“Toy sahəsi əhalinin dolanışıq yerinə çevrilib” – Nazim Bəydəmirlibackend

“Toy sahəsi əhalinin dolanışıq yerinə çevrilib” – Nazim Bəydəmirli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 1 iyul tarixindən Azərbaycanda toyların keçirilməsinə icazə verilib. Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərarda qeyd olunur ki, toylar “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyən edilməlidir.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. Bununla yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVID-19 pasportu) olmalıdır.

Artıq 15 gündür ki, qərar qüvvəyə minib və uzun illərdir nikahını rəsmiləşdirə bilməyən cütlüklər şənlik mərasimləri təşkil edirlər. Bəs görəsən, toylara icazə verilməsi ölkə iqtisadiyyatında müsbət təmayüllərin yaranmasına və uzun müddətdir fəaliyyətsiz qalan sahələrin dirçəlməsinə səbəb olubmu?

Milli Məclisin sabiq üzvü Qalib Salahzadə AYNA-ya açıqlamasında deyib ki, toyların keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı müsbət addımdır: “Əvvəla ona görə ki, uzun müddətdir koronavirus səbəbindən pandemiya elan olunub və faktiki olaraq şənlik mərasiməri təxirə salınıb. Onminlərlə gənc seçim qarşısında idi: Ya şənlik olmadan nikahı rəsmiləşdirmək, ya da zamanı gözləmək. Hər bir gəncin arzusudur ki, normal toy keçirsin. Bu mənada gözləyənlərin sayı kifayət qədər çox idi”.

“Digər yandan toy mərasimlərinin keçirilməməsinə görə çoxlu sayda sahə faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Təbii ki, digər dövlətlərdə olduğu kimi, Azərbaycan hökuməti də əhalinin sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi aktivliyi azaltmaq yolunu tutmuşdu. Çünki vətəndaşın mənafeyi və sağlamlığı hər şeydən öndə gəlir. Şükürlər olsun ki, yoluxma sayında azalma oldu və hökumət ilk fürsətdə toylara icazə verdi. Bundan hər kəs qazanır – dövlət də, vətəndaş da”, – deyə həmsöhbətimiz bildirib.

Salahzadənin sözlərinə görə, toyların keçirilməsi iqtisadi canlanma yaradıb: “Müşahidə aparsaq, görərik ki, əhalinin sosial-iqtisadi vəziyyəti son dövrlər nisbətən yüksəlib. Bunun əsas səbələrindən biri də toylara icazə verilməsidir. Çünki iqtisadiyyat zəncirvari inkişaf edir və karantin qaydalarının yumşaldılması əhalinin sosial vəziyyətinə müsbət təsir göstərib. Xüsusən ictimai iaşə müəssisələrinin, istirahət mərkəzlərinin, zərgərlik, geyim, maşın icarəsi və digər sahələrin fəaliyyətində canlanma yaranıb. Eyni zamanda regionlararası sərnişin daşımaları, ərzaq, ət məhsulları bazarı da böyüyüb”.

“Qarşıdan Məhərrəm ayı gəlir. Milli adətlərimizə görə, bu aylarda əhali toy etmir. Digər yandan, “Delta” ştammı sürətlə yayılır və yenidən karantin qaydalarının sərtləşəcəyi gözlənilir. Bu mənada mümkün qədər toyları tezləşdirmək və qəbul olunmuş qaydalara riayət etmək lazımdır. Bəzən görürsən ki, toylarda nəzərdə tutulandan xeyli sayda artıq insan iştirak edir. Bu, yolverilməzdir”, – deyə sabiq deputat vurğulayıb.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya şərhində söyləyib ki, toylar sənaye sahəsinə çevrilib və ölkə iqtisadiyyatının formalaşmasında yaxından iştirak edir: “Xidmət sahəsi olmaqla yanaşı, bu sahə həm də müxtəlif sosial təbəqələrin günəmuzd iş yeridir. Ofisiantlar, aşpazlar, xidmətçilər, avtomobil kirayəsi, musiqiçilər, müğənnilər, fotoqraflar, videoqraflar birbaşa bu sahə ilə bağlı fəaliyyət göstərirlər. Eyni zamanda ərzaq, ət və ət məhsulları, geyim, parfümeriya, zərgərlik, spirtli və ya spirtsiz içkilər bazarı da bu sahə ilə bilavasitə bağlıdır. Siyahını uzatmaq da olar”.

“Bütün hallarda toyların keçirilməsi bazarda canlanma yaradır. Bu da nəticədə vətəndaşların rifah halına müsbət təsir edir. Çox təəssüf ki, əksər şadlıq sarayları məmur sahibkarlığına aiddir. Belə olmasaydı, azad rəqabət mühitində fəaliyyət göstərən sahibkarlar da bundan qazanclı çıxardı”, – deyə müsahibimiz bildirib.

Bəydəmirli əlavə edib ki, bu sahədə ciddi yeniliklərə ehtiyac var: “İlk növbədə məmur sahibkarlığına qarşı mübarizə aparılmalıdır. Onların vəzifə səlahiyyətlərindən istifadə edərək, vergilərdən yayınmasına, liberal bazar iqtisadiyyatı prinspilərinə qarşı çıxmalarına son qoyulmalıdır. Eyni zamanda toyların təşkilinə ciddi nəzarət olunmalıdır. Çünki pandemiya bitməyib və qarşıda daha ciddi dalğalar ola bilər. Bu gün toylarda nəzərdə tutulduğundan kifayət qədər çox sayda insan iştirak edir. Düzdür, hamısında belə deyil, lakin belə nümunələr az deyil. Buna yol vermək olmaz. Əks halda karantin qaydaları sərtləşdirilər və bununla toyların keçirilməsi də dayana bilər. Yalnız özünü yox, cəmiyyəti də düşünmək lazımdır”.