Təhsil eksperti repetitorluğun müsbət və mənfi tərəflərini izah etdibackend

Təhsil eksperti repetitorluğun müsbət və mənfi tərəflərini izah etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Repetitor fəaliyyətinin müsbət tərəfi gənclərimizin təhsillə məşğul olmasıdır. Kənar kömək olmadan, fərdi qaydada şagirdlər dərslikləri öyrənə, anlaya bilmir. Ona görə də repetitorlara müraciət etməli olurlar. Amma bu fəaliyyət gənclərimizin asudə vaxtını əlindən alır. Həmçinin, şagirdlərimiz repetitor yanına getməklə yalnız əzbərçiliklə məşğul olur ki, bu da mənfi haldır. Digər tərəfdən, valideynlər maddi olaraq xeyli itirir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ölkəmizdə geniş vüsət alan repetitorluq fəaliyyətinin cəmiyyətə verdiyi müsbət və mənfi tərəflərini dəyərləndirərkən deyib:
“Repetitorluğun əsas məqsədi odur ki, şagirdlərin öyrənməkdə çətinlik çəkdikləri mövzulara fərdi yanaşma tətbiq edilsin. Hazırda dünyanın inkişaf etmiş hər bir ölkəsində repetitor fəaliyyəti vardır. Amma o, Azərbaycanda olduğu kimi kölgə təhsilinə çevrilməyib. Azərbaycanda uşaqlar məktəbə getmir, ya da məcburiyyətdən gedir. Dünya ölkələrində repetitorun yanına məktəbdə öyrənməkdə çətinlik çəkdiklərinə, yaxud da əlavə bilik və bacarları öyrənmək üçün gedirlər”.
Ekspert bildirir ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq son 10 ildə repetitorluq fəaliyyəti gəncləşib:
“Əvvəllər yalnız ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən IX-XI siniflərdə oxuyanlar repetitorlardan istifadə edirdisə, indi ibtidai sinifdə təhsil alanlar da repetitorun yanına gedir. Belədə uşaqların asudə vaxtı olmur. Repetitorluq hazırda iki faktora görə mövcuddur. Ali təhsil müəssisələrinə qəbul imtahanları qəlizdir. Bu imtahanda abituriyentdən bəzən 7 il əvvəlki biliklər də soruşulur. Əslində isə qəbul imtahanlarına yalnız X-XI sinifdə keçirilən mövzular salınmalıdır. Çünki şagird IX sinfi bitirəndə ona atestat verilir. Bu isə o deməkdir ki, həmin şəxsin IX sinfə qədər olan bütün bilikləri yoxlanılaraq qiymətləndirilir. Repetitorluq olub və olacaq. Amma ölkəmizdə olduğu tək kök salmamalı, geniş vüsət almamalıdır”.