Tribuna İnformasiya Agentliyi

Tramp Ərdoğanı təbrik etdi: Putin niyə susdu?

18 Aprel

Kreml həmişə elan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmır. Buna görə də Rusiya Federasiyası Prezidenti hələ ki, Prezident Ərdoğana zəng etməyib. 

Kreml həmişə elan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmır. Buna görə də Rusiya Federasiyası Prezidenti hələ ki, Prezident Ərdoğana zəng etməyib.

Bu sözləri rusiyalı analitik Oleq Kuznetsov ABŞ prezidentinin Türkiyədəki referendumla bağlı Prezident Ərdoğana zəng edərək onu təbrik etdiyi halda, Rusiya lideri Putinin bu addımı atmamasını Axar.az-a eksklüziv şərhində deyib. Politoloq bildirib ki, Türkiyədə keçirilən referendum xalqın gələcəkdə hansı formada idarə olunacağına qərar verən ölkənin öz daxili məsələsidir:

“Prinsipcə, belə məsələlər Kremli və Putini maraqlandırmamalıdır. Yalnız o halda Putini maraqlandıra bilərdi ki, referendumun keçirilməsi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına zidd olardı.

Referendumun konteksti dünya birgəyaşayış qaydalarına tam uyğundur və bu iki ölkə – Türkiyə və Rusiya Federasiyası – arasındakı münasibətlərə, Türkiyənin beynəlxalq aləmdəki mövqeyinə heç bir halda təsir göstərə bilməyəcək.

Bununla bağlı məndə tamamilə qanunauyğun və məntiqi sual yaranır: Putin Ərdoğana niyə zəng etməli idi? Axı bu suveren bir ölkənin daxili məsələsinə qarışmaq kimi yozula bilər. Məsələn, şəxsən məndə ABŞ Prezidenti Donald Trampın Ərdoğana zəng etməsi böyük bir təəccüb yaradır: Bu addımı ilə o, kimə və nəyi nümayiş etdirmək istəyirdi? O, necə Türkiyənin daxili vəziyyətinə müdaxilə edə bilər? Məncə, heç cür.

Əgər ABŞ və Rusiyanın imperiya ambisiyalarının olub-olmaması haqqında danışırıqsa, Trampın zəngi açıq-aydın Birləşmiş Ştatlarda bu ambisiyaların mövcudluğunu göstərdi, halbuki Putinin zəng etməməsi Moskvanın sadiqliyini və başqa ölkələrin daxili işlərinə qarışmadığını təsdiqlədi”.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti ATƏT-in ilkin hesabatında “Türkiyədə seçkilər Avropa Şurası standartlarına uyğun keçmədi” tipli açıqlamasını əsas gətirərək, müttəfiq ölkəni təbrik etmədiklərini və ATƏT müşahidə missiyasının son hesabatını gözlədiklərini rəsmən bəyan etdi. Bunun ardınca isə ABŞ Prezidenti Donald Trampın Türkiyə liderinə gözlənilməz zəngi beynəlxalq aləmdə maraqla qarşılandı. ATƏT-in ilk hesabatını nəzərə almayan və son hesabatı gözləməyən Tramp Ərdoğanı seçkilərin nəticələri ilə bağlı təbrik etdi.

Türkiyənin son bir ildə xüsusilə yaxınlaşdığı və kifayət qədər isti münasibətinin olduğu Rusiya lideri Putinin isə indiyə qədər Ərdoğana zən və təbrik etməməsi də suallar doğurdu.