TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? – Korrupsiya əməliyyatıbackend

TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? – Korrupsiya əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi. 

Qurumun yaydığı məlumatda deyilir ki, əməliyyat nəticəsində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri – “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.


Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğu inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduqları bildirilir.

“AzPolitika.info”-ya səhiyyə sisteminə aid mənbələrdən daxil olan məlumata görə, P.Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların birində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılıblar. Ancaq görünür, buna baxmayaraq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunublar… Bütün bunlardan çıxış edərək demək olar ki, TƏBİB-də keçirilən əməliyyat və həbs olunanların verəcəkləri ifadələr qurumun rəhbərliyinin, o cümlədən şəxsən R.Bayramlının da istintaqa cəlb edilməsilə nəticələnə bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sözügedən xəstəxana rəhbərlərinin artıq çoxdan bəri heç kim üçün sirr olmayan korrupsiya cinayətlərini TƏBİB rəhbərindən gizlin şəkildə törətmələri qeyri-mümkün idi. Ümumiyyətlə, belə əməllər təkbaşına törədilmir. Əgər qurum rəhbərliyi bunu bilib də, heç bir tədbir görməyibsə, deməli bunun müqabilində maddi marağı olub. Və belə çıxır ki, R.Bayramlı ilə P.Abbasovun “əməkdaşlığı” TƏBİB-də də davam edib. Eynilə FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkiminin də məlum əməlləri R.Bayramlıdan gizli törətməsi mümkün deyildi…

Bu arada korrupsiya cinayətlərini vaxtında üzə çıxarmalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətini, daha doğrusu uzun müddət davam etmiş fəaliyyətsizliyini də qeyd etməmək olmur. Məsələ ondadır ki, xüsusilə də pandemiyanın pik vaxtlarında koronavirus xəstələrindən rüşvət alınaraq xəstəxanalara yerləşdirildiyini Azərbaycanda, demək olar, bilməyən yox idi. Evə təcili yardım çağıran vətəndaşların böyük əksəriyyəti şahidlik edə bilərlər ki, çağırışa gələn həkimlərin bir çoxu xəstələrin bu və ya digər xəstəxanaya pulla yerləşdirilməsi üçün vasitəçi olmağı təklif edirdilər. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı saysız-hesabsız məlumatlar dərc olunub.

Məsələn, elə “AzPolitika.info”-da ötən ilin dekabrında bu mövzuyla bağlı böyük yazı dərc olunmuşdu. Həmin yazıda FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında koronavuirus xəstələrinin yerləşdirilməsi üçün 4000 manat rüşvət tələb olunduğu qeyd edilirdi. Qanunla mətbuatda dərc olunan bu cür materiallar hüquq-mühafizə orqanlarının göstərilən faktla bağlı araşdırma aparmasına əsas verir. Lakin heç bir orqan saytımızda gedən həmin məlumatla maraqlanmadı, soruşmadı ki, bu məlumat sizdə hardandır, pulu verən və alan kimlərdir. Yalnız pandemiyanın üçüncü dalğasının pik həddi yaşanan günlərdə, nəhayət ki, müvafiq orqanlar uzun müddətdir bütün ölkənin bildiyi faktlardan xəbər tutdu və məlum əməliyyatı keçirdi…

Hər halda, necə deyərlər, heç olmamaqdansa gec olmağı yaxşıdır. İndi çox irəliyə getmədən TƏBİB-lə bağlı keçirilən əməliyyatın gedişatını və sonunu gözləmək lazımdır. R.Bayramlının da istintaqa, hətta məsuliyyətə cəlb edilib-edilməyəcəyini zaman göstərəcək və bu barədə hələ ki, qəti bir şey demək mümkün deyil. Çünki Azərbaycanda ən azından Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Əli Abbasov və digər bu qəbildən olan nümunələr var ki, onların rəhbərlik etdikləri qurumlarda külli miqdarda korrupsiya cinayətləri aşkarlansa da, özləri məsuliyyətdən kənarda qala biliblər…