“Təbib” təbib olmadı, bəla oldu xalqın başına-Cümşüd Nuriyevbackend

“Təbib” təbib olmadı, bəla oldu xalqın başına-Cümşüd Nuriyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir ildən artıqdır dünyanı cənginə alan və milyonlarla insanın həyatına son qoyan koronavirusun üçüncü dalğası başlayıb. Bu isə öz növbəsində Operativ Qərargahın karantin qaydalarını sərtləşdirəcəyinə dair ehtimalları yenidən gündəmə gətirib.

Əhalinin sosial-iqtisadi vəziyyətinin gərgin olması fonunda qapanma qərarı nə dərəcədə məntiqlidir?

Mövzu ilə bağlı Tia.az-a danışan ekspert Cümşüd Nuriyev deyir ki, hazırkı durumda qapanmalar çıxış yolu deyil:

“Hazırda sərt karantin rejiminin tətbiqi ilə bağlı dünyada müxtəlif yanaşmalar mövcuddur. Virusun ilk mənbəyi Çin belə mübarizə üsulunu dəyişərək başqa istiqamətdə hərəkət edir. Ümumiyyətlə, bu siyasət düşünülmüş, eyni zamanda da uğursuz siyasətdir. Azərbaycan bu böyük oyunda ciddi oyunçu olmadığına görə, öz siyasətini həyata keçirməlidir. Çünki insanların həyatı daha vacibdir. Təəssüf ki, bu mövzuda insanlarımız özü də məsuliyyətsizdir. Bunu açıq demək lazımdır. Artıq iri supermarketlərdə ilk dönəmlərdən fərqli olaraq heç bir yoxlama həyata keçirilirmir. Azərbaycanda Nazirlər Kabinetinin yeganə normal fəaliyyəti yoxlamalar idi, indi bunu da uğursuz şəkildə həyata keçirirlər. Bilinmir ki, ölkədə səhiyyəyə hansı qurum cavabdehdir. Əvvələr bu işlə məşğul olan bir Səhiyyə Nazirliyi var idi. İndi “Təbib” də ortaya çıxıb. “Təbib” təbib olmadı, bir bəla oldu bu millətin başına.

Verilən ağılsız qərarlar Azərbaycanı çətin vəziyyətə salıb. Necə olur avtobuslarda bu qədər basabas olur, ancaq metro işləmir. Bayram günlərində marşrutların işləməməsini hardasa başa düşmək olar. Digər bir məsələ. Necə olur ki, restoranlarda oturmağa yer tapılmır, 100-200 nəfər olur, ancaq şadlıq sarayında 50-100 nəfərlə toy keçirməyə icazə verilmir. Bir sözlə, verilən qərarlarda heç bir məntiq yoxdur. Bu tip qərarlarla, bu tip qapanmalarla koranavirus problemini həll etmək mümkün olmayacaq. Sanki kimlərsə vəziyyətin ağırlaşmasında maraqlıdır. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbənin dadını çıxarmağa imkan vermirlər. Metrolar, idman-sağlamlıq mərkəzləri açılmalıdır, ancaq ciddiliyi qorumaq şərtilə. Bir sözlə, qapanmalar çıxış yolu deyil”.

TİA.AZ