Tribuna İnformasiya Agentliyi

Tarixə adını yazan qadınlarla bir sırada

12 Yanvar

Onu birdən və qəflətən hamı tanıdı!

20 il əvvəl!

Ölkənin tanınmış televiziyası gözlənilmədən efir üçün ixtisasca həkim olan bu xanımı reportyor seçmişdi. Əslində fitrətdən missiyası xilaskarlıq olan bu xanım (faktologiyası bir azdan – A.Y.) pasiyentlərinə dərman yazmaqla məşğul olmalıydı. Ki millətin körpələri sağlam böyüsün. Taleyin qismətindən pediatr Qənirə Paşayeva bu xalqın körpələrinin dərman yazanı yox – bu işi başqaları da görə bildiyindən, bütünlüklə Azərbaycan xalqının qayğısını uşaq kimi çəkən xeyirxah bir “həkim” olmalıymış. Görünür, bu xilaskarlığa yol ilk olaraq Azərbaycan tamaşaçısı ilə görüşdən başlamalıymış və lazım olan dərmanın adının “Qənirə Paşayeva” olduğunu həmkarlarımız hamıdan tez görmüşdülər. Görmüşdülər və lazımlı, gərəkən addımı atmaqdan çəkinməmişdilər.

1998-ci ildən televiziyanın “Xəbərlər xidməti”ndə reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər” redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmış Qənirə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri kimi də qəbul olunub. Yeddi il ərzində televiziyanın kölgəsində boy atmaqla yox, TV-yə daha da böyük miqyasda kölgələnmək şərəfi gətirmiş Qənirə xanımı biz haralarda və kimlərlə, hansı missiyada görmədik! Xüsusi qeyd etmək lazımdı ki, mövcud olan kanalların efirində parlayan ulduzlar ayaq üstə durduqları məkanı tərk edən kimi əridilər. İstisna Qənirə xanım oldu. Böyüdükcə də TV-ni böyük tribunalara daşıdı. Belə və bu cür jurnalistliyin diqqətdən kənar, uğurdan uzaq qalması qeyri-mümkün idi.

2005-ci ildə Azərbaycan tamaşaçısına məxsus Qənirə Paşayeva yeni bir orbitə transfer oldu: Milli Məclisə deputat seçildi! Dərdlərini, problemlərini, uğurlarını, şad xəbərlərini çatdırdığı, həll etdiyi, yazdığı, yaydığı ümumi auditoriyadan məhəlli bir kontingentin səlahiyyətli-mandatlı təmsilçiliyinə adladı. Bu artıq etimad və mükafat idi. Gözləmək də olardı ki, sələfləri kimi Qənirə xanım da mandatı kimi əminlikdə və sükutda qalacaq. Amma yox, əvvəldən və bəri başdan dedim axı: missiyası xilaskarlıq və dərmanlıq olan Qənirə xanım üçün aktiv fəaliyyət prinsipi prioritetdir!

Özünə məzuniyyəti – istirahəti yabançı bilən Qənirə xanım dinamizmin təcəssümüdür. Tovuzdan İraqacan – Avropadan Asiyayacan, Bakıdan Strasburqacan – Asiyadan Avropayacan, Türkiyədən Hindistana, bir üzü də ordan Yaponiyayacan… hər yerdə, istər fərdi şəkildə, istərsə də işçi qrupun tərkibində üzdə olan, gözə görünən sima məhz Qənirə olub. Bu xanımın jurnalistlik və deputatlıq fəaliyyəti bir qənaəti diqtə edir: iştirak etdiyi məclislərin, tədbirlərin sanbalına və müzakirə mövzularına görə erudisiyalı, etdiyi çıxışlara görə enerjili, ardıcıllıq və sabitlyiniə görə yorulmaz, məqsəd və məramına görə təmənnasız bir vətən təəssübkeşi, fədaisi! İlk növbədə türklüyün, türk dünyasının cəsur təbliğatçısı, igid əsgəri! Çəkdiyi filmlərə – “Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (2001)”, “Erməni soyqırımı. Türkün sözü (2001)”, “Mənə inanın! (2007)”, “Ruhum qarabağlıdır (2012)”, İraq hadisələri ilə bağlı “Gözdən iraq”, yazdığı kitablara – “Nobel mükafatlı qadınlar” (2009), “Tarixə adını yazan qadınlar” (3 cilddə, 2011), “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” (H.Məmmədova ilə birgə, 2011) nəzərən biz bu xanıma sərgilədiyi vətəndaşlıq mövqeyinə görə təşəkkür edurik.

Təkcə bunlara görəmi? Yox!

Həm də ona görə ki, yeddi il dönmədən efirdən azərbaycanlıların səsinə hay verən Qənirə, on iki ildi də ən müxtəlif tribunalardan və məkanlardan xalqıyladır, onun danışan dilidir, ucalan gur səsidir. Dövlətinin, dövlətçiliyin, xalqının, milliliyin qorunmasının mübariz ismidir.

Qənirə Paşayeva artıq tanınmışlıq-populyarlıq, ictimailəşmək və siyasiləşmək mərhələlərini çoxdan keçib. Keçib və bu gün onun haqqında bu yazı ona görə yazılır ki, özü də bilsin: bir vaxtlar, yəni 2011-ci ildə üç cilddə yazdığı “Tarixə adını yazan qadınlar” sırasındadır! Bundan sonra heç nə etməsə belə, lap qeybə çəkilsə də, bu xalqın onu tanıdığı ilk gündən – 1998-ci ildən bu günə qədər qanunvericilik və jurnalistika tarixinə də adını yazıb, siyasi tarixə də.

Onu heç vaxt unutmayacaq ailələr var ən azından – həyatdan əllərini üzdükdə adı dillərində son ümid kimi səslənən insanlar! 41 yaşında elmlər doktoru olan Qənirə Paşayeva ziyalı ailənin Azərbaycan xalqına töhfəsidir – sadəcə, belə deməklə də yetinmək olar, ancaq bir orası da var ki, həmişə ədalət tərəfdarı olan Qənirə xanıma qarşı bu ədalətsizlik olar. Qənirsiz jurnalist, qənirsiz deputat olan Qənirənin gözəl şeirləri də var, özünün dediyi kimi: “şeirlərimdəki obrazlarda mən də varam, başqaları da.(…) Heç də başqalarının acısını yazmaq asan deyil. O sənin içindən axıb gedir”. Qənirə xanımı başa düşməyin, anlamağın bundan asan ifadəsi ola bilməz: insanlar öz dərdləri, acısıyla onun içindən axıb gedir!

SON SÖZ ƏVƏZİ: Bəzi hallarda jurnalistlər öz gələcəklərini yazır, bəzi hallarda müğənnilər həyat sonluqlarını oxuyur, amma əksər hallarda şairlər talelərini tamlıqla poetikəşdirir. Qənirə jurnalist, deputat, şair və bir xanım kimi “təftiş” etdikdə adamın ürəyindən çox səmimi bir arzu keçir: tarixə adını yazan qadınlardan yazdı, özü onlardan geri qalmadı, bunu bacardı, Nobel alan qadınlardan da yazıb, tale və zaman bizə onu da qismət eləsin. Və təbrik edək, tarixə adını yazan qadın – bizim sevimli jurnalistimiz, deputatımız, şairimiz və… əziz DOSTUM!

Anar Yusifzadə

Editor.az