Televiziyada daim format axtarışı olmalıdır – Qulu Məhərrəmlibackend

Televiziyada daim format axtarışı olmalıdır – Qulu Məhərrəmli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər bəzi yerli telekanallarda bir sıra qüsurlar nəzərə çarpır. Bunlar əsasən qeyri-peşəkarlıqla bağlıdır. Bu nüans xüsusilə də aparıcılarda hiss olunur. Bayağılıq, qeyri-müəyyənlik həmin telekanallarda “at oynadır”.
Bəs nə vaxta qədər belə olacaq? Telekanallarda verilişlərin səviyyəsi nə zaman düzələcək?

 

Televiziya eksperti, professor Qulu Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, televiziya sahəsi daim yeniliklər tələb edir: “Bir dəfə də bunu demişəm, televiziya həm də vitrindir. Həmin vitrinə həmişə ən yaxşı məhsullar qoyulmalıdır. Bu, birmənalı olaraq belədir. Ona görə də televiziyada daima format axtarışı olmalıdır. Bu barədə daha çox düşünmək lazımdır. Telekanallar düşünməlidir ki, tamaşaçı bu gün nə istəyir. İlk olaraq tamaşaçının zövqünü necə yüksəltmək barədə fikirləşmək lazımdır. Ona görə də televiziyada elmi proqramlaşdırma olmayanda, əhalinin sosial düşüncələri nəzərə alınmayanda, sosioloji sorğular aparılmayanda, sorğulardan mövzular ortaya çıxarılmayanda şübhəsiz ki, bəsit bir mühit yaranır”.
Q.Məhərrəmli bildirib ki, bəzən televiziyadakı kiçik formatlı veriliş digərinə transfer olunur: “Bir-birlərini təkrar edirlər. Aparıcılar və müğənnilər də eyni ilə belədir. Sadəcə telekanal ola bilər ki, rəsmi çərçivəsinə, yaxud digər başqa keyfiyyətinə görə az da olsa, fərqlənir. Ola bilsin ki, məhz ona görə müəyyən problemlər var. Təbii ki, bu, bütün verilişlərə aid deyil. Ümumiyyətlə, televiziyalardan, xüsusən xəbər proqramlarından auditoriyanın müəyyən narazılıqları var ki, bunlar da hamısı haqlı narazılıqlardır. Elmi proqramlaşma, yanaşma olmadan bu narazılıqları müsbətə doğru dəyişmək çox çətin olacaq”.