Toylar 100 manata qalxıb – NƏ BAŞ VERİR?backend

Toylar 100 manata qalxıb – NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan toy məclisləri yenidən start götürəcək. Məhərrəm ayı daxil olandan toy məclislərində fasilə yaranmışdı. Baxmayaraq ki, əsrlərin ənənəsini pozan ailələr də oldu. Məhz pandemiya səbəbindən. “Birdən karantin yenə sərtləşər, “uşağın” toyu yenə qalar”, deyib məhərrəmliyi gözardı edib toy çaldırdılar. Nə edəsən? Şəraitə uyğunlaşmaq lazım gəlir, bəzən. Doğrusu, Məhərrəm ayında toy edənlər çox da qınanmadı; vəziyyət məlumdur. Sabahdansa məhərrəmliklə yanaşı inanclı kəsim arasında ağır ay hesab edilən Səfər də başa çatır.

Bu isə o deməkdir ki, şadlıq saraylarının qapıları açılır. Karantin qaydalarının yumşaldığı iyul-avqust aylarında çatdırıb toy edə bilməyənlərin narazılığı isə qiymətlərin daha da bahalaşmasıdır. Əslində, burada da gözlənilməz, təəccüblü bir şey yoxdur. Zatən ölkədə hər gün nəyinsə qiyməti qalxır, bu öz yerində. O cümlədən toy qiymətlərinin də – yəni şadlıq sarayında adambaşı yerin qiymətinin böyük fasilədən sonra qalxması heç də təəccüblü deyil. Hətta “qanunauyğun” da sayıla bilər. Pandemiya dövrünün qara günlərində ən çox zərər çəkən ticarət sektoru, alış-veriş mərkəzləri və eləcə də toy sektoru oldu. Arada, müəyyən fasilələrlə kafelər, restoranlar açıldı, amma toy məclislərinə icazə verilmədi. Bu da şadlıq saraylarını əməlli-başlı ziyana saldı. İndi bu sahədə çalışan sahibkarların bir az çox gəlir əldə etmək istəməsinə də bu baxımdan normal yanaşıla bilər. Lakin məsələ həm də pandemiyadan zərər çəkən vətəndaşlardır. Vətəndaş da gəlir sahəsinin axsaması səbəbindən ziyana uğrayıb.

Bir sözlə, pandemiya hamıya təsir edib. Belə vəziyyətdə hamının bir-birini anlaması gərəkməzmi?

Bu arada istər böyük fasilədən əvvəl, istərsə də sonra pandemiya dövrünün tələblərini pozan şadlıq sarayları, restoranlar aşkarlandı və aşkarlanmaqda da davam edir. Yenə də sahibkarlar karantin qaydalarının pozulmasını dəymiş ziyanın ödənməsi ilə əlaqələndirməyə çalışır. Məsələn, icazə verilən 150 nəfərlik qonaqlığa daha artıq 200-250 nəfər dəvət edilir, şadlıq sarayı rəhbərliyi toy sahibinə “narahat olma, məsələni “həll eləmişik” deyir, amma görürsən ki, sahibkar da cərimələnir, toy sahibi də. Hələ “COVİD” pasportu üçün verilən rüşvətlərdən danışmırıq. Bizim camaatda da az yoxdu. “Nə qədər toylara getmişəm, getdiklərimi (nəmər saldığım pulları, yəni) geri almayım?!” deyib dirənirlər. 150 nəfəri oğlan evi ilə qız evi aralarında bölüşdürüb başa çıxa bilmir. Biz beləyik də. Toy-düyün sevən xalqıq!..
Lakin böyük fasilədən sonra toy etmək istəyənlər bir az çox “tərləməli” olacaq. Çünki qiymətlər bayaq dediyimiz kimi yüksəlib. Deyilənə görə, şadlıq sarayları adambaşına düşən qiyməti aşağısı 10 manat bahalaşdırıb. İyul ayında “1 adam”ın qiyməti 50-dən başlayırsıda, indi ilkin qiymət 60-70-dən başlayır (elə bil hərracdı). Bu hələ ortabab şadlıq saraylarıdı.
“Bərkgedənlər”də qiymət göylərdə “uçur” – 100-200 manat! Bütün bunlar toy sahibi, illərlə bala toyu görmək arzusu, həsrətiylə yanan valideynlər üçün əsl məşəqqətdir. Elə gənclər üçün də. Nəyə lazımdı bütün bu həngamə? O toya sərf olunan pulları verin cavanlar gedib ev-eşik yiyəsi olsunlar… Keçək digər vacib məsələyə. Pandemiyanın təsirlərini aradan qaldırmaq, qiymətləri əlçatan etmək üçün sahibkarlara hansısa güzəştlər tətbiq etmək olmazmı?
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, araşdırmalar Azərbaycanda toy məclislərinin qiymət əmələgəlmə prosesində bahalaşmanın, qiymət “şişməsi”nin israfçılıq ucbatından baş verdiyini göstərir:

– Qiymət yüksəlməsi israfçılıq ucbatından baş verir. Görün toy mərasimlərində nə qədər lüzumsuz proseslər var: gəlin maşınının bəzədilməsi, toyda fişənglər, fotosessiya, foto-albom, şampan şəlaləsi, sayını bilməyəcək qədər yeməklər, dondurma, qəhvə. Toyda masadakı o qədər yeməkdən sonra bir də üstündən tortla çay, sonra dondurma verilir, qəhvə verilir. Bu, sadəcə, biabırçılıq və israfçılığın ən son həddidir.

Çoxsaylı yemək növləri, içki növləri, masaların, foyenin bəzədilməsi və s. kimi məsələlərə sərf olunan xərclər ümumi toy məclislərinin baha olmasına gətirib çıxarır. Bu lazımsız məsrəflər aradan qalxsa, qiymətlər də aşağı olar.

Sahibkarlara vergi güzəştlərinə gəlincə, F.İbrahimov bunun ümumi işə faydasının olmayacağını dedi:

– Bu gün bu bahalaşma səbətində verginin xüsusi çəkisi çox azdır. Yəni demək istəyirəm ki, şadlıq saraylarını vergidən tam azad etsələr də qiymətlərin ucuzlaşması baş verməyəcək. Ucuzlaşma toy məclislərinin (el şənliklərinin) strukturunun dəyişikliyi ilə əldə oluna bilər. Nəhayət, baş verənlərdən ibrət alıb lazımsız məsələləri aradan qaldırmalıyıq.