“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMAbackend

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabiq baş prokuror hərbiçilərə işgəncə verilən yerlərə tez-tez gedirmiş
Məlum olduğu kimi, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Hadrutun alınmasında xüsusi xidmətləri olan, sonra hərbi hospitalda müalicə olunarkən həbs edilən mayor Ziya Kazımov fevralın 24-də ev dustaqlığına buraxılıb. O, 2017-ci ildə “Tərtər işi” üzrə dindirmələrə cəlb olunan şəxslərə işgəncə verməkdə təqsirləndirilir.
Həbs edilən qazi azadlığa buraxıldı - RƏSMİ
Z.Kazımovun vəkili Bəhruz Bayramov sözügedən hadisələrin təfərrüatı barədə “Bakupost”a danışıb.
O bildirib ki, Z.Kazımov 2017-ci ildə hərbi hissə komandiri olub və həmin ərəfədə guya “Tərtər işi” üzrə dindirmələrə cəlb olunan şəxslərə işgəncə verib:
“O vaxt bununla bağlı aparılan iş dayandırılıb. Bu da əvvəl 052 xüsusi təyinatlıda hərbi hissə komandiri olub. Ona görə Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə olub və sonuncu gününə kimi döyüşüb, özü də qəhrəmancasına döyüşüb. Döyüşlərdən sonra onu həbs ediblər. Bildiriblər ki, Tərtər hadisələriylə bağlı dayandırılmış cinayət işi yenidən başlayıb və həbs də onunla əlaqədardır”.
Vəkil isə bildirir ki, Ziya Kazımovun həbsi tamam başqa məsələlərlə bağlı olub: “44 günlük müharibənin sonuna yaxın Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərindən biri bunun haqqında nəsə yazıb verib. Ona görə bu işi yenidən qaldırıblar. Məqsədin nə olduğu mətbuat üçün deyil. Orada nəsə mübahisə baş verib. Guya, o, tapşırıqları icra etməyib, özbaşına postu tərk edib. Amma həmin vaxt Ziya Kazımovun yanına pulemyot, top mərmisi düşüb, kontuziya alıb. Ayın 7-si bunu döyüş meydanından çıxarıblar. İstintaq getdiyindən bəzi məsələləri tam açmaq istəmirəm. Amma onu deyə bilirəm ki, burada hər şey təqdim olunan cür deyil, tamam başqa məsələlər var. İstintaq gedir, ev dustaqlığına buraxılıb. Səhhətində ciddi problemlər var. İnanıram ki, haqq öz yerini tapacaq”.
Bəhruz Bayramov
B.Bayramov “Tərtər işi” ilə bağlı fikirlərini bildirərəkən sensasiya hesab oluna bilən məqamlar açıqlayıb. O, hesab edir ki, işgəncə prosesi 2016-cı il aprel döyüşlərindən sonra 2017-ci ildə ordunun əzmini qırmaq, çaxnaşma yaratmaq üçün bəzi yüksək vəzifəli şəxslərin məqsədli şəkildə həyata keçirdikləri plan olub: “Bu, dövlətə xəyanətdir. Ola bilər ki, hərbçiləri dövlətə xəyanətdə suçlayan, onlara işgəncə verən, öldürən şəxslərin başında duranlar özləri xəyanət edib. Həmin şəxsləri hüquq-mühafizə orqanları müəyyən etməlidir. Və araşdırmalıdırlar ki, bu hansı xarici qüvvələrin sifarişi ilə həyata keçirilib. O vaxt Baş prokuror Zakir Qaralov, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi isə Nəcməddin Sadıqov olub. Bir daha qeyd edirəm ki, 2016-cı il döyüşlərindən sonra, 2017-ci ildə bu hadisələr bilərəkdən edilib. Hesab edirəm ki, məsələ tam dəqiqliklə, obyektiv şəkildə araşdırılsa çox mətləblərin üstü açılacaq.
İlk növbədə Zakir Qaralov və Nəcməddin Sadıqovdan başlamaq lazımdır”.
“Niyə Hərbi prokuror yox, məhz həmin vaxt Baş prokuror olan Zakir Qaralov” sualına isə belə cavab verib: “Hərbi Prokurorluq da məsuliyyət daşıyır, amma bu işə əsas Baş Prokurorluq nəzarət edir. Şəxsən Zakir Qaralov həmin vaxtı işgəncə verilən yerlərdə olub. O vaxt Mingəçevirə, Tərtərə gedib və prosesə nəzarət edib. Ona görə də bu işlərdə əsas fiqurlardan biri Zakir Qaralovdur”.
Qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını bildiriblər. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Ancaq tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncə nəticəsində ölüb. Öldürülən dörd nəfər sonradan bəraət alıb, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər 7 ilə qədər həbs cəzası alıblar.