“Üfunət, natəmizlik ucbatından yaşaya bilmirik”-FOTObackend

“Üfunət, natəmizlik ucbatından yaşaya bilmirik”-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Havaların isinməsi ilə əzablı günlərimiz də başlayır. Üfunət iyindən qapı-pəncərəni açıq qoya bilmirik. Bir tərəfdən həşəratlar, bir tərəfdən zibilə yığılan sahibsiz it-pişiyin əlindən bezmişik”.

Bunu Meydan TV-yə Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında – Naxçıvani küçəsində yaşayan Fərid Babayev bildirib. Onun sözlərinə görə, gecələr tullantılar binaların həyətinə atılır, üstəlik sahibsiz heyvanlar zibilləri bloklara qədər daşıyırlar.

Sahibsiz heyvanlar zibilləri bloklara qədər daşıyırlar

“Bazarın səs-küyü azmış kimi natəmizlikdən də boğaza yığılmışıq. Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə, bazar rəhbərliyinə şikayət etmişik, ancaq bir nəticəsi olmayıb. Hətta əvvəllər gecələr növbə ilə keşik çəkirdik ki, tullantıları həyətə, binanın yan-yörəsinə atmasınlar. Bir az külək olan kimi salafan torbalar göydə uçuşur”,-şikayətçi deyib.

Digər şikayətçi Nailə Məmmədova isə bildirib ki, binaların həyəti hər gün səhər tezdən süpürülür, tullantılar daşınır. Amma təmizlik bir-iki saat çəkir:

“Daha çox maşınlarla mal gətirib satanlar, gecəni bazarda keçirənlər tullantıları ətrafa atırlar. Mal-qara kəsilir, başı küçəyə qoyulur, qanı küçəyə axıdılır. Balığın içalatı təmizlənir, çirkabı küçəyə axıdılır. Küləkli havada evdə oturmaq mümkün olmur. Kəsilmiş inək-qoyunun başını küçədə saxlamaq da doğru deyil, uşaqlara pis təsir edir”.

“Bir az külək olan kimi salafan torbalar göydə uçuşur”

Sakinlər deyiblər ki, bazara alverə gələnlərin əlindən maşın saxlamağa həyətlərdə yer də tapılmır. Dəfələrlə bunun üstündə davalar olub. Çarə kimi həyətlərə girişi bağlayırlar, ancaq bu dəfə də özləri əziyyət çəkirlər.

“Bazarda yanğın, yaxud yaxınlıqda tədbir olanda, vəzifəli şəxslərdən birinin yolu bu tərəflərə düşəndə bir neçə saatın içərisində qayda-qanun yaradılır. Biz demirik ki, bazar bağlansın, insanlar bir tikə çörəkdən məhrum olsunlar. İstəyimiz qayda-qanunun yaradılmasıdır, küçə ticarətinə əncam çəksinlər. Axı, yüzlərlə sakin natəmizlikdən xəstəlik tapır. Öz evimizdə istirahət edə bilmirik. Hələ üstəlik yaxınlıqda uşaq bağçası yerləşir, azyaşlılar həyətə çıxıb oynayırlar”, – Nailə Məmmədova deyib.

“Hələ üstəlik yaxınlıqda uşaq bağçası yerləşir, azyaşlılar həyətə çıxıb oynayırlar”

Nizami Rayon İcra Hakimiyyətindən deyiblər ki, tullantıların vaxtlı-vaxtında daşınması ilə bağlı problem yoxdur. Sakinlərdən şikayət daxil olubsa, araşdırılıb tədbir görüləcək. Bazar rəhbərliyindən isə suallara cavab almaq mümkün olmayıb.