Tribuna İnformasiya Agentliyi

Tramp dünya ilə “polad müharibəsinə” başlayır

10 Mart

ABŞ polad və alüminium idxalına gömrük rüsumlarını niyə artırıb?

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olan polad və alüminium barədə çoxdan gözlənilən qərarı qəbul edib. Beləliklə, ABŞ-a polad ixrac edən ölkələr 25 faiz, alüminium idxal edən ölkələr isə 10 faiz gömrük vergisi ödəyəcəklər.

Qeyd edək ki, Avropa Birliyi bu qərarın təsdiqlənəcəyi halda, ABŞ-a sanksiyaların nəzərdən keçiriləcəyini bildirmişdi. Tramp isə daha sərt açıqlama verərək, iqtisadi müharibəyə hazır olduğunu qeyd etmişdi.

Artıq bir çox ölkələrdən, əsasən də Avropa Birliyindən bu qərara neqativ yanaşmalar səslənməkdədir.

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Moqerini bildirib ki, Avropa Birliyi ABŞ-la ticarət müharibəsinə hazırlaşmır, ancaq ABŞ ticarət öhdəlikləri tələb edəcəyi halda cavab tədbirləri görməyə məcbur olacaq. Moqerini həmçinin Trampın hər hansı bir həmləsi qarşılığında cavab veriləcəyini qeyd edib

Yaponiya hökuməti isə ABŞ-ın polad və alüminium ixracına rüsumlar tətbiq etməsinə təəssüflənib. Çünki bu, yalnız yapon müəssisələrinə deyil, eyni zamanda, ABŞ ilə Dünya Ticarət Təşkilatı (DTT) arasında münasibətlərə də təsir göstərə bilər.

Ticarət tərəfdaşlarının reaksiyasını təhlil etmək məqsədi ilə ABŞ polad və alüminiuma dair idxal rüsumunu azı 15 gün tətbiq etməyəcək. İqtisadçı ekspertlər isə hesab edir ki, bu qərar dünyada böyük bir ticarət müharibəsinin başlanğıcı ola bilər.

Картинки по запросу ekspert Natiq Cəfərli

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, bu Trampın daxili istehsalçını qorumağa yönəlik siyasətidir, ancaq əks nəticə verməsi ehtimalı da böyükdür: “Amerikada daxili istehsalçılar xaricdən gətirilən polad və alüminium xammalının qiyməti ilə rəqabətdə uduzurdular. Yerli istehsalçılara dəstək olmaq üçün, iş yerlərinin artmasına yardımçı olmaq üçün Tramp belə bir addım atdı. Əslində isə nəticə etibarilə bu qərar istehlakçılara zərbə vuracaq. Gömrük rüsumlarının qalxması o deməkdir ki, bir müddət sonra mal və məhsulların qiyməti də qalxacaq. Bu isə gələcəkdə həmin xammaldan istifadə edən istehsal sahələrində qiymətlərin yüksəlməsinə səbəb olacaq. Bu zəncirvari reaksiyaya səbəb olacaq, həm də ticarət müharibələrinin yaranmasına səbəb olan amilə çevriləcək. Artıq başqa ölkələr də Amerika məhsullarına qarşı eyni addımları atmağı müzakirə edirlər. Bu gün Avropa ölkəsi olan Almaniyadan da belə bir xəbər gəldi ki, Amerikadan ölkəyə gətirilən bir çox xammalların gömrük rüsumları qaldırılsın. Bu yaxşı bir tendensiya deyil. Dünyada ticarət müharibələrinin heç zaman qalibi olmur, uduzan da hər zaman qlobal olaraq dünya istehlakçıları olur. Yəni hamımız uduzuruq. Bu müharibələr son nəticədə bütün dünyada qiymətlərin qalxmasına səbəb olur”.

İqtisadçının sözlərinə görə, bu qərar daxili auditoriyada trampın reytinqini artırsa da, son nəticə heç də ürəkaçan olmayacaq: “Düzdür, Trampın bu addımı ölkə daxilində onun populyarlığını artıracaq. Yerli istehsalçıların onun bu qərarını alqışlayırlar. O baxımdan ABŞ prezidentinin reytinqinə müsbət təsir göstərən bir qərardır. Ancaq dünyada ticarət müharibələrinin alovlanmasına da səbəb ola bilər ki, bir müddət sonra bundan Amerikanın digər istehsalçıları ziyan görə bilər. Polad və alüminium istehsalçıları bir müddət sonra digər sahələrdə istehsal etdikləri məhsulları Avropaya, Asiyaya, Çinə və digər ölkələrə ixracatında gömrük rüsumlarının artmasına görə istehsalı azaltmaq məcburiyyətində qalacaqlar. Bu, populist bir addımdır. Bir müddət sonra Amerika bununla bağlı dəyişikliklərə getməyə məcbur olacaq. Trampın bu qərarı verməkdə məqsədi daxili tələbatı yerli istehsal hesabına ödəməkdir. ABŞ prezidenti düşünür ki, bunun üçün potensial var, istehsalı artırmaq olar. Sadəcə xaricdən idxal olunan xammalın ABŞ-da satış qiyməti ucuz olduğu üçün, gömrük rüsumlarını artırmaq yolu ilə onları bahalaşdırmaq istəyir ki, daxili istehsal artsın. Belə bir mexanizm düşünülüb. Lakin bu zamana bağlı olan məsələdir. Polad və alüminium istehsalı elə bir sahədir ki, qərar verilən kimi effekt əldə etmək mümkün deyil. Bir müddət Amerikada polad və alüminiumdan xammal kimi istifadə edən istehsalçılar öz məhsullarının qiymətini artırmağa məcbur olacaqlar. O zaman amerikalı istehlakçılar da anlayacaq ki, bu qərar son nəticədə onların cibinə ziyan vurur”.