Toyların başlaması BAHALAŞMAYA SƏBƏB OLACAQ… – AÇIQLAMAbackend

Toyların başlaması BAHALAŞMAYA SƏBƏB OLACAQ… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabienti yanında Operativ Qərargahın son qərarına əsasən, iyulun 1-dən etibarən Azərbaycanda toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Azərbaycan iqtisadiyyatında müəyyən paya malik toy biznesinin yenidən fəaliyyəti bir-birilə bağlı müxtəlif xidmət və fəaliyyət sahələrini canlandıracağı proqnozlaşdırılır. Toyların xüsusilə gözəllik salonlarına, foto və videostudiyalara, tədbirlərin təşkililə məşğul olan şirkətlərə, həmçinin şadlıq saraylarında çalışanlara, nəhayətdə ərzaq bazarına təsirləri gözləniləndir. Toylarda aparıcı yeməklərin əsasını təşkil edən ət, meyvə-tərəvəz pandemiya vaxtı kifayət qədər ucuzlaşmışdı. Satıcılar tələbat olmadığından bazarda məhsull bolluğu yarandığını, bunun da faktiki olaraq qiymətlərə təsir etdiyini bildirirdilər. İndi isə restoranlar toylara hazırlaşır.

Bu barədə  danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, toyların uzun müddətdən sonra yenidən keçirilməsinə icazə verilməsilə bağlı ilkin addımlar istər ərzaq bazarında, istərsə xidmət sahələrində müəyyən canlanma yaradacaq:

“Foto və videostudiyalar, gözəllik salonları, kirayə geyim salonları və s. sahələrdə canlanma olacaq. Amma toy keçirmək üçün şərtlər o qədər sərtdir ki, hələlik kütləvi şəkildə toyların keçiriləcəyini düşünmürəm. Çünki şadlıq saraylarında say məhdudiyyətinə görə menyuda adambaşına qiymətlər xeyli dərəcədə artıb. İnsanların ödəniş qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq, bu o deməkdir ki, təklifdəki qiymətlərlə toy etmək istəyənlərin də sayı az olacaq. Yəni menyuda ən ucuz qiymətlər 50-60 manatdan başlayırsa, toya hər dəfə 100 manat “iştirak haqqı” ödəmək yükünü bəzi ailələr qaldıra bilməyəcəklər”.

Ekspert toyların ərzaq bazarına da müəyyən təsirləri olacağını istisna etməyib:

“Amma bunun qlobal səviyyədə olacağını düşünmürəm. Çünki dediyim kimi, zatən şərtlər toyların keçirilməsini əlçatan etmir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi qərarını verib.

Qərara görə, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

– 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu tələb olunmur.

– 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət Monitorinq qrupları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.