Tovuzlu fermerlərin gömrük rüsumu dərdi – Nazirə müraciət olundubackend

Tovuzlu fermerlərin gömrük rüsumu dərdi – Nazirə müraciət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda yaşayan fermer Samir Verdiyev maraqlı bir təkliflə çıxış edib. Onun “Yeni Müsavat”ın redaksiyasına göndərdiyi təklif-müraciət kənd təsərrüfatı naziri İnam Kərimova ünvanlanıb.
Müraciətdə bildirilir: “Mən Qazax-Gəncə zonasında böyük sahədə (200 hektar) kartofçuluqla məşgulam. Bizim bir il ərzində sahələrimizdə 120-dən çox insan ayda 500-1000 AZN məvacib alır. Cənab nazir, ölkə başçısının sizə göstərdiyi etimada mən də çox sevindim ki, nəhayət, bizim də kənd təsərrüfatı sahəsi inkişaf edəcək. Çünki sizin “ASAN xidmət”də gördüyünüz işlər, yaratdıgınız sistem, şəffaflıq danılmaz faktdır”.

Fermer qeyd edir ki, kartof strateji məhsuldur və ölkəyə idxal olunan məhsullar arasında 2-ci yeri tutur: “Bu da məni çox kədərləndirir. Biz əkinçilər sizə bir neçə təklif hazırlamışıq. Məqsəd ölkədə kartofa olan tələbatın öz vətənimizdə yetişdirilmiş məhsul hesabına ödənməsi, valyutanın ölkədən çıxmaması, kəndlilərin bu işdə normal aylıq məvacib almasına nail olmaqdır. Ötən il ölkə başçısının sərəncamı ilə soğana olan idxal gömrük rüsumları bir neçə dəfə qaldırıldı və ölkəyə soğan idxalının qarşısı alındı. Nəticədə əkinçilər də öz növbəsində ölkə bazarlarına öz malını normal qiymətə çıxara bildilər. İndi isə bizim təkliflərin ən vacibi kartofa da olan gömrük rüsumunun qaldırılmasıdır. Bu, şərtdir, yoxsa gələn ildən Azərbaycanda bu gedişlə heç kim kartof əkməyəcək. Son vaxtlar qonşu ölkə olan İranda böyük devalivasiya olduğu üçün artıq oradan gələn kartofun maya dəyəri 35-40 qəpiyə başa gəlir. İranda dövlət ölkədən ixrac olunan mallar üçün sahibkara əlavə pul da ayırır və bunun nəticəsində bizim daxildə olan mallarımız cox ucuz (30 qəpiyə) sahədə satılır ki, bu da kartofun maya dəyərindən ən azı 10 qəpik aşağıdır”.

Sonda tovuzlu fermer İ.Kərimovdan onu qəbul etməsini və qaldırdığı məsələnin həllində fermerlərə dəstək verməsini xahiş edir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, 2017-ci ilin yanvar – dekabr aylarında ölkəyə 106 min 662,23 ton təzə və ya soyudulmuş kartof idxal olunub. 2016-cı ildə isə idxal 183 min 5,41 ton təşkil edib. 2016-cı ildə kartof idxalına 33 milyon 792,82 min dollar, 2017-ci ildə isə 22 milyon 802,48 min dolları sərf olunub.

Qeyd olunan dövrdə Azərbaycandan xaricə kartof ixracı isə artıb. Belə ki, 2016-cı ildə ölkədən 38 min 229,41 ton, 2017-ci ildə 57 min 569,99 ton kartof ixrac edilib. İxrac qiyməti 2016-cı ildə 15 milyon 789,08 min dollar, 2017-ci ildə isə 25 milyon 810,74 min dollar təşkil edib.

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə kartof idxalı 41 faizdən çox, dəyəri isə 32 faizdən çox azalıb, ixrac həcmi 50 faizdən, dəyəri isə 63 faizdən çox artıb .

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il Azərbaycanda 58.8 min hektar kartof sahəsindən 889.4 min ton məhsul əldə olunub. Ölkə əhalisinin kartofa illik tələbatı isə 1 milyon 200 ton təşkil edir. Onu da nəzərə alaq ki, istehsal edilən kartofun hamısı yararlı olmur. Buna görə də Azərbaycana İrandan, Türkiyədən, Pakistandan, hətta ərəb ölkələrindən də kartof gətirilir.

P.S. Fermerlərin müraciətini dərc etməklə yanaşı, ünvanına – Kənd Təsərrüfatı Nazirliyinə də çatdırmağa çalışacağıq.