Tokayev Qazaxstanı Rusiyanın bir əyalətinə çevirdi… – sanksiyalar ola bilər…backend

Tokayev Qazaxstanı Rusiyanın bir əyalətinə çevirdi… – sanksiyalar ola bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti Qazaxıstanda baş vermiş yanvar hadisələri ilə bağlı qətnamə qəbul edib.

Avropa deputatları bu hadisələrin beynəlxalq təhqiqatına və Avropa İttifaqının insan haqlarının pozulması ilə bağlı rejimi çərçivəsində bu ölkənin rəsmilərinə qarşı sanksiyalara çağırıblar.

Sənəd böyük səs çoxluğu ilə qəbul olunub. Qətnamənin leyhinə 589, əleyhinə 35 səs verilib. Daha 47 deputat bitərəf qalıb.

Debatlar zamanı qətnamə layihəsinin həmmüəlliflərindən Ruja Tun deyib ki, sənədin hazırlanması üçün çox az vaxt verilib və həmçinin sənədin həcmi xeyli ixtisar olunub.

Deputat sənədin “olduqca müxtəsər” olmasından və “Qazaxıstandakı dəhşətli vəziyyəti kifayət qədər təsvir etməməsindən” gileylənib.

Qətnamənin 27 maddəsi var. Qətnamə mətnində deyilir ki, Qazaxıstan hakimiyyət orqanları, dinc etirazlara “qeyri-mütənasib zorakılıqla” cavab verib.

Bu da qeyd olunur ki, Qazaxıstanda adamların azadlığının və fərqli düşüncəsinin məhdudlaşdırılması məqsədilə “terrorizm” və “ekstremizm” istilahları “çox geniş və yayğın təfsir olunub”.

Layihədə qeyd olunur ki, hakimiyyət etirazçılara qarşı “aşırı, lüzumsuz və hətta ölümcül gücdən” istifadə edib.

Tokayev ölkənin beynəlxalq öhdəliyini pozub

Qətnamədə deyilir ki, prezident Tokayevin “xəbərdarlıqsız atəş açaraq öldürmək” əmri Qazaxıstanın insan həyatına hörmət edilməsi və onun qorunmasına dair beynəlxalq öhdəliklərinin pozulması deməkdir.

Sənəddə Avropa İttifaqı Şurasına 2022-ci ilin yanvarında baş vermiş etirazlar zamanı ciddi insan haqları pozuntuları üçün cavabdeh olan Qazaxıstan rəsmilərinə qarşı məqsədli sanksiyaların qoyulması tövsiyə olunur.

Bu da bildirilir ki, Qazaxıstanda bu ilin yanvar ayında baş vermiş etirazlar zamanı insanlara qarşı aşırı gücdən istifadə olunmasının, “Qazaxıstan xalqına qarşı törədilmiş cinayətin” təhqiqatı üçün beynəlxalq komissiya yaradılmasına ehtiyac var.

Qətnamədə Qazaxıstan hökumətinə saxlananlara qarşı pis rəftardan və işgəncələrdən çəkinmək çağırışı edilir.

Sənəddə vurğulanır ki, etirazçıların məsələsinə baxılarkən konkret cinayət törətmiş şəxslərlə dinc nümayişçilər arasında fərq qoyulması zəruridir.

Janaozen sindromu

Avropa deputatları bu ilin yanvarında baş verən hadisələri 2011-ci ildə Qazaxıstanın Janaozen qəsəbəsində törədilmiş qətliyamla müqayisə ediblər.

Bu hadisələr zamanı yüksək hazırlıqlı şəxslər zorakılığa əl atmış və hakimiyyət bundan dinc etirazçılara qarşı ölümcül silahlardan istifadəyə haqq qazandırmaq üçün faydalanmışdı.

Deputatların fikrincə hakimiyyətin Janaozen hadisələrini lazımınca araşdırmaması indi baş verən qanlı hadisələrin də ədalətli təhqiq olunacağına, cavabdehlərin cəzalandırılacağına şübhə yaradır.

Qazaxıstan hökuməti Avropa Parlamentində bu qətnamənin qəbul edilməsini narazılıqla qarşılayıb.

Ölkənin Xarici İşlər Nazirliyi bilirib ki, Avropa deputatları sənədi hazırlayarkən Qazaxıstanın rəsmi şəxslərinə sorğu ilə müraciət etməyiblər:

“Belə sənədlərin Qazaxıstan hökuməti tərəfindən aparılan rəsmi araşdırma nəticələrinin açıqlanmasından əvvəl qəbul edilməsini yolverilməz hesab edirik. Bir daha əmin edirik ki, bu araşdırmanın nəticələri beynəlxalq icmaya təqdim olunacaqdır”.

Ölənlərin adları açıqlanmır

Bu il yanvarın 2-də Qazaxıstanın Mengistau regionunda yanacaq qiymətlərinin qaldırılmasına görə etirazlar başlanmış, daha sonra isə aksiyalar bütün ölkəyə yayılmışdı.

Qazaxıstan hökuməti bəyan etmişdi ki, ölkənin ən böyük şəhəri Almatıya guya xaricdə təlim keçmiş “20 min terrorçu” hücum edib.

Daha sonra bu məlumata düzəliş verilmiş və bildirilmişdi ki, söhbət ölkə boyunca etirazçıların ümumi sayından gedir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmişdi.

Rusiya və ona müttəfiq ölkələrin əsgəri birlikləri Qazaxıstana daxil olmuşdu. Onların “strateji obyektləri” mühafizə etdikləri bildirilmişdi.

Qazaxıstan Baş Prokurorluğunun verdiyi məlumata görə ölkənin morqlarına yanvarın 2-dən 15-dək olan müddətdə 225 meyit gətirilib.

Ölənlərdən 19-nun hüquq-mühafizə əməkdaşları olduqları deyilmişdi.

225 həlak olan şəxsdən 175-nin xəstəxanalarda vəfat etdiyi qeyd olunurdu.

Ölənlərin adları indiyədək açıqlanmayıb.

Son məlumata görə ölü sayı yanvarın 18-də 227 nəfərə çatıb.