Umayra Tağıyeva: “Güclü külək Bakıya qar yağışını əngəllədi”backend

“Bu günlərdə ilk dəfə, nəhayət, qış özünü göstərdi. Demək olar, bütün ölkə, bəzi yerlərdə isə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı”.

TİA.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə hava uşaqlara sevinc gətirəcəkdi, lakin saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq yaxın rayonlarda müşahidə olunan yaxşı qarın Bakıya yağmasını əngəllədi:

“Bu gün axşamadək arabir saniyədə 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru külək tədricən səngiyəcək. Fevralın 11-də gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq.

Əksər rayonlarda qar yağışı kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının, əsasən, cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”.