Tarif Şurası niyə ictimaiyyətin fikrinə məhəl qoymur – Orxus Konvensiyasını pozduqlarını anlayırlarmı?backend

Tarif Şurası niyə ictimaiyyətin fikrinə məhəl qoymur – Orxus Konvensiyasını pozduqlarını anlayırlarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31 yanvar 2021-ci ildə Tarif Şurasının (TŞ) iclasında əhali üçün su təchizatı və kanalizasiya tariflərinin artırılmasına qərar verildi. TŞ-nin qərarı ilə Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonlarında əhali üçün su təchizatı tarifi 1 fevraldan etibarən 1 kubmetr üçün 0,35 manat əvəzinə 0,7 manat oldu.

Xatırladaq ki, 1998-ci ildə BMT-nin Orxus Konvensiyası (OK) qəbul dilib. Azərbaycanın da qoşulduğu həmin Konvensiyaya görə, su təchizatı tariflərində dəyişikliklər ictimaiyyətin iştirakı ilə həyata keçirilməlidir (https://www.oecd.org/env /outreach/14636799.pdf).

Bir çox ölkələrdə Orxus Konvensiyasının qəbulundan sonra su təchizatı tariflərini artırmaq qərarına gəldikdə, daim ictimaiyyət nümayəndələri ilə məsləhətləşirlər. Lakin Azərbaycan Tarif Şurası əhali üçün su təchizatı və kanalizasiya tariflərinin artırılması barədə qərar qəbul edərkən, heç bir ictimai görüş keçirməyib, əhalini məlumatlandırmayıb.

Tarif Şurası niyə ictimaiyyətin fikrinə məhəl qoymur? AYNA suala TŞ-nin katibi Ceyhun Nəcəfovdan cavab almağa çalışıb. Ancaq, o, İqtisadiyyat Nazirliyinə müraciət etməyi tövsiyə edərək, sualı cavablandırmaqdan imtina edib.

İqtisadiyyat Nazirliyinin “qaynar xətt”inə zəng etdik. “Qaynar xətt” əməkdaşı Şahin Kərimov isə… Tarif Şurası ilə əlaqə saxlamağımızı təklif etdi: “Bu məsələ ilə Tarif Şurası məşğul olur. Biz onların işinə cavabdeh ola bilmərik. Hər bir qurumun öz fəaliyyət sahəsi var. Bu məsələ Tarif Şurasının əhatə dairəsinə aiddir”.

İqtisadçı-ekspert Azər Mehtiyevin AYNA-ya dediyinə görə, Avropa ölkələrində və Türkiyədə əhalinin su ilə təmin edilməsi və digər kommunal xidmətlər yerli bələdiyyələrin nəzarəti altındadır: “Bələdiyyələrin su təchizatı tariflərini artırması lazımdırsa, əhalini bu barədə əvvəlcədən məlumatlandırırlar. Bələdiyyə nümayəndələri də ictimaiyyətlə görüşür və onlara suyun maya dəyərinin artırılmasının vacibliyini izah edirlər. Və yalnız bundan sonra suyun qiyməti qalxır”.

Ekspert qeyd edib ki, bələdiyyələrin bütün xərcləri şəffafdır: “Azərbaycanda heç kim suyun bahalaşmasının səbəbləri barədə əhaliyə əvvəlcədən məlumat verməyib. Həm də ölkədə bu məsələ ilə əlaqədar ictimaiyyət nümayəndələri ilə görüş keçirilməyib. Azərbaycanda dövlətə məxsus “Azərsu” ASC əhaliyə su verməklə məşğuldur. Bu şirkətin fəaliyyəti şəffaf deyil. “Azərsu” dövlətdən dotasiya alır, həmçinin abunəçilərindən rüsumlar yığır. Bu şirkətə dövlət investisiyaları qoyulur. “Azərsu” xarici borclar da alır. Ancaq ictimaiyyət bu vəsaitlərin necə xərcləndiyini bilmir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hesab edir ki, ictimaiyyətin rəyi öyrənilməlidir: “İctimaiyyət nümayəndələri Tarif Şurasına daxil edilməlidir. Bu, qiymət artımı zamanı ictimai rəyin nəzərə alınmasına kömək edəcək”.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində su təchizatı monopolist mülkiyyəti olmaqdan çıxıb. Bu səbəbdən belə ölkələrdə suyun qiyməti Tarif Şurası rəsmilərinin qərarı ilə deyil, tələb və təklifdən asılı olaraq bazar tərəfindən tənzimlənir.