Tribuna İnformasiya Agentliyi

“Tanış olmaq istəyənlərə deyirdim ki…”- bardakı cinayət işi

13 May

Barda işləyən ofisiant qadına görə adam bıçaqlayan şəxsin məhkəməsi davam etdirilib. O, dostunun qız rəfiqəsinə baxan şəxslərdən birini bıçaqlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1992-ci il təvəllüdlü Aslanov Zamin Mehman oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən Zamin Aslanov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O azadlığa çıxdıqdan cəmi 4 ay sonra yenə də cinayət törədib.

Z.Aslanov Əli Orucovu bıçaqlayıb. Hadisə Bakıda, Nizami rayonundakı barlardan birində baş verib.

Hadisənin təfərrüatı belədir ki, Əli Orucov barda tanışları ilə əyləşən zaman Zamin də 2 dostu ilə həmin məkana gəlib.

Barda ofisiant işləyən xanım Əli Orucov və dostlarının əyləşdiyi masaya yaxınlaşdıqdan sonra Zamin də həmin masaya yaxınlaşıb. Əli Orucova və digərlərinə ofisiant xanıma baxmamalarını məsləhət görüb və “xanım yaxın qardaşımızın, qızıdır” deyə izahat verib. Z.Aslanov bu izahatla onlara başa salmağa çalışıb ki, ofisiant xanımın yaxın dostu ilə münasibəti var. Əli Orucov və dostları Zaminin bu izahatına “nə olsun?” deyə cavab veriblər. Bir neçə dəqiqə sonra Zamin Əli Orucovu kafedən çölə çıxararaq onunla söhbət edib. Növbəti dəfə ona iradını bildirərək kafeyə qayıdıblar.

Bu söhbət uzanıb və Zamin Əli Orucovu növbəti dəfə kafenin həyətinə söhbətə çağırıb. Bu dəfəki söhbətdə Zamin Əli Orucova bıçaqla zərbə endirib.

Məhkəmə prosesində şahid qismində Tərlan Niftəliyev ifadə verib. O, kafedə Əli Orucovun yanında olan dostlarından imiş.

Tərlan Nifətliyev söyləyib ki, ikinci dəfə Əli Orucovla birlikdə kafenin həyətinə çıxıb: “Zamin dedi ki, qardaşyana söhbət edirik. Mən də tualetə girdim. Çıxanda Zamini gördüm. Mənə dedi ki, dostunu apar. Başa düşmədim. Bir də soruşanda dedi ki, onu vurdum. Əlinin bədəni qan idi. Onu təcili həkimə apardıq”.

Sonuncu məhkəmə iclasında hadisənin əsas şahidi olan ofisiant xanım ifadə verib. Gülnaz Qədirova (ad və soy ad şərtidir) bildirib ki, hadisənin baş veridyi gecə klubunda ofisiant işləyir.

G.Qədirova hadisənin necə baş verdiyini görmədiyini bildirib: “Ora qaranlıqdır. 12 divan, 12 masa var. O qədər adam gəlir ki, hamısını yadda saxlamaq olmur. Zamini də birinci dəfə idi görürdüm. Mən hadisəni, bıçalqamanı görməmişəm”.

Suallara cavabında G.Qədirova deyib ki, bara gələnlərin əksəriyyəti onunla tanış olmaq istəyir, amma o rədd cavabı verir: “Mən orada mənimlə tanış olmaq istəyən adamlara deyirdim ki, sevdiyim adam həbsdədir. Mən onu gözləyirəm. Həmin adamların mənə pis gözlə baxmasını istəmirəm. Məcburiyyətdən gedib işləyirəm. Gecə klubudur, hər gün müxtəlif adamlar gəlir, tanış olmaq istəyirlər. Hadisənin mənə görə baş verməsi haqda nəsə deyə bilmərəm. çünki məlumatım yoxdur. Dava da çöldə olub”.

Məhkəmədə polis əməkdaşı Samir Paşayev də ifadə verib.

Deyib ki, zərərçəkmişi küçədə yaralı vəziyyətdə görüblər: “Bizə dedi ki, vurulub. Bölməyə məlumat verdik ki, əraziyə əlavə qüvvə göndərilsin. Biz onu başqa bir maşına mindirib yola saldıq”.

Zərərçəkmiş isə şahidin doğru ifadə vermədiyini deyib: “Əlimlə göstərdim ki, məni vuranlar oradadır. Amma mənə dedi ki, onlara yaxınlaşa bilməz. Əlində silah var idi, xidmətdə idi. Məni də yaralı vəziyyətdə orda qoydular. Mənə dedi ki, min taksiyə get. Əgər mən göstərən vaxt həmin şəxsi tutsaydılar, o daha sonra da başqa cinayəti törətməzdi. Mən özüm taksi ilə oradan getmişəm. Əgər “103”ə məlumat veriblərsə, bu necə baş verib? Araşdırılsın görək”.

Polis əməkdaşı isə zərərçəkmişin həmin vaxt içkili olduğunu və baş verənləri dəqiq xatırlamadığını deyib.