Tarixi romanlar ustası – Lion Feyxtvanger kim idi?..backend

Tarixi romanlar ustası – Lion Feyxtvanger kim idi?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mübaliğəsiz deyə bilərəm ki o, əsl ədəbiyyat nəhəngi idi. Onun tarixi romanları bir çox alimlərin tədqiqat mövzusu olub. Haqqında çox danışılıb, çox kitablar yazılıb. Yaradıcılığı haqqında ən yaxşı danışan isə məhz onun yazdığı əsərləri – yaradıcılıq nümunələridir.

İllər öncə çox maraqlı bir film izlədim. Uzun müddət filmin təsirindən ayrıla bilmədim. Təsirdən ayrılan kimi isə ilk işim bu filmi incələmək oldu. Filmin ssenarisini incələyərkən belə bir yazıyla qarşılaşdım: Lion Feyxtvangerin eyni adlı tarixi romanı əsasında ssenariləşdirilib.Və bununla da bu ədəbiyyat nəhəngi ilə tanışlığım başaladı.

1884-cü il Almaniyanın Münhen şəhərində, yəhudi əsilli ziyalı bir ailədə körpə oğlan dünyaya gəldi. Adını Lion qoyduqları bu oğlan sonradan 20-ci əsrin ən görkəmli yazıçılarından birinə çevriləcəkdi.

Uşaqlıqdan ədəbiyyata olan həvəsi hələ məktəbdə oxuduğu zaman onu hər kəsdən fərqləndirirdi. Ailəsi onu musiqiyə istiqamətləndirsə də, ədəbiyyata üstünlük verirdi. Bitib tükənməyən ədəbiyyat sevgisi onun Münhen və Berlin universitetlərinin Filalogiya fakültəsini bitirməsinə səbəb oldu.1907-ci ildə isə gənc Lion “fəlsəfə elmləri doktoru” adını aldı.
İki əsrin astanasında ömür sürən Lion Feyxtvanger tarixi dövrləri ədəbiyyatda ən mükəmməl əks etdirən dünya yazıçılarından biri və birincisidir. Dəqiq tarixi biliklərini  yaradıcılıq duyğuları, yazıçı duyumu,  öz xüsusi üslubu birləşdirmək bacarığı onun bu qədər mükəmməl əsərlər yaratmasına səbəb olmuşdu. Müharibə mövzusu isə onun əsərlərində ortaya qoyduğu başlıca problem idi. Müharibənin obrazlı və mükəmməl təsviri Lion Feyxtvangerin savaşın içində olub onun ağrı-acısını duymasından irəli gəlirdi. Birinci dünya müharibəsi başlayanda Lion Tunisdə idi. Fransa höküməti Lionu düşmən ölkənin vətəndaşı kimi Tunisdə nəzarət altında saxlayırdı.
1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra isə yazıçı Lion Feyxtvanger məcburən xaricə qaçmalı oldu. Həmin dövrdə Almaniyada yaşayan bütün yəhudilər kimi Lion üçün də Fransa ən yaxşı sığınacaq yeri idi.1939-cu ilin payızına kimi Fransada yaşayan yazıçı qarşılaşdığı problemlərdən sarsılmayaraq, ən yaxın dostu olan qələmini yerə qoymadı.

1936-cı ildə yazıçı L.Feyxtvanger dostları – məhşur yazıçılar B.Brext və V.Brdellə birlikdə “Das Vort”(“Söz”) adlı antifaşist jurnal dərc etməyə başlayır. Jurnalın nəşri 1938-ci ildə Fransa höküməti tərəfindən dayandırılır. Elə həmin ildə Fransanın mürtəce siyasətini tənqid etdiyinə görə yazıçı həbs olunur. Faşistlər Fransanı işğal etdikdə yazıçı üçün həyati təhlükə yaranmışdı və o, çətinliklə xilas olub Fransadan Amerikaya qaça bildi.
1941-ci ilə qədər Nyu-Yorkda yaşayan görkəmli yazıçı daha sonra Kaliforniyanın kiçik bir şəhərinə köçür.

Faşizmin məğlubiyyətindən sonra Almaniya Demokratik Respublikası ictimai həyatda fəal iştirakına görə yazıçı Lion Feyxtvangeri xüsusi ordenlə təltif edir.1954-cü ildə isə  məhşur yazıçı Berlin Universitetinin fəxri doktoru olur.

Lion Feyxtvangerin yaradıcılığı çoxşaxəlidir. Alimlər onun yaradıcılığını alman tənqidi realizminin tərkib hissəsi kimi qiymətləndirirlər. O, görkəmli nasir, drammaturq və publisistdir. Lakin Lion Feyxtvanger dünyada tarixi roman ustası kimi daha məhşurdur. Yazıçının tarixi mövzulara müraciət etməsinin əsas səbəbi öz dövrünün müasir məsələlərinə olan münasibətini ortaya qoyması idi. Lion Feyxtvanger hələ sağlığında ikən ona bu  barədə verilən suallara belə cavab vermişdi: “Öz vicdanımla dəqiq təhlil etdikdən sonra cəsarətlə deyə bilərəm ki, mən tarixi romanlarımda müasir romanlarda deyə biləcəyim fikirləri demişəm”.

Yazıçı 1935-ci ildə yazdığı “Tarixi romanların mənası və mənaslzlığı” adlı məqalələrində göstərirdi ki, “indi bir çoxları tarixi roman sözünə qəribə münasibət bəsləyirlər. Dərhal çoxlarının gözü önündə  macəralar,  ziddiyyətlər, qarışıq məhəbbət macəraları canılanır. Əslində isə bunlar doğru deyil, çünkü tarixi mövzuda əsər yazan yazıçı hər şeydən əvvəl hadisələrə öz yazıçı münasibətini, daha dəqiq desək müasir münasibətini bildirirdi”.
Yazıçının ilk tarixi romanı  39 yaşında yazmış olduğu“Eybəcər hersoginiya” (1923) romanıdır. Əsərdə burjua mədəniyyəti ilə feodalizm arasında gedən mübarizə təsvir olunur. Romanda Triol hesoginiyası Marqarita ilə, zədəgan  xanım Aqnessa fon Flavan qarşılaşdırılır.

Görkəmli ədib “Yəhudi Zyuss” romanını 1925-ci ildə yazıb. Əsərin qəhrəmanı tarixi şəxsiyyət İosif Zyuss Oppenheymerdir. O, 18-ci əsrdə Vurtenberq hersoqluğunda maliyyə naziri olmuşdu. Yazıçı bu romanında hersoq Karlın və onun saray adamlarının qəddarlaşdığını və əxlaqsızlaşdığını göstərir. Əsərin baş qəhramanı Zyuss həmin dövrdə yazılan digər əsərlərdəki kimi müsbət deyil, mənfi qəhrəmandır. O, öz mənafeyini güdərək varlanmağa çalışır. Tutduğu yol isə əhalini soymaq yoludur.
Lion Feyxtvanger Almaniyada faşizmi ilk tənqid edən yazıçılardan biridir. O, 1929-cu ildə yazdığı “Müvəffəqiyyət” romanında ölkədə yaranan ədalətsizliyi  və yəhudilərə qarşı zorakılığı tənqid edir. Yazıçı öz əsərində göstərir ki, insana hansı dinə və millətə aid olmasına görə yox necə insan olduğuna görə qiymət verilməlidir. Romanın baş qəhrəmanı Robert Kutsner qanacaqsız, kobud, qaniçən, bütün insani hisslərini itirmiş biri kimi təsvir olunub. Bu obrazın prototipinin Adolf Hitler olduğunu romanı oxuyan hər kəs asanlıqla anlaya bilər. Yazıçı “Müvəffəqiyyət” romanında yaxınlaşmaqda olan faşizmi göstərirdisə, “Oppenheymlər” romanında artıq hakimiyyəti ələ almış daha çox azğınlaşmış faşizmi təmsil edirdi.  Lion Feyxtvanger “Sürgün”, “La utezanq qardaşları “,  “Simona”kimi əsərlərində də faşizm əleyhinə mübarizəsini davam etdirir.

Yaradıcılığının son illərində yazıçının əsas mövzusu yenidən tarixi romanlar olur. Bunların əksəriyyətində xalq və inqilab, inqilab və sənət məsələlərini həll etməyə çalışıb.

“Qəribə adamın müdrüklüyü” romanının mövzusu 18-ci əsr Fransa tarixindən götürülüb. Romanın qəhrəmanı həmin dövrün sevilən yazıçısı filosofu Jan Jak Russodur. Romanda yazıçı J.J.Russonun özündən və fikirlərindən bir vasitə kimi istifadə edib. Əslində isə Russonun fonunda Fransa inqilabı və bu inqilabla əlaqədar meydana çıxan məsələlər verilib. Russo romanın birinci hissəsində ölsə də, mütəfəkkir yazıçının bədii surəti roman boyu hərəkət edir.

Yazıçının həyatının son illərində yazdığı romanlar onun yaradıcılığında xüsusi bir xətt təşkil edir. Bu romanlarda baş verən hadisələr nə Fransa, nə də Almaniyada baş verirdi. Bu romanlarda yazıçının ortaya qoyduğu tarixi hadisələr İspaniyada baş verirdi. İspaniya tarixi həmişə yazıçıda böyük maraq doğururdu.
“İspan balladası” (1955) yazıçının yaradıcılığının son illərində yazdığı ən çox oxunan romanlarından biridir. Romanın özəlliyi məhz onun iki xətt üzərində qurulmasıdır. Bir tərəfdən kral 8-ci Alfonsonun Sevilya tacirinin qızı Rakelə olan böyük məhəbbəti təsvir olunur, digər tərəfdən isə mürəkkəb ictimai hadisələr, müharibələr və sül uğrunda vuruşan adamların fədakarlığı bir sözlə feodalizmin bütün ziddiyyətləri nəzərə alınır. Kral 8-ci Alfonso Sevilya müsəlmanları ilə apardığı mübarizədə məğlub olub və müqavilə üzrə səkkiz il müharibə edə bilməzdi. Vəziyyətdən çıxmaq üçün kralın qarşısında belə bir sual durur: Ölkəni hansı yolla aparmaq lazımdır?
Görkəmli yazıçı Lion Feyxtvangerin ən sevilən, onun   yazıçı professionallığını bir daha təsdiq edən, ona dünya şöhrəti qazandıran tarixi romanı “Qoya”dır. Roman İspaniyanın məhşur rəssamı, adı tarixdə yüz ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil olan – Fransisko Qoya (1746-1828) haqqında yazılıb. Qoya xalq içindən çıxan bir rəssam olduğu üçün öz əsərlərində xalqın iztirab və arzularını verib. Romanın əvvəlində Qoya deyirdi ki, “mən ancaq rəssamam.Siyahsi işlərə qarışmıram”. Xalqın təkidi ilə Qoya dəyişərək, siyahsi məsələlərə də qarışmağa başlayır. Yazıçı bununla əzilən günahsız xalqın mənafeyini müdafiə etməyə başlayan Qoyanın daxilən mülayim bir şəxsiyyət olduğunu göstərir. Din xadimlərinin tələbi ilə Qoya iki dəfə inkivizisiya cəzası mərasimində iştirak edir. Bu həmin dövrdə verilən ən böyük cəza idi. Belə ki, kilsənin həbs etdirdiyi şəxslər  günlərcə ac-susuz zindanlarda saxlanılır, daha sonra isə xüsusi vasitələrlə ən ağır işkıncələrə məruz qalırdılar. Bu prosesi izləməkdən Qoyanın qorxacağını düşünsələr də, əksinə olaraq Qoya insan ləyaqətini tapdalayan din xadimlərinə qarşı vuruşmaq qərarına gəlir. Mənəviyyatı tapdalanan əzilən xalqı müdafiə etmək üçün Qoya İspaniya kralı 4-cü Karlosla olan əlaqələrini gücləndirir. Kral da, ona dövrünün kələkbaz kilsə xadimləri ilə mübarizədə qalib gəlməsinə kömək etmir.

Romanın ən təsirli məqamlarından biri də həmin dövrün ən varlı tacirlərindən birinin gənc qızı İnesin və İnesin fonunda həmin dövrdə yaşayan qadınların, insanlığın faciəsidir. Ailəsi ilə xoşbəxt yaşayan İnesin həyatı bir anda gözlənilmədən dəyişir. Bayram şənliklərinin birində donuz ətini yeməməkdə ittiham olunan İnes, kilsə tərəfindən həbs edilir və gizlicə yəhudiliyə sitayiş etməkdə təqsirləndirilir. İnesin atası dəfələrlə kilsəyə qızıl, daş- qaş göndərsə də, kilsə qızılı qəbul edir, lakin İnesi buraxmır. Çarəsiz ata qızına kömək etməsi üçün rəssam Qoyaya müraciət edir. Qoya bu məsələylə bağlı Krala müraciət etsə də, kral ona kilsənin işlərinə qarışa bilmədiyini bildirir. Ən dəhşətlisi isə  zindana düşən bakirə İnesin namusuna kilsənin rahibi Lorenzo tərəfindən təcavüz edilməsi olur. İnes rahibdən hamilə qlaraq kilsədə uşaq dünyaya gətirir. Kilsə xadimləri bunu gizlətmək üçün yeni doğulmuş körpəni anasından ayırırlar. Kilsə xadimlərinin özbaşnalığından və haqsızlığından, kralın xalqa qarşı biganə münasibətindən təngə gələn Qoya “Kapriçios” adlı şəkillər seriyasında İspaniyanın kral sarayını və zədəganlığı eyni zamanda kilsə rahiblərini, ruhaniliyi kəskin satira atəşinə tutur. Roman həmçinin tarixi müharibələrlə də zəngindir. Napaleonun İspaniyaya hücumu və yerli xalqın xoşbəxt gələcəyə ümüd edərək  Fransadan kömək istəməsi və yenidən inamlarınada yanılması yazıçı Lion Feyxtvanger tərəfindən ustalıqla təsvir olunub.

Lion Feyxtvangerin böyüklüyü onun əsərlərinin gücündə, yazıçılıq ustalığı və istedadının vəhdətindədir. Onun yazıçı mükəmməlliyi, zamanı qabaqlaması, gördüyü gələcəyin tarixi romanlarda mükəmməl təsviri bunu deməyə əsas verir ki, Lion Feyxtvanger hər dəfə oxunduqca yenidən kəşf olunan yazıçıdır…