Ukraynadakı Ticarət Evi-miz dövlətə kələk gəlir? – Kiyevdə “Made in Azerbaijan” brendi ətrafında qurulmuş oyunlar…backend

Ukraynadakı Ticarət Evi-miz dövlətə kələk gəlir? – Kiyevdə “Made in Azerbaijan” brendi ətrafında qurulmuş oyunlar…

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər sırasında xarici ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması xüsusi yer tutur. Ticarət evlərinin yaradılması ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsi xüsusunda böyük əhəmiyyətə malikdir. Bu günə qədər 5 ölkədə Azərbaycan Ticarət Evi yaradılıb ki, onlardan biri də Ukraynanın paytaxtı Kiyevdədir. Lakin çox təəssüf ki, 2018-ci ilin iyun ayında təntənəli şəkildə açılışı olmuş ticarət evinin bu vaxta qədərki fəaliyyətində yuxarıda qeyd olunan istiqamətlər üzrə səmərəli nəticələr müşahidə olunmur.
Ümumiyyətlə, 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Kiyevdəki Azərbaycan Ticarət Evinin konkret olaraq hansı işlər gördüyü, iki ölkə arasında ticari əlaqələrin inkişafına hansı töhfələr verdiyi məlum deyil. Ortada hesabat adına heç nə olmadığından hazırda Ukrayna bazarında Azərbaycan məhsullarının hansı mövqelərə sahib olduğunu müəyyən etmək çox çətindir. Müşahidələrə və Ukraynanın ticarət obyektlərindəki vəziyyətlə bağlı məlumatı olan soydaşlarımızın dediklərinə əsaslandıqda, deyə bilərik ki, bu ölkədə “Made in Azerbaijan” brendinin təşviqilə bağlı görülən işlər ürəkaçan deyil. Hazırda Ukraynanın iri və xırda ticarət nöqtələrindəki rəflərdə boy verən məhsullar sırasında Azərbaycan istehsalı olan mallara nadir hallarda rast gəlinir ki, bu da dövlətin müəyyən etdiyi hədəflərə çatmaq üçün yetərli deyil. Elə isə sual olunur: Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərməli olan, məhsullarımızın Ukraynada satışını təşkil etmək, bu sahədə əlaqələndirməni həyata keçirmək kimi vəzifələr daşıyan Azərbaycan Ticarət Evi iki il ərzində nə işlə məşğul olub? Bu suala cavab axtarmaq məqsədilə balaca bir araşdırma apardıq. Gəlin əvvəcə sözügedən ticarət evi ilə bağlı rəsmi məlumatla tanış olaq:
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 m²-ə yaxındır. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir”.
Yeri gəlmişkən, açılış mərasimində çıxış edən o zamankı iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Ticarət Evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqi baxımından əhəmiyyətli rol oynayacağını qeyd etmişdi. Hörmətli Şahin müəllim əslində öz çıxışında dövlətin gözləntilərini dilə gətirmişdi və haqlı olaraq ticarət evinin qeyd olunan xüsuslarda uğurlu fəaliyyət göstərəcəyinı əminliklə ifadə etmişdi. Lakin görünür dövlətin qurub yaratdığı və nəticə əldə etmək üçün kifayət qədər geniş imkanlara malik olan ticarət evini idarə edəcək şəxslərin, bu iş üçün nə dərəcədə uyğun olması kimi vacib məqamlara lazımi diqqət yönəldilməyib… Hər halda, Ukraynadakı Ticarət Evinin bügünkü miskin durumunun məsuliyyəti bilavasitə idarə edən komandanın üzərindədir.
Diqqət edin, Ukraynadakı Azərbaycan Ticarət Evinin bu vaxta qədər rəsmi internet saytı yaradılmayıb. Hər halda axtarış sistemlərində sayta oxşayan heç nə tapılmır. Yalnız Facebook səhifəsi ilə rastlaşdıq ki, orada da “Made in Azerbaijan” brendinin təşviqinə dair “dişə vurulası” normal bir informasiya gözə dəymir. Səhidəfə sonuncu paylaşım iyulun 20-də olub – 1 ay əvvəl. Ümumiyyətlə, səhifəyə nəzərə saldıqda açıq şəkildə görünür ki, sistemli fəaliyyət yoxdur. Bu ilin ilk 5 ayı ərzində səhifədə heç nə paylaşılmayıb. Yalnız iyun və iyul aylarında bir neçə xəbər qoyulub. Bir-iki xəbərin paylaşım tarixi 2019-cu ildir. Səhfədə əsasən 2018-ci ildə ardıcıl şəkildə xəbərlər paylaşılıb ki, onların də çox hissəsi keçmiş səfir Azər Xudiyevin müsahibələridir… Bir neçə paylaşım da Ticarət Evinin rəhbəri Daşqın Əhmədovun Azərtac-a və “Respublika” qəzetinə verdiyi eyni məzmunlu müsahibələri ilə bağlıdır. D.Əhmədov müsahibələrində qeyd edir ki, Ticarət Evi olaraq Ukraynanın bir sıra market şəbəkələrində yerli məhsullarımızın satışını təmin etmək üçün razılaşmalar əldə olunub. O da vurğulanır ki, Azərbaycan istehsalı olan məhsulları bu ilin sonunadək Ukraynanın böyük market şəbəkələrinin vitrinlərində görə biləcəyik. İlk baxışdan təəccüb yaradacaq heç nə yoxdur, ticarət evinin rəhbəri qarşıdakı planlardan danışır. Amma elə həmin Facebook səhifəsində 2018-ci il oktyabrın 9-da yayınlanmış videomaterialda (AzTV-nin reportajı) Daşqın Əhmədov qeyd edir ki, Ticarət Evi fəaliyyətə başlayandan qısa müddət sonra Azərbaycan məhsullarının Ukrayna bazarlarında satışını təşkil etmək üçün müvafiq lisenziya və sertifikatlar alınıb. Bundan başqa, videomaterialda o da vurğulanır ki, Ticarət Evi iri market şəbəklələri ilə müqavilələr də imzalayıb. Üstündən iki il keçib, Daşqın Əhmədov deyir ki, lisenziyalar almışıq, marketlərlə razılıq əldə etmişik və ilin sonunadək məhsullarımız Ukrayna marketlərində olacaq. Yaxşı, 2018-ci ildə lisenziyalar alınmışdısa, mağazalarla müqavilələr imzalanmışdısa, bu vaxta qədər niyə məhsullarımız marketlərdə satışa çıxarılmayıb? Lisenziya və sertifakatlar hələ indi alınıbsa, marketlərlə razılaşmalar, deyildiyi kimi, bu günlərdə əldə olunubsa, onda 2018-ci ildə kimi aldadırdılar? Bu, dövlətə kələk gəlmək deyilmi?..
D.Əhmədov bir ay əvvəl verdiyi müsahiblərdə Ukraynadakı iş adamlarımızı əməkdaşlığa, birgə fəaliyyətə də çağırıb: “Mən buradan üzümü azərbaycanlı iş adamlarına, xüsusilə istehsal müəssisələri rəhbərlərinə və sahibkarlara tutaraq demək istəyirəm ki, istehsal etdiyiniz məhsulların Ukrayna bazarına çıxarılması üçün onlara yaradılmış imkanlardan maksimum istifadə etsinlər. Düşünürəm ki, yaradılmış ticarət platforması azərbaycanlı iş adamları üçün bir fürsətdir”. Maraqlıdır, hansı platformadan, hansı imkanlardan və hansı fürsətdən söhbət gedir? İki il əvvəl AzTV-yə verilmiş müsahibədə də D.Əhmədov iş adamlarımızı “yaradılmış imkanlardan” istifadə etməyə çağırmışdı. Kimsə bu çağırışa səs verdimi? Kimsə öz məhsulunu Ticarət Evi vasitəsilə hansısa marketdə satışa çıxarmağa müvəffəq oldumu? Yox əlbəttə! Çünki ortada quru sözlərdən, AzTV üçün deyilən bəzəkli cümlələrdən başqa heç nə olmayıb!
Ticarət Evinin Facebook səhifəsində ümumi fəaliyyətə, yəni iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin stimullaşdırılması və keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukraynada təşviqinə dair hansı işlərin görüldüyünə dair ciddi bir məlumata rast gəlinmir. Bu illər ərzində yalnız bir neçə sərgi barədə xəbərlər yayımlanıb. Ukraynalı alıcı üçün bu səhifədə ümumiyyətlə heç nə yoxdur! Materiallar ukrayn dilində yayımlanmır. Məhsullarımız barədə heç bir məlumat verilmir. Bəs yaxşı, hanı 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar? Bunların fotolarını paylaşmaq bu qədərmi çətindir? Alıcı məhsullarla necə tanış olsun? Haradan, hansı resurslardan öyrənsin ki, Azərbaycandan Ukraynaya hansı məhsullar gəlir? Elektron ticarət sahəsində dünyada milyardlarla dollar dövr etdiyi bir vaxtda, Ukraynadakı Azərbaycan Ticarət Evinin rəsmi saytı belə yoxdursa, sosial şəbəkədəki səhifəsində “yel əsib, yengələr oynayırsa”, Azərbaycan dövləti Ukraynanın biznes mühitində təsirli mövqelərə necə sahib olacaq? Məhsullarımızı ukraynalılara necə tanıdacağıq? Axı dövlət vəsait xərcləyib, konkret hədəflər müəyyənləşdirib, Prezidentin böyük gözləntiləri var, Daşqın Əhmədov və EV-dəki digər adamlar ümidləri hansı yolla doğruldacaqlar? Bu vaxta qədər hansı işlə məşğul olublar, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində hansı nəzərəçarpacaq addımlar atılıb?..
İki ildir yaradılmış Ticarət Evinin rəhbəri Daşqın Əhmədov iyunun 19-da AZƏRTAC-da verdiyi açılamada deyir ki, yeni inkişaf strategiyası reallaşdırmağa start veriblər. Bu iki ildə hansı strategiya üzərində iş aparılıb ki, indi yeni strateji xəttə keçid alıblar? Açıqlamanı diqqətlə nəzərdən keçirdik ki, görək bu yeni strategiya nədən ibarətdir? 2018-ci ildə verilmiş müsahibələrdəki fikirlərin təkrarından başqa heç nə gözümüzə dəymədi. Daşqın Əhmədovdan soruşuruq: Yeni strategiyanın konturları nədən ibarətdir? Qotur Facebook səhifənizlə nəyə, hansı uğurlara ümid edirsiniz? Hanı sizin fəaliyyət proqramlarınız? Hanı sizin menecment işiniz? İki illik fəaliyyətinizə dair hesabatlarınız niyə yoxdur? Dediyiniz iri market şəbəkələri ilə bağlanmış müqavilələrlə haradan tanış olaq?.. Necə müəyyən edək ki, Ukraynadakı Azərbaycan Ticarət Evi təkcə çaxırlarımızın dekustasiya ünvanı deyil?..
İlkin araşdırmalarımız göstərir ki, Ukraynadakı Azərbaycan Ticarət Evinin fəaliyyəti daha dərindən araşdırılmalıdır. Müəyyən məlumatlar var ki, bu ticarət evində Azərbaycan mətbuatına ötürmək üçün müəyyən dezinformasiyalar hazırlanır, diaspor fəallarına qarşı məkirli planlar qurulur, səfirliyimizin yeni rəhbərliyi ilə diaspor təşkilatları arasında isti münasibətlərin yaranmaması üçün təxribatçı əməllərin konturları cızılır və bütün bunların hamısının əsas iştirakçısı kimi kamerası alindən alınmış sabiq AzTV əməkdaşının adı çəkilir. Mənbələr iddia edirlər ki, Ticarət Evi Ukraynadakı məşhur dəstənin yeni yuvasına çevrilib. Odur ki, növbəti yazımızda, sadaladığımız məsələlərə, deyilənlərin nə dərəcədə doğru olduğuna və Ticarət Evinin Ukrayna ilə Azərbaycan arasındakı ticari əlaqələrdə rolunun hansı səviyyədə olmasına aydınlıq gətirməyə çalışacağıq. Bizim üçün çox maraqlıdır, Ukraynadakı Ticarət Evi-miz bir neçə nəfərin şəxsi mənafeyinə xidmət edir, yoxsa dövlətin maraqlarına?..
Bizi izləyin. Ardı olacaq…
Missiya.Az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki