“Telekanallar “ədəbsiz insan yarat” təlimatını yerinə yetirə bilmədi” – Kamran Həsənlibackend

“Telekanallar “ədəbsiz insan yarat” təlimatını yerinə yetirə bilmədi” – Kamran Həsənli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə “Youtube” kanalları günü-gündən populyarlaşır. Həmin kanallarda istər gündəmin müzakirəsi, istərsə də digər mövzulara həsr olunan verilişlərin auditoriyası formalaşmaqdadır. Buna paralel olaraq, “Televiziya kanallarımızı izləmirəm” deyənlərin sayı da artır.

AYNA vaxtilə televiziya kanalından milyonları efir qarşısına toplayan, hazırda isə “Youtube” kanallarında aparıcı kimi fəaliyyətini davam etdirən tanınmış teleaparıcı Kamran Həsənli ilə bu istiqamətdə həmsöhbət olub.

– Kamran bəy, hazırda hansısa televiziya kanalı ilə əməkdaşlığınız varmı?

– Xeyr, yoxdur. Hətta deyəsən, televiziyalar mənə qarşı “koalisiya” yaradıb, heç məni yaxın da buraxmırlar. İndi istəmirəm ki, “mən-mən” deyim. Bacım da rejissordur, bizim komandamız var idi və biz televiziyanın nə olduğunu 2000-ci illərin əvvəllərində göstərdik. Azərbaycan tamaşaçısı, efirə istər Hüseyn Dərya çıxsın, istərsə Elşad Xose və s. televiziyaya baxırdı. “Musiqili meydan”, “Sizin saat” verilişlərində yüzlərlə, minlərlə adam qapının ağzında dayanırdı, içəri keçib əyləşmək, verilişdə tamaşaçı qismində iştirak etmək istəyirdi. O verilişlər çox populyar idi.

– İndi belə verilişlər yoxdur. Bugünkü vəziyyətə necə gəlindi?

– 2005-2006-cı ildən sonra bizim televiziyanın mənzərəsi dəyişməyə başladı.

– Səbəb nə idi?

– Mənə elə gəlir ki, bu, həbs olunmamış, amma işdən çıxmış məmurların (adlarını çəkmək istəmirəm, onsuz da xalq bilir) istəyi ilə oldu. Onlar televiziyaya öz kadrlarını yerləşdirirdilər. Televiziyadan ədəbsizlik, milli dəyərlərimizin məhv olması, musiqi zövqünün korlanması üçün istifadə edirdilər.

– Bunu nə üçün istəyiblər, bu barədə fikriniz varmı?

– Mənə elə gəlir ki, onlar Rusiyanın buradakı inhisarçıları idilər və televiziyada da istəklərinə nail olurdular. Biz təkcə onlarla mübarizə aparmırdıq. Mənim verilişlərimi həmişə bağlayıblar. Bir neçə ay, bir ilə yaxın çəkib. Amma 2006-cı ilə kimi “Sizin saat”, “Musiqili meydan” verilişləri gedirdi. Heydər Əliyev rəhmətlik sağ idi, mən canlı efir aparırdım. Efirdə Turandan da, tükçülükdən də danışırdım. Reytinqlər yüksək idi, kifayət qədər populyarlıq var idi. Əgər mən təhlükəli adam olsaydım, iki canlı efir aparmazdım, verilişi elə o zaman bağlayardılar.

Televiziyaya təsir 2006-cı ildən başladı. Bu gün gördüyünüz televiziya o başlanğıcın nəticəsidir. Qeyri-peşəkarlar gətirildi, televiziyaya korrupsiya daxil oldu – müğənnidən tutmuş aparıcıya, redaktora qədər bu işə bulaşmağa başladılar. Bütün müğənnilər aparıcı oldu. İntellekti, musiqi və fəlsəfi biliyi, yumor hissi var ya yox – fərq etmirdi, əsas o idi ki, o müğənninin pulu var idi, o, televiziyaya aylıq nə qədərsə pul verirdi. Əslində isə aparıcı televiziyadan qazanmalıdır, burada isə aparıcı televiziyaya pul verirdi. Azərbaycanda dünyada olan televiziya konseptinin, görüntüsünün tam tərsini yaratdılar və televiziya düşüncələrini məhv elədilər. İndi də o adamlar – həmin kadrlar televiziyalarda oturublar. Təbii ki, onlar bizi yaxın buraxmazlar.

– İndi televiziyanı izləyən çox az adam var, baxanlar da baxdığını deməyə sanki utanırlar. Günü-gündən “Youtube” kanalları daha çox izlənir, nəinki televiziya kanalları. Sizin fikrinizcə, səbəb nədir?

– Çünki “Youtube” kanallarında azadlıq var. Burada yetərincə söz azadlığı var. Biz öz fikirlərimizi, düşüncələrimizi azad şəkildə deyə bilirik. 44 günlük savaşdan sonra bizim mentallığımızda daha çox dəyişiklik var, insanlarımız dünyanı görürlər. Bizim insanlar nəinki televiziyaya baxmırlar, kəskin də olsa, deyəcəm: insanlarımızın televiziyaya nifrəti var. Bir sorğu keçirsək, yüzdə doxsan nəfər deyəcək ki, “biz televiziya kanallarına baxmırıq”.

– Görəsən, həqiqətən baxmırlar?

– Bəli, baxmırlar. Mən bunu 2012-ci ildən hiss etməyə başladım. Məni məşhur verilişlərə qonaq çağırırdılar, orada maraqlı məqamlardan danışırdıq, amma sonra görürdüm ki, heç kim eşitməyib. Deməli, proqrama baxmayıblar. Başa düşdüm ki, insanlar daha televiziya verilişlərini izləmirlər. Daha çox türk serialları, Türkiyə verilişləri izlənir. Çünki rus dili bilən adamlar azdır, daha çox türkçə bilirlər deyə, Türkiyə kanalları izlənir.

Azərbaycan televiziyası da 2006-cı ildən onlara verilən tapşırığı – “zövqsüz, ədəbsiz insan məhsulu yarat” tapşırığını yerinə yetirə bilmir. İnsanlarımızın ədəbi də var, düşüncəsi də. Amma bu, Azərbaycan televiziyasının yaratdığı insan məhsulu deyil, Türkiyə kanallarının formalaşdırdığı insanlardır. Bu gün artıq “Youtube” kanallarının yaratdığı insan məhsulları var.

– Bu gün də adınızı çəkəndə türkçülüyün təbliği ilə yada düşürsünüz…

– Bəli, mənə “Türk oğlu türk” deyirlər. Təxəllüsümdür. 20 il televiziyada işləmişəm. Bu müddətdə də Turanı və türkçülüyü təbliğ etmişəm. Fikir verdinizsə, 44 günlük savaşımızda bizim verilişlərlə tərbiyə alan insanlar, gənclər bozqurd simvolu və turançı düşüncəsi ilə ölümə də getdilər, düşmən də öldürdülər. Onlar bizim verilişlərin yaratdığı insan məhsulu idilər. Biz istəyirdik ki, insanlarımız belə düşüncədə olsunlar. Demokratiyanı sevsinlər, başqa dindən olan insanlara hörmətlə yanaşsınlar. Çalışırdıq ki, gənclərimizə o azad düşüncəni təbliğ edək. Bugünkü televiziya isə tam əksini təbliğ edir.

Mən televiziyaçıyam. Buna görə mənə çox ağırdır. Təəssüf hissi ilə deyirəm ki, insanlarımız televiziyaya baxmırlar. Televiziyalarımız hələ də mənim icad etdiyim “Sizin saat” verilişində qalıblar: iki kreslo, iki qonaq, mövzu və musiqi. Baxın, təzə veriliş açırlar, yenə kreslo qoyurlar, müğənni dəvət edirlər və s. Mən o vaxt o formatı əlacsızlıqdan etmişdim. Çünki hələ böyük imkanlar yox idi. Təsəvvür edin ki, indi bizim “Pressklub TV”-dəki verilişlərimiz – “Babat debat”, “Üçbucaq” daha böyük formatda televiziyada yayımlansa, bu gün buradan minlərlə adam izləyirsə, televiziaydan milyonlara çata bilərik. Amma televiziya bizi yaxın buraxmır.

Bu gün əslində Azərbaycan televiziyası iki yerə bölünüb: keyfiyyətsiz televiziya və keyfiyyətli “Youtube” kanalı. İnsanlar da seçim qarşısında qaldıqda, təbii ki, “Youtube” kanallarını seçirlər. Özünüz də görürsünüz ki, “Youtube”-dan bizi minlərlə insan izləyir. Mən bilmək istəyirəm, indi televiziya kanallarımızdan hansındasa elə bir veriliş varmı ki bu gün minlərlə adam baxır?

– Televiziya bu tənəzzüldən necə çıxa bilər, çıxış yolunu nədə görürsünüz?

– Televiziya tənəzzüldə deyil, bu, artıq sondur. Bu isə bizə ağrı verir. Azərbaycanda televiziya sıfırdan başlamalıdır. Elan etməlidirlər ki, buraya qədər gəldiyimiz yol səhvdir. Olur belə şeylər. Böyük dövlətlər də getdiyi yolun səhv olduğunu anlayır, qəbul edir. Rasimin yerinə Məmmədi gətirməklə heç nə dəyişməyəcək. Konsept dəyişməlidir. Bunu da bacaran yəqin ki, televiziya peşəkarları olar. Açığı deyim ki, bu, bizim əlimizdən gələr. Elə televiziya yarada bilərik ki, tamaşaçı oturub kanallarımıza baxsın. Bizim tamaşaçı bu gün müzakirə, düşüncə istəyir.