Tribuna İnformasiya Agentliyi

Tanınmış media ekspertindən ƏƏSMN rəhbərliyinə çağırış…

14 İyul
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla bağlı komissiya yaradıb.
Cəmiyyətdə belə bir qənaət formalaşıb ki, nazirliyin bölgələrdəki nümayəndəliklərində baş verən saxtakarlıq nəticəsində sabiq nazir Səlim Müslümovun nazir olduğu dövrdə bəzən ünvanlı sosial yardımı imkansızlardan fərqli olaraq, imkanlılar alıb.
Çox maraqlıdır, təşkil edilən komissiyadan sonra bu kimi nöqsanlara son qoymaq olarmı?
Hüquqşunas, media eksperti Ələsgər Məmmədli Moderator.az-a açıqmalasında bildirdi ki, ünvanlı sosial yardım məsələsində illər boyu mediada nöqsanlar işıqlandırılıb. Bununla bağlı ciddi şəkildə addım atılarsa, nəyəsə nail olmaq olar:
“Ünvanlı sosial yardımın verilməsindəki nöqsanlarla bağlı həm mediada, həm də cəmiyyətdə məlumatlar yayıldı. Amma təəssüflər olsun ki, bir-iki cinayət işindən sonra elə də ciddi şəkildə mübarizə aparılmadı. İstənilən halda bu kimi hadisələr mərkəzləşmiş qaydada təşkil olunmasa, baş verə bilmir. Ola bilməz ki, belə saxtakarlıqları edən adamların fəaliyyətindən nazirliyin xəbəri olmasın. Əslində bu saxtakarlığın total bir problem olduğunu və ölkəni narahat etdiyini hər kəs bilirdi. İndiki halda gözlənilən dəyişiklikdə bir şəxsin dəyişməsi ilə bütün sistemin dəyişməsi sadəlövlük olardı, amma hər halda əgər bunla bağlı mübarizə aparılacaqsa, burda sistemli iş getməlidir. Sistemli iş də bundan ibarətdir ki, həmin komissiyalara sadəcə dövlət qurumlarının üzvləri deyil, eyni zamanda vətəndaş cəmiyyətinin müstəqil şəxsləri də daxil ola bilər”.
Ə.Məmmədli qeyd edib ki, onlayn sistem şəffaf şəkildə təşkil edilməlidir:
“Sistem tamamilə onlayn olmalıdır. Xüsusilə məmurla fərdin qarşı-qarşıya gəlməsi minimuma endirilməlidir. Yəni ünvanlı sosial yardıma kiminsə ehtiyacı varsa, bu ədalətli olmalıdır. Onlayn sistem də bu şəxslərin əlində olduğu üçün onlara rüşvət verməyən şəxslərə də dolayısı ilə süni problem yaradaraq yardım almalarına imkan vermirlər. İnsanlarımız onlayn sistemi bilmədikləri üçün onlara müraciət edirlər və onlar da belə bir problem yaradırlar. Bu da insanlarımızın maariflənməsinin aşağı səviyyədə olmasından irəli gəlir. Ciddi şəkildə yerlərdə tamamilə yerli sturukturlara tabe olmayan nazirliyin xüsusi büroları fəaliyyət göstərə bilər və onların vasitəsi ilə insanlarımıza yardımçı ola bilərlər. Bundan başqa cəzalandırılma mexanizmi çox sərt olmalıdır. Prosessual məcəllədə belə bir müddəa var ki, kütləvi informasiya vasitələrində yayılmış informasiya yayılan informasiya cinayət hadisəsinin araşdırılması üçün əsas ola bilər. Bizdə bu əsası heç kim nəzərə almır. Əksinə, mediayaya basqı edirlər. Əgər bu başdan dəyişmə tendensiyası olacaqsa, mümkündür nəsə olsun. Bizdə “Asan Xidmət” Mərkəzi kimi bir nümunə var”.