Toylarla bağlı daha bir VACİB AÇIQLAMAbackend

Toylarla bağlı daha bir VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gündən etibarən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.
TİA.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyi ictimai iaşə müəssisələrində monitorinqlərə başlayıb.
Monitorinqdə iştirak edən AQTA-nın şöbə müdiri Əkbər Əliyev bildirib ki, əsas məqsəd şadlıq saraylarında normalara əməl olunmasına nəzarət, işçilərin COVID-19 pasportunun olması, eləcə də qoyulan tələblərə riayət olunmasına nəzarət etməkdir.
Agentliyin şöbə müdiri Mansur Piriyev isə qeyd edib ki, sahibkarlar şənlik mərasimlərinin keçirilməsində toy sahibləri ilə əvvəldən aralarında imzaladıqları iltizam aktına əsasən məsuliyyət daşıyırlar:
“Elektron portala müraciət edən bəzi sahibkarlıq subyektləri zalların ölçüsünü nəzərə almadan sistemdə qeydiyyatdan keçməyə cəhd edirlər.
Bu isə əvvəlcədən sıxlıq normalarına əməl olunmaması məsələsinə zəmin yaratmış olur.
Buradan həmin sahibkarlara müraciət edərdim ki, Nazirlər Kabinetinin şənlik mərasimləri ilə bağlı qəbul etdiyi qərarında qeyd olunduğu kimi müraciət zamanı zalın ölçüsü və sıxlıq tutumu mütləq nəzərə alınmalı və qərarın icrası təmin edilməlidir”.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev xatırladıb ki, 50 nəfərədək olan şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska taxmaq mütləqdir:
“Amma 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur”.
DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil.
Açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir.
Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər”.
O həmçinin vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 manatadək məbləğdə cərimə edilir.