Tribuna İnformasiya Agentliyi

TURİZM ŞİRKƏTİNDƏN DİLİMİZƏ HÖRMƏTSİZLİK

27 Aprel

TİA.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi Rəcəb Həsənbəyov turizm şirkətindən şikayətini bildirib.  

TİA.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi Rəcəb Həsənbəyov turizm şirkətindən şikayətini bildirib. 
Belə ki, R.Həsənbəyov Qalaltıda dincəlmək üçün turzim şirkətinin səhifəsində turlar haqqında məlumat almaq istərkən, azərbaycan dilində məlumat tapa bilməyib. Məlumat yalnız ingilis dilində yazılıb.  

“ Şikayətim Bag Baku turizm şirkətindəndir. Gördüyünüz kimi tədbiri tamamilə ingiliscə paylaşıblar. Azərbaycan Respublikasının dil haqqında qanununu əsas göstərərək çox mədəni və əsaslı şəkildə öz dilimizdə də eyni məzmunu yazmaqlarını istədim. Əvəzində isə məni blok etdilər.  Potensial müştərinin haqlı istəyinə əməl etməyib, əksinə blok edənləri qınayıram. Belə xidmət göstərən şirkətlər çoxdur ölkəmizdə. Heç kim onları tam bizim dilimizdə xidmət etməyə məcbur etmir, lakin xarici dillə yanaşı bizim dilimizdə də xidmət göstərməlidirlər. Bu ölkədə heç kəs xarici dil bilmək məcburiyyətində deyil, ancaq xidmət göstərən hər kəs bizim dilimizi də bilməlidir”.

 

Qeyd edək ki, bu şirkət daha çox xarici turistlərə yönəlmiş xidmətlər göstərirdiyinə görə, daha çox ingilis dilində yazılar verir. Onlar xarici vətəndaşları bir araya gətirərək, onları Azərbaycanın müxtəlif  rayonları ilə tanış edirlər.

Doğrusu, alternativ şirkətlər olsa da, bu ölkənin vətəndaşı olaraq bu turdan yararlanmaq istəyənlər  xarici dili mütləqmi  bilməlidir? Məhz buna görə də dil haqqında qanunun 7.1-ci Maddəsii kobud surətdə pozurlar.

Qanunda yazılıb ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Turizm eksperti Bahadur Bilalov TİA.AZ-a bildirdi ki,  ölkə daxilində bütün reklamlar ana dilində olmalıdır:  “Amma gəlin belə deyək, ölkədə kifayət qədər turizm şirkətləri var ki, Bag Bakunun təqdim etdiyi turları təklif edir. Müştərilər Bag Bakını baykot edib, onlara müraciət etməyə bilərlər. Burda bir nüans da var ki, turizm şirkəti deyə bilər ki, mən ümumiyyətlə yerli turistlərlə işləmirəm. Ona görə elanımı xarici dildə verirəm. Hər bir sahibkarlıq subyekti-bizim halımızda turizm şirkəti müştərilərini özü seçir. Bazarın hansı seqmenti ilə işləyəcəyinə özü qərar verir. Onu heç kim məcbur edə bilməz ki, mütləq yerli turistlərlə işləsin və ya əksinə hərəkət etsin”.

İlahə