqı nəzərə alınsa, yaxşı olar. Qeyd edim ki, faktiki təhsil alanların içərisində cəmi yüz min altmış nəfər var ki, onlar dövlət sifarişi ilə təhsil alır. Bu isə ümumi təhsil alanların sayının böyük qismi deyil. Əlbəttə, ümumi təhsil haqları region ölkələrə baxanda olduqca çoxdur. Düşünürəm ki, bununla bağlı tənzimləmə mexanizmi yaradılmalıdır. Universitetlər özləri də təhsil haqlarında endirim etməlidirlər. Bilirsiniz ki, dövlət başçısı tərəfindən tələbə -təhsil krediti fondunun yaradılması ilə bağlı müvafiq sərəncam imzalandı və həmin fond yaradıldı. Sırf ödənişli əsaslarla təhsil alan tələbələrə kreditlərin verilməsinə başlanıldı.
Müşahidə etdiyimiz dövr ərzində onu deməyə əsas verir ki, hər bir tələbə təhsil haqqını ödəyə, krediti ala bilmir. Belə olan halda isə tələbə təhsilini dayandırmalı olur”.

TİA.Az