Tofiq Musayev: “UFC bizim üçün önəm kəsb etmir”backend

Tofiq Musayev: “UFC bizim üçün önəm kəsb etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Report”a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Beynəlxalq Prezident Kubokunu izləyirsiniz. Təəssüratlarınız necədir?

– Azərbaycan nümayəndəsi və əsgəri olaraq avarçəkmə yarışının Suqovuşanda keçirilməsinə hamımız sevinirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində ilk dəfə Suqovuşanda avarçəkmə üzrə turnir keçirilir. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının prezidenti Vüqar Əhmədova təşəkkürümü bildirirəm. Bizi də diqqətdən kənarda saxlamayıblar. Sayıblar, hörmət ediblər və tədbirdə iştirak üçün dəvət göndəriblər. Yarışların daha maraqlı olacağına ümid edirəm. Çünki Qarabağda ilk dəfə belə turnir gerçəkləşir. Bu, hamımıza maraqlıdır. Həqiqətən Suqovuşanda gözəl guşə və mənzərə var. Burada hamı çempionluq uğrunda mübarizə aparacaq. Müharibədə əziyyəti olan insanlardan biri də bizik. Yarışı izləmək üçün dəvət almışıq.

– Siz də Vətən müharibəsi iştirakçısı olmusunuz.

– Bəli. Zəngilan uğrunda döyüşlərdə iştirak etmişəm. Cənab Prezidentimiz tərəfindən cəsur döyüşçü medalı ilə təltif olunmuşam. Biz şəhidlərimizin sayəsində bu gün buraya ayaq qoyuruq. Yarışın keçirilməsində ən böyük səbəbkar onlardır. Ölkə başçısının, Prezidentin böyük əməyi var. Onun sayəsində rahat və azad şəkildə yarışları izləyirik.

– Karyeranızla bağlı nə kimi yeniliklər var? Hansı döyüşə hazırlaşırsınız?

– İyunun 24-də “Bellator”un ABŞ-dakı 280 seriyalı yarışında iştirak edəcəyəm. “Bellator”da ilk azərbaycanlı idmançıyam və iki döyüşdən sonra kəmər uğrunda mübarizə aparacağam. İki qarşılaşmada qalib gəldikdən sonra kəmər uğrunda döyüşmək təklif olunub. 2019-cu ildə Rizin turnirində məğlub etdiyim braziliyalı Patrik Freyre hazırda “Bellator”da çempiondur. 1-2 döyüş udandan sonra revanş qarşılaşması təklif etmək istəyirlər, danışıqlar gedir. Hazırda iyunun 24-dəki yarışa hazırlaşıram.

– UFC döyüşlərinə dəvət alma ehtimalı var?

– Dünyada iki böyük təşkilat mövcuddur. Bunlar UFC və “Bellator”dur. Bir-biri ilə rəqabət aparan təşkilatlardır. Bizim üçün UFC bir o qədər də önəm kəsb etmir. Çünki “Bellator”a düşmək də çətindir. Buna baxmayaraq, dəvət almışıq və 4 görüşlük müqaviləmiz var. Birinci döyüşə iyunun 24-də qatılacağam.

– Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev bu yaxınlarda Bakıda olub. Onunla münasibətləriniz necədir?

– Münasibətimiz var. Biz ABŞ-da birlikdə təlim-məşq toplanışında olmuşuq. Fiziyev Bakıda olanda mən ABŞ-da idim.

– Onun Azərbaycanı təmsil etmək fikri olub? Bu barədə söhbət etmisiniz?

– Bir idmançı olaraq Azərbaycanı həmişə təmsil edib. Şəxsi səhifəsində Azərbaycan bayrağını da yerləşdirib. O, əslən azərbaycanlıdır. Bundan sonra da Azərbaycan adından döyüşəcək. Ölkəmizin adından böyük liqalarda vuruşmaq hər adama nəsib olmur. Rafael Fiziyevdən başqa bu missiyanı yerinə yetirən digər idmançılarımız da var. Bizim başlıca missiyamız ölkəni dünyada tanıtmaqdır.

– MMA döyüşlərinin Azərbaycanda keçirilməməsinin səbəbi nədir?

– Hazırda Gənclər və İdman Nazirliyi tərəfindən bu yöndə danışıqlar gedir. İyun, iyul və ya avqustda ölkəmizdə dünya çempionatının keçirilməsi planlaşdırılır. Qeyri-olimpiya idman növlərində maliyyə cəhətdən problemlər var idi. Hazırda Azərbaycanda ilk dəfə dünya çempionatı keçirmək üçün danışıqlar aparılır. Bundan əlavə, böyük turnirlərin ölkəmizə salınması da mümkündür.

– Bu il mümkün olacaq?

– Nazir Fərid Qayıbovun səyi nəticəsində yarışlar Azərbaycanda baş tutmalıdır.