TİA.AZ 12 YAŞINDA: ENİŞLİ-YOXUŞLU, HƏYƏCANLI, FƏRƏHLİ İLLƏRİMİZ…backend

TİA.AZ 12 YAŞINDA: ENİŞLİ-YOXUŞLU, HƏYƏCANLI, FƏRƏHLİ İLLƏRİMİZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi onlayn mediada bir bum yaşandığı dövrdə az qala hər ay yeni saytın, yaxud portalın fəaliyyətə başlaması adi görünür. Artıq izləyicilərin də gözü pas edib bir-birini təkrarlayan elektron KİV-lər görməkdən…
Tribuna İnformasiya Agentliyi isə internet mediasının dalğasından çox-çox uzaq illərdə, hələ sosial şəbəkələrin düz-əməlli meydana çıxmadığı vaxtlarda bir ilkə imza atdı, bir say-seçmələrdən olma nümunəsi ortaya qoydu.
Bəli, o dövrlər idi ki, hələ saytlardan xəbər oxumaq, istinad etmək ənənəsi yeni-yeni yaranırdı, oxucu köşklərdən qəzet almaq vərdişini davam etdirirdi.
Bax, belə bir zamanda Tribuna İnformasiya Agentliyi onun baş redatoru Əlişir Əhədin əməyi sayəsində ərsəyə gəldi, onlayn mətbuatda ilk doğulanlardan oldu. İndi o tarixdən nə az, nə çox 12 il ötür…
Ona görə də bu günlər TİA.Az üçün önəmli dönəmlərdən biridir, çünki oktyabrın 3-də saytın 12 yaşı tamam oldu. Bu 12 il bir igidin ömrünə bərabərdir desək, yalan olmaz.
Çünki TİA.Az üçün heç də geridə qalan dövr hamar, rəvan keçməyib, enişi-yoxuşu, həyəcanlı günləri, bəzən ruhdan düşmək, bəzən ümidini itirmək, bəzən də parlaq zamanlarını yaşamaq nəsibi olub.
Asan deyil, məhdud resurslarla 12 il ayaq üstə durmaq, TİA.Az adını yaşatmaq, dostlar qazanmaq, düşmənləri məyus etmək…
Və üstəlik, 2009-cu ildən fərqli olaraq, son 3-5 ildə rəqabət ən yüksək səviyyədədir, hər gün yeni bir xəbər saytı meydana çıxır, bu baxımdan internet mediasının qarmaqarışıq dövründə bu layihəni yaşatmağın özü bir sevindirici haldır.
İndisə biz böyük həvəslə deyə bilərik ki, ölkənin onlayn mediasında operativliyi və obyektivliyi ilə seçilən Tribuna İnformasiya Agentliyi öz formasını, üslubunu saxlamaqdadır, yıxılmadıq, ayaqdayıq!
Əlbəttə, internet mediası saysız-hesabsız portallarla aşıb-daşır, amma sağlam tənqidçi mətbuat platformasında TİA.AZ 12 il yorulmadan çalışır.
Heç kimi söymədən, aşağılamadan, qərəzsiz, bütük etik kodeksləri gözləyərək tənqid yazırıq – vətənin inkişafı, xalqın problemlərinin həlli, qaranın ağa göstərilməsi üçün…
Gəlin razılaşaq – indiki saytların 90 faizi həmin dövrdən sonra yarandı. Ona görə TİA.Az Azərbaycanda yaranan ilk 10 saytdan biridir. Bu da son deyil, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi.
Eyni zamanda bu illər ərzində ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik, operativlik nümayiş etdirməyi bacarıb.
İndi internet saytlarının yaranması çox asanlaşıb. Amma elektron mediada az sayt var ki, öz obyektivliyini və qərəzsizliyini qoruyub saxlaya bilərək oxucular arasında nüfuz, etibar qazanıb.
Hazırda saytda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, təhlillər, müəllif yazıları yayımlanır, oxucuların düzgün informasiyaya olan tələbatını ödəyir. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Saytın “Facebook”, “Youtube” və “Telegram”, “Instagram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabları da aktivdir.
12 il əvvəl yaradılarkən sayt gənc jurnalistlərin söz tribunası idisə, bu gün artıq sözün cəmiyyətin maraqlarının təminatına səfərbər olunduğu oturuşmuş kütləvi informasiya vasitəsidir və kifayət qədər spesifik oxucu auditoriyasına malikdir. TİA.Az 12 yaşından sonra da bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.
Necə ki indiyə qədər bütün tərəflərin mövqelərini işıqlandırır, qərəzsiz məlumatları və vətəndaşların konkret şikayətlərini araşdırır, cəmiyyəti narahat edən problemləri gündəmə gətirir.
Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız, ekspertlər, iqtisadçılar da saytımızla əməkdaşlıq edir.
TİA.Az 12 yaşı həm də o dövrə təsadüf edir ki, müzəffər Ordumuz 44 günlük müharibə ilə işğala son qoyub, Zəfər gününün 1 ili yaxınlaşır.
İndi biz qalib ölkənin bir media quruluşu olaraq fəaliyyət göstərməklə daha fərəhliyik. Nə arzu edək – oxucumuz var, TİA.Az-ın ömrü uzun olsun!!!

Tribuna İnformasiya Agentliyi