Tribuna İnformasiya Agentliyi

“Telekanallarımızın heç birində ədəbiyyatla bağlı səviyyəli veriliş yoxdur…”

26 Dekabr

Bir müddətdir ki, ziyalılarımız efirlərimizdəki bayağılığa görə, hər dəfə öz narazıçılıqlarını bildirsə də, buna məhəl qoyan yoxdur. Elə bir vəziyyət yaranıb ki, ancaq adı açıqlanmayan məmurun hansısa müğənniyə bahalı mebel və ya çanta bağışlaması günün müzakirə mövzusuna çevrilib. Müasir Azərbaycan ədəbiyyatının kifayət qədər tanınmış simaları olan yazıçılarımızı isə çox təəssüf ki, efirlərimizdə görə bilmirik, çünki ədəbiyyatla bağlı elə bir veriliş yoxdur ki, orada hansısa yazıçının yaradıcılığı ilə tanış olasan.

 Məsələylə bağlı danışan yazıçı Nəriman Əbdülrəhmanlı Moderator.az-a açıqlamasında bildirdi ki, bir ziyalı kimi artıq doqquz ildir ki, telekanallarımıza baxmır:
 “Telekanallarımızdakı bayağılığa etiraz əlaməti olaraq artıq doqquzuncu ildir ki, Azərbaycan televiziyalarına baxmıram, bütün kanalları bağlatdırmışam. Ancaq Rusiya və Türkiyənin seçmə telekanallarına baxıram. Baş verənləri yalnız internet üzərindən oxuyuram. Telekanallarımızın heç birində ədəbiyyatla bağlı səviyyəli veriliş yoxdur və ancaq seçilmiş adamları efirə çıxarıb dedi-qodu yaratmaqla məşğuldurlar. İndiyə kimi heç bir ciddi veriliş haqqında nəsə eşitməmişəm”.