Test qiymətləri 30 manata qədər endirilməlidir… – Millət vəkilibackend

Test qiymətləri 30 manata qədər endirilməlidir… – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəstəxanalarda yer tapmaq mümkün deyil. Xəstəliyə yoluxmuş insanların çoxu dədə-baba qaydasında evində, necə gəldi müailcə olunurlar. Qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələrin tətbiqi də prosesi ləngitməyə təsir göstərmir. Əsas problem test üçün təyin olunan qiymətlərin çox baha olması ilə bağlıdır. Əksər insanlar 100-150 manat vəsaitləri olmadığına görə sadəcə müşahidə olunan əlamətlərə görə özləri xəstəliyin başladığını təyin edib yaxınlarının və ya tanışlarının tətbiq etdiyi üsullardan istifadə edirlər. Qeyri-peşəkar müalicənin nəticələri də bir çox hallarda ürəkaçan olmur. Təsəvvür edin ki, test qiymətlərinin bahalığına görə vətəndaş yoxlamadan keçməkdən imtina edir. Bəzən isə bir gün öncə bir klinikada neqativ çıxan test sabah başqa klinikada pozitiv çıxırsa, bu da əlavə maddi və psixoloji problemlər yaradır. Test pozitiv çıxdığında adamlar dərhal qaçırlar kompüter tamoqrafiyası vasitəsi ilə ciyərlərini yoxlatmağa. Burada da 90-110 manat, əgər evə çağırırsansa, 180 manata qədər vəsait ödəməli olurlar. Klinikalarda növbə hədsiz çox olduğundan bu yoxlama da bir neçə gün gecikə bilər. Ardınca dərmanların qiyməti də kəlləçarxa çıxdığından insanlar müalicə almaqda xeyli çətinlik çəkirlər. Bütün bu sıxıntılar dünyanın hər bir ölkəsində olduğu üçün, ayrıca olaraq səhlənkarlığa görə nə müvafiq qurumları, nə də qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşları qınamaq fikrindəyəm”.

Fazil Mustafa qeyd edib ki, vəziyyətdən çıxış yolu təcili tapılmalıdır:

“Eyni zamanda kompüter tamoqrafiyası üçün də ödənişlər 50 manatı keçməməlidir. Apteklərdə də COVİD-19 üçün istifadə olunan dərmanların da maksimum qiymət standartları nəzarətə götürülməli, möhtəkirliyə qarşı ciddi tədbirlər görülməlidir. COVİD-19 səbəbindən tətbiq olunan məhdudiyyət tədbirləri onsuz da insanların iqtisadi vəziyyətinə ciddi təsir göstərib, gəlir səviyyəsi aşağı düşüb. Bu elə bir xəstəlikdir ki, onun fəsadlarına qarşı dövlət və vətəndaşlar bir-birinə dəstək verərək effektli mübarizə apara bilərlər. Həkimlərimizin və tibb bacılarımızın da durumu hədsiz dərəcədə ağırdır, onların arasında da itkilərimiz böyükdür. Onların da işini asanlaşdırmaqdan ötrü evlərdə müailicə alanlar üçün formal deyil, işləyən qaynar xətt şəbəkəsi qurulmalıdır ki, insanlarımız zəng edib peşəkar tibbi məsləhət və tövsiyyələr ala bilsinlər. Hər evə həkim gedə bilmirsə, xəstələrə vaxtında yetişməyə təcili təcili yardımın imkanları xeyli çətinləşibsə, heç olmasa insanların öz-özlərini xilas etməsi üçün ilkin addımları doğru atmasına yardam etmək vacibdir. Allah bütün xəstələrimizə şəfa versin, dünyasını dəyişənlərə rəhmət etsin, həkimlərimizi və tibb bacılarımızı qorusun, onlara güc versin ki, bu bəlada minimum itkilərlə çıxa bilək”.