Ukraynanın Poltava şəhərindəki Azərbaycan diasporunun üzvləri Prezidentə təbrik məktubu göndərdibackend

Ukraynanın Poltava şəhərindəki Azərbaycan diasporunun üzvləri Prezidentə təbrik məktubu göndərdi

Ukraynanın Poltava şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu təqdim edirik:

“Cənab Prezident , Ali Baş Komandan!

Sizin rəhbərliyiniz ilə bu gün şanlı ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi.

Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar, şanlı gün münasibəti ilə təbrik edirik!

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə Şuşanın düşmən işğalından azad edilməsi kiçikdən-böyüyə hər kəsi sevindirdi.

Ali Baş Komandan olaraq qürur mənbəyi olan ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər bugünkü Qələbəmizi təmin edən əsas səbəblərdir!

Bu ilin il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın müzəffər ordusu hərbi əməliyyatları sizin başçılığınızla uğurla davam edir.

İnşallah Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək.

Bu mübarizədə həmişə Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və sizi dəstləkləyirik! Sizin tövsiyələrinizə uyğun olaraq, hər zaman həqiqətləri təbliğ etmək, dövlətimizin haqq səsini dünyaya çatdırmaq Azərbaycan diasporunun fəaliyyətinin prioritetini təşkil edib.

İşğal altında olan hər qarış torpaqlarımızın, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz qətiyyətə görə Sizi və Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirik.

Yaşasın Azərbaycan!

Yaşasın şanlı Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

8 noyabr, 2020-ci il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki