Ukraynada Nizaminin heykəli ucaldılırbackend

Ukraynada Nizaminin heykəli ucaldılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqin böyük filosofu və Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti alicənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir.

Dövlət başçımızın sərəncamından irəli gələn vəzifələrin həlli məqsədilə ölkəmizdə və dünyada müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Belə silsilə tədbirlərdən biri də Ukraynanın Xarkov şəhərində baş tutacağı gözlənilir. Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri Konsulluğunundan verilən xəbərə görə, Xarkovda Nizami Gəncəvinin abidəsinin ucaldılması ilə bağlı məsələ Xarkov Şəhər Administrasiyası ilə tam razılaşdırılıb, Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulu Əfqan Salmanovun və Xarkov şəhərinin baş memarı – Xarkov Şəhər Şurası Şəhərsalma və Arxitektura Departamentinin rəhbəri Tatyana Polivanovanın və iştirakı ilə abidənin ucaldılacağı yer artıq seçilib, ərazidə abadlaşdırma işlərinə start verilib.

Nizami Gəncəvinin heykəlinin müəllifi məşhur Azərbaycan heykəltəraşı, Ukraynanın Xalq rəssamı, Beynəlxalq Repin Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Fəxri incəsənət xadimi Katib Məmmədovdur.

Ukraynanın ən iri şəhərlərindən biri olan Xarkovda reallaşdırılan bu möhtəşəm layihənin maliyyə xərcləri tamamilə Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri Konsulluğu tərəfindən ödənilir. Bütövlükdə abidənin hazırlanması, onun quraşdırılacağı yerin və ətraf ərazinin abadlaşdırılması işlərini ehtiva edən layihənin smeta dəyəru təxminən 105 min ABŞ dolları təşkil edir.

Nizami Gəncəvinin heykəlinin açılışı Xarkov şəhərinin alman faşist işğalından azad olunduğu günün bayram edilməsi çərçivəsində, 23 avqust 2021-ci il tarixinə planlaşdırılır.

Aytəkin ALXASLI