“Taxıl ucuclaşsa da, əvvəlki qiymətə çörək görməyəcəyik” – İqtisadçıdan BƏDBİN PROZNOZbackend

“Taxıl ucuclaşsa da, əvvəlki qiymətə çörək görməyəcəyik” – İqtisadçıdan BƏDBİN PROZNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bundan sonra yəqin ki, taxıl ucuclaşsa da, mağazaların piştaxtalarında əvvəlki qiymətə çörək görməyəcəyik”.

Sfera.az bildirir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib. Onun sözlərinə görə, bunun səbəblərindən biri iqtisadiyyatın rəqabətli olmamasıdır:
“Digər vacib səbəb odur ki, uzun bir dövr ərzində çörək sənayesində un istisna digər xərclər (işçi qüvvəsi, elektrik, çatdırma, cari təmir və bərpa, zəruri avadanlıqların alınması və onlara cari qulluq və s.) xeyli artsa da, bu seqmentdə qiymətlər dəyişməmişdi. Bu dəfə isə, taxılın qiyməti əslində qiymət artımı üçün də bir fürsət oldu. Yeri gəlmişkən, hökumət əvvəlki ilə nəzərən, noyabrın sonu üçün 15%-lik qida inflyasiyası qeydə alıb. Səhv eləmirəmsə, bu, ən azı son 5 ilin ən yüksək göstəricisidir. Amma işin daha pis tərəfi odur ki, 2022-ci ildə qida inflyasiyasının daha yüksək olma ehtimalı var. Bu ehtimalı gücləndirən bir neçə amil var”.
İqtisadçı əlavə edib ki,  idxaldan yüksək asılılığımız var və qlobal inflyasiyanın 2022-ci ildə də problem olacağı görünür:
“Rəsmi statistikaya görə, 2021-ci ilin noyabrında Azərbaycanda qida istehsalçılarının qiymət indeksi istehlakçı qida qiymət indeksindən daha yüksək olub (18%-ə yaxın). Adətən istehsalçı qiymət indeksinin İQİ-nə yansıması zaman aparır. Çünki pərakəndə satış anbarlarında ehtiyatlar hesabına 2-3 ay ərzində köhnə qiymətlərlə satışlara davam etmək olur. İstehsalçılardan yeni qiymətlə məhsul aldıqca, piştaxtalarda da durum dəyişir. Ona görə də biz daha yüksək qida istehsalçılarının qiymət indeksinin təsirlərini bu aylarda hiss edəcəyik. Üçüncü vacib məqam – inflyasiya səbətində yüksək payı olan çörək və un məmulatlarının çox yüksək qiymət artımlarının inflyasiyaya yansıması bu il baş verəcək”.