TƏBİB Kəmaləddin Heydərovu təkzib etdibackend

TƏBİB Kəmaləddin Heydərovu təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in “Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşlarının TƏBİB-lə müqavilə əsasında işləməsiylə bağlı mətbuata verdiyi açıqlamaya cavab verib.

TİA.AZ xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı açıqlamada bildirilir:

“TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz”.

Qeyd edilib ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermələri barədə müraciət ediblər:

“Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib.

Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib. Nazir qeyd edib ki, İmran Ağayev FHN-in işçisi deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir.