Türk lirəsinin ucuzlaşması Azərbaycanla ticarətə ciddi təsir etməyəcəkbackend

Türk lirəsinin ucuzlaşması Azərbaycanla ticarətə ciddi təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert: “Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq”

Türkiyənin milli valyutası olan lirə son günlərdə kəskin məzənnə itkisi yaşayıb. Belə ki, iki gün əvvəl 9 lirəyə qədər bahalaşan dollar oktyabrın 13-də  artımı davam etdirərək 9,2 lirəyə çatıb. Lirənin məzənnə itirməsinin əsas səbəbləri kimi Türkiyə Mərkəzi Bankının sentyabrın 23-də uçot dərəcəsinin  19 faizdən 18-ə endirilməsi, həmçinin Suriyada yeni və geniş hərbi əməliyyatların olacağına dair məlumatlardır.

Bundan əlavə, prezident Rəcəb Təyyub Ərdoğanın Mərkəzi Bankın 3 yüksək vəzifəli şəxsini vəzifədən azad etməsi də maliyyə sektorunda təşviş doğurub. Vəzifədən alınanlar arasında uçot dərəcəsinin endirilməsinin əsas əleyhdarlarından olan Uğur Namiq Küçük də var. Küçük və bir çox ekspertlər uçot dərəcəsinin dəyişilməz qalmasını təklif edirdilər. İki gün əvvəl Mərkəzi Bankın rəhbəri Şahab Kavcıoğlunu qəbul edən Türkiyə prezidenti maliyyə sistemindəki mövcud vəziyyəti müzakirə edib. Kadr dəyişiklikləri qərarı da bu müzakirədən sonra verilib.

Lirə yalnız dollar deyil, digər valyutalar qarşısında da dəyər itirir. 2021-ci ilin ötən dövründə lirə avro qarşısında 18 faiz, rubl qarşısında 24,6 faiz, Çin yuanı qarşısında 22,1 faiz, Tayvan dolları qarşısında 21,45 faiz, HonqKonq dolları qarşısında isə 19,88 faiz dəyər itirib.

Milli valyutanın dəyərsizləşməsi Türkiyədə inflyasiyanın sürətlənməsi ilə müşayiət olunmaqdadır. Türkiyə Statistika Orqanının məlumatına görə, sentyabr ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,25 faiz, 2020-ci ilin sentyabrı ilə müqayisədə isə 19,58 faiz artıb.  Bu ilin ikinci rübündə rüblük inflyasiya 16,98 faizə çatıb. Ən çox bahalaşma 28,29 faizlə ərzaq və alkoqolsuz içkilərdə, 23,27 faizlə məişət əşyaları, 23,27 faizlə hotel və restoranlarda qeydə alınıb. Ən az bahalaşan isə 1,8 faizlə alkoqollu içkilər və tütün,  4,99 faizlə rabitə, 7,32 faizlə geyim və ayaqqabıların qiymətində müşahidə olunur.

Sentyabrda inflyasiyanın sürətlənməsinin əsas  səbəbi kimi enerjidaşıyıcıların, xüsusilə də qaz və ona bağlı elektrik enerjisinin qiymətindəki rekord bahalaşma çıxış edir. İnflyasiya və milli valyutanın dəyərsizləşməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı bu il dünyada ən yüksək artım nümayiş etdirən iqtisadiyyatlardan biridir. Türkiyə Statistika Orqanının məlumatına əsasən, 2021-ci ilin ikinci rübündə ölkədə istehsal olunan ümumi daxili məhsul illik ifadədə 21,7 faiz artıb. Bu, 1999-cu ildən bəri ən yüksək göstəricidir. Bu nəticə aprel-may aylarında ölkədə koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan məhdudlaşdırıcı tədbirlər şəraitində əldə olunub.

Türk lirəsinin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA |  KONKRET

İkinci rübdəki iqtisadi artım səviyyəsinə görə Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr arasında Böyük Britaniyadan (22,2 faiz) sonra ikinci yeri tutub. Artımın əsas hərəkətverici qüvvəsi kimi xidmətlər sektoru çıxış edib – 45,8 faiz. Ardınca 40,5 faizlə sənaye, 25,3 faizlə rabitə sektorları gəlir. Ölkədə ev təsərrüfatlarının istehlakı illik müqayisədə 22,9 faiz artıb.

Bu ilin avqust ayında turizm sektorunun kəskin artan gəlirləri hesabına Türkiyənin tədiyə balansının cari əməliyyatlar hesabında 528 milyon dollarlıq profisit yaranıb. Türkiyə Mərkəzi Bankının məlumatına görə, ölkənin cari əməliyyatlar hesabında buna qədər ardıcıl doqquz ay defisit qeydə alınıb. Sonuncu dəfə cari ilin iyul ayında cari əməliyyatlar hesabının kəsiri 923 milyon dollar təşkil edib. Ötən ilin avqust ayında isə cari əməliyyatlar hesabının defisiti 4,07 milyard dollara bərabər idi.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatının perspektivləri ilə bağlı beynəlxalq təşkilatlar kifayət qədər yüksək gözləntilərə malikdirlər. Belə ki, İƏİT-in sentyabrda açıqlanan aralıq hesabatında Türkiyə 2021-ci ildəki iqtisadi artıma dair proqnozunu 2,7 bənd artıraraq 8,4 faizə çatdırıb. Bununla da Türkiyə 2021-ci ildə təşkilata üzv dövlətlər arasında iqtisadi artıma görə liderliyə yüksələcək, “Böyük İyirmilik”də isə Çin və Hindistandan sonra 3-cü olacaq. Təşkilat gələn il qardaş ölkədə 3,1 faiz iqtisadi artım gözləyir.

Beynəlxalq Valyuta Fondu da Türkiyə iqtisadiyyatı barədə müsbət gözləntilərə malikdir. Fond bu ölkədəki iqtisadi artım proqnozunu 2021-ci il üçün 5,8 faizdən 9 faizə qədər artırıb. 2022-ci ildə isə fondun gözləntisi 3,3 faiz təşkil edir.

Dünya Bankı Türkiyədə cari ildəki iqtisadi artım proqnozunu 5 faizdən 8,5 faizə, Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi 7,9 faizdən 9,2 faizə qaldırıb. Agentlik  gələn il Türkiyədə 3,5 faizlik, 2023-cü ildə 4,5 faizlik iqtisadi artım proqnozlaşdırır.

Standard & Poor’s (S&P) agentliyinin sentyabrın 28-də açıqlanan hesabatında Türkiyədə bu ilin yekununda 6,1 faiz deyil, 8,6 faiz iqtisadi artıma nail olunacağı qeyd edilir. Gələn il üçün proqnoz isə 3,3 faizdir.

Türkiyə lirəsinin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - Sozcu.az

Moody’s isə 2021-ci ildə ölkədəki iqtisadi yüksəliş proqnozunu 5 faizdən 6 faizə, gələn ilki proqnozunu isə 3,5 faizdən 3,6 faizə yaxşılaşdırıb.

Türkiyə iqtisadiyyatı ilə bağlı gözləntilərini müsbət yöndə dəyişən yalnız maliyyə təşkilatları və reytinq agentlikləri deyil. Dünyanın tanınmış investisiya bankları da ölkə üzrə proqnozlarını müsbətə doğru dəyişirlər. Onların arasında Türkiyə iqtisadiyyatının 2021-ci ildəki inkişafına dair ən yüksək rəydə olanı Unicredit bankıdır. Bu bank ölkənin cari ilə 9,7 faizlik artımla başa vuracağı qənaətindədir. Gələn il üçünsə Unicredit öz proqnozunu 3,5 faizdən 5,5 faizə qədər yüksəldib. ABŞ-ın ən böyük investisiya banklarından olan JPMorgan və Goldman Sachs da türk iqtisadiyyatının 2021-ci ildəki artım proqnozunu artırıblar. JPMorgan bu göstəricini 6,8 faizdən 8,4 faizə qaldırıb. Bank gələn ilki artım proqnozlarını dəyişməyərək 3,4 faiz həddində saxlayıb. Goldman Sachs isə bu il üzrə proqnozu 7,5 faizdən 9,5 faizə yüksəldib.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov

Türkiyə Azərbaycanın ən yaxın və strateji müttəfiqi olmaqla yanaşı, həm də ən böyük ticarət tərəfdaşlarından biridir. Bu baxımdan, qardaş ölkənin milli valyutasının məzənnəsindəki dəyişikliklər Azərbaycanda da ciddi izlənilir. Bu dəyişikliklər ölkəmizə necə təsir edə bilər? Lirənin ardınca manat da dəyərsizləşə bilərmi? İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməyəcək: “Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 faizə yaxını Türkiyə bazarına yönəlib.

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq.

Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyə ümumi qeyri-neft ixracatımıza təsir etməyəcək”.

Millət vəkili bildirir ki, Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər: “Nəticə etibarilə güman edilir ki, Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu, həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu, istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün Türkiyə iqtisadiyyatındakı proseslər təsirsiz ötüşmür. Bu, ilk növbədə Türkiyədə işləyən, təhsil alan vətəndaşlarımıza aiddir. Son aylarda Türkiyədə inflyasiyanın sürətlənməsi onlara bir sıra çətinliklər yaratmaqdadır. Xüsusilə Türkiyə universitetlərində təhsil alan tələbələr təhsil haqlarının, həmçinin yaşayış üçün mənzillərdə kirayə haqlarının artması səbəbindən çətinliklərlə üzləşirlər. Artıq bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır…

Dünya SAKİT,