Tribuna İnformasiya Agentliyi

Tez-tez eşitdiyimiz “Hippokrat andı” – Mənası nədir?

30 İyun
Tez-tez ətrafımızdan “Hippokrat andı” kəlməsini eşidirik. Bəzilərimiz heç bu andda nələrin yazıldığından xəbərsizik, ancaq bu andın həkimlərlə bağlı olmasını, onların and içməsini bilirik. Bəs Hippokrat andı nədir? Hippokrat andı – həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş anddır.
TİA.AZ  Cebhe.info-ya istinadən Hippokrat andının Azərbaycan dilindəki tərcüməsini təqdim edir:
“Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm: bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm.
Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyim, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun”.