Tərlan Əhmədovun Lüksemburqla oyundan öncə verdiyi müsahibə: “Hamımız hazırıq”backend

Tərlan Əhmədovun Lüksemburqla oyundan öncə verdiyi müsahibə: “Hamımız hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış mütəxəssilərindən olan Tərlan Əhmədov millimizin durumu ilə bağlı fikirlərini bildirib. Millimizin uğursuz tsiklini qiymətləndirən veteran müdafiəçi buraxılan səhvlərdən, çaışmazlıqlardan danışıb. O, təklif olarsa, yığmanı sevə-sevə çalışdıra biləcəyini də deyib.

Əhmədovun Lüksemburqla matçdan öncə Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edirik:

“Zəif nəticənin səbəblərini indi heç kim deyə bilməz. Bu barədə nəsə danışmaq çətindir. Yeni məşqçi və futbolçular cəlb olundu. Heyətdə xeyli rotasiyalar edildi. Bəlkə də bunların təsiri oldu. Amma açığı, bu tsikldə yaxşı nəticə göstərmək mümkün idi. Düşünürəm ki, Lüksemburqla bu oyunda qələbə qazanmaq lazımdır. Düzdür, bilirik ki, qələbə qazansaq belə, mövqeyimiz dəyişməyəcək. İrlandiyanın 5, Lüksemburqun isə 6 xalı var. Qələbə qazansaq da, 4 xalla yenə sonuncu pillədə qalacağıq. Ümumilikdə, reytinq üçün heç olmasa son oyunda qalib gəlməliyik. Millətlər Liqasından öncə deyirdik ki, komandanın heyəti tam müəyyənləşməlidir. İkincisi, fikrimcə beşli müdafiədən ümumiyyətlə əl çəkməli idik. Bu taktika il oynadığımız müddətdə məğlubiyyətlər qaçılmazdır. Daha çox dördlü müdafiəyə keçib, konkret oynamalı idik. Necə ki, “Qarabağ” məhz bu cür oynayır. Düzdür, çox ölkələrdə, məsələn, İtaliyada beşli müdafiəyə üstünlük verilir. Amma siz İtaliyanın cinahlardakı oyunçularına baxın. Bundan əlavə 3 mərkəz müdafiəçidən biri hər zaman hücuma qoşulur. Bizdə arxayınlıq həddindən artıqdır. Sizə deyim ki, bu tsikl üçün toplanan yığmamız ən yaxşı və güclü heyətə malik idi. Hücumameyilli futbolçularımız həddindən artıq çox idi. Daha yaxşı oynamaq olardı. Portuqaliyanı demirəm, amma Serbiya ilə matçda özümüzü yaxşı tərəfdən göstərə bilərdik. Onsuz da Millətlər Liqasında məğlub olmuşduq. Deməli, DÇ-nin seçmə mərhələsinə tam fərqli ab-havada başlamalı, sistemi, taktikanı dəyişməli idik. Hücumu daha çox gücləndirmək olardı. Qalib gəlmək üçün qol vurmaq, rəqibi təzyiqdə saxlamaq lazımdır. Ən azı Lüksemburq və İrlandiya ilə oyunlarda bunu edə bilərdik. Məsələn, Lüksemburqla səfər matçında birinci hissədə oyun bizim üstünlüyümüzlə keçirdi. İkinci hissədə müdafiəyə çəkildik və rəqib hücumların kəsərini artırmağa başladı. Nəticədə bərabərlik qolunu vurdular. Həmin oyunda Rəhim Sadıxov, Ramil Şeydayev meydana daxil olandan sonra hücumlarımızın kəsəri artdı. Eləcə də Bakıdakı matçda həmin futbolçuların meydanda olması hücum potensialımızı artırırdı. “Neftçi” çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”nu keçədən sonra beşli müdafiədə oynadı və bütün matçlarda məğlub oldu.

Bu gün də çempionatda eyni sistemlə oynayırlar və son görüşdə 3 qol buraxmaqla uduzdular. Ortaya sual çıxır. Beşli müdafiədə oyunun alınmırsa, nəticə qazana, hücum qura bilmirsənsə, deməli, sistemi dəyişməlisən. Bu, təkcə De Byazinin problemi deyil. Bəzi klublarımız beşli müdafiəyə üstünlük verdiyi üçün hücumameyilli futbolçular ehtiyatda qalır. Bu da təsirini göstərir. Biz tsikldə yalnız Emin Mahmudovun qollarını gördük. Deyək ki, Mərt Çelik dördlü müdafiəyə öyrəşdiyi üçün fərqli sistemdə oynayanda alınmır. Düzdür, futbolçular peşəkardır, istənilən sistemdə oynamağı bacarmalıdır. Amma beşli müdafiənin nəticəsidir ki, biz indi sonuncu yerdəyik”.

Maraqlıdır, veteran müdafiəçi millidə daha hansı çatışmazlıqları və səhvləri görüb:

“Mübarizə görmədim. Fubol mübarizəsiz olmur. Rəqibdən top almağa çalışmalısan, mübarizədə qalib gəlməlisən, meydançanın hər santimetrində top uğrunda “vuruşmalısan”. Komanda bəzi oyunlarda, ümumiyyətlə, meydançaya istəksiz çıxırdı. Bəzən də həyəcan müşahidə edirdik. Hətta bir sıra oyunlarda hiss olunurdu ki, komanda meydana qorxa-qorxa çıxıb. Mübarizəsiz həyat, iş mümkün deyil. İnsan amilini nəzərə alsaq, bu mütləqdir. Güləşdə rəqibi necə məğlub etməyə çalışırsansa, futbolda da elədir. Komandada 11 nəfərin hamısı eyni vaxtda top uğrunda mübarizə aparmır ki. Birəbir mübarizələr var. Qalib gəlmək ruhu yox idi. Komanda oturuşmuş hala gətirilməlidir və eyni sistemlə oynamalıdır”.

Mütəxəssis “Qarabağ”ın sisteminin yığmaya gətirlməsinin uğurlu ola biləcəyini də vurğulayıb:

“Bir komandanın 7 futbolçusu millidədir. Deməli, ona uyğun sistem də tətbiq olunmalı idi. Avrokuboklarda uğurlu çıxış edən bir komandanın 7 oyunçusu meydançadadırsa, deməli, onun sisteminə daha çox üstünlük verilməlidir. Yenə də bu, baş məşqçinin qərarıdır. Yenilik gətirmək istəyib. Albaniyada necə işləyib, deyə bilmərəm. Həmin vaxt Albaniya yığmasındakı futbolçular da hansı səviyyədəydi, harda oynayırdılar, bəllidir. Ancaq bu bir dəfə olur. İndi komanda uğursuzluq zolağına düşüb. Bundan başqa Avrokuboklara vəsiqə qazanan 4 klubumuzdan yalnız “Qarabağ” uğurlu oldu. Digərləri məğlubiyyətlə üzləşdi. Bunun da yığmanın oyununa təsiri var. Belə hallar bir deyil, iki deyil. Hamısı bir-birinə problem yaradır”.

“De Byazinin gedişi çıxış yolu ola bilərmi və yeni gələn məşqçi millimizə nə verəcək” sualına sabiq futbolçu belə cavab verib:

“Hər halda AFFA məşqçi gətirəndə bizdən soruşmur. Həmişə demişəm, bizim yığmaya yerli mütəxəssis lazımdır. Futbolçuların psixologiyasını bilən, onları motivasiya edəcək məşqçilər yerlilərdir. Bilirik ki, yerli məşqçi də olsa, indiki məqamda nə Avropa, nə də Dünya Çempionatının final mərhələsinə çıxacaq gücdəyik. Bunun üçün klublarımızın sayı artmalı, yerli futbolçular yetişdirilməlidir. Fubolçuların səviyyəsi, peşəkarlığı, məşq saatları artırılamlıdır. Akademiyalarda yanaşma dəyişilməlidir. İstəməzdim ki, yığmaya əcnəbi məşqçi gətirilsin. Bunun üçün yetərincə mütəxəssislərimiz var”.

“Bəs yerli məşqçilərimiz sinələrini niyə irəli vermir” sualını Əhmədov bu şəkildə cavablandırıb:

“Vallah, təklif olsa, niyə istəmərik? Başda mən olmaqla, hamımız sinəmizi irəli verərik. Təklif olsa, sevə-sevə qəbul edərəm. Ən azından nəticə verməyə çalışarıq, istəkli olarıq. Rəşad Sadıqovun açıqlamalarına baxıram, o da gəlmək istəyir, Yunis Hüseynov millimizə layiqli məşqçidir. Arif Əsədovu götürək. Niyə istəmərik ki, nəticəmiz olsun? Millimizdə ən yaxşı nəticələri elə yerli məşqçilər göstərib. Azərbaycana gəlib-gedən əcnəbilərdən isə təkcə Robert Prosineçki normal nəticə verib. Ən yaxşı çıxış edənlərdən biri Əsgər Abdullayevdir. Bu gün Ayxan Abbasov, Rəşad Sadıqov, Aftandil Hacıyev də yığmada çalışmağa hazırdır. Təklif gəlsə, sevərək razılaşaram, çalışaram ki, yaxşı nəticə göstərim. Öz vətənim, xalqım, canımı qoyduğum yığmadır, niyə də işləməyim? Adımız var, əcnəbi nəticə verməsə də, çıxıb gedəcək. Biz isə daha uğurlu olmağa çalışacağıq. Yığmada baş məşqçi yerli olsa, daha yaxşıdır. Dünyadakı yığmaların, demək olar, 95 faizinə yerli məşqçilər rəhbərlik edir. Elə nəticə verənlər də onlardır”.