Tanınmış həkim: “Məmurlar kefdə-damaqda, əyləncə məclislərindədir”backend

Tanınmış həkim: “Məmurlar kefdə-damaqda, əyləncə məclislərindədir”

Koronavirus pandemiyası ölkələr arasında fərq qoymadan yayıldığı kimi, varlı-kasıb, məmur-fəhlə, ya deputat-sadə vətəndaş fərqi də bilmədən insanlara yoluxur.

Azərbaycanda da həm ali qanunverici orqan, həm Prezident Administrasiyası, həm də bir sıra nazirliklərdə virusa yoluxma halları qeydə alınıb. Məlumatlara görə, icra hakimiyyəti başçılarından bəziləri hazırda xüsusi xəstəxanada müalicə alır. Rayonlardan birinin icra başçısının müavini isə koronavirusa yoluxması səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb. Bununla bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib. Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nəticələr haqda geniş məlumat veriləcək.

Koronavirusa yoluxmuş Milli Məclis üzvü Sahib Alıyev isə “Mən artıq sağalmaq üzrəyəm” deyə bilərəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”-deyə, bildirib. Digər sahə adamları, yaxud sadə vətəndaşların yoluxması bir sıra hallarda təəccüb doğurmur. Çünki onlar fəaliyyət sahəsinə, yaxud ictimai nəqliyyatdan istifadə etdiklərinə, digər amillərə görə risk qrupuna aiddirlər. Ancaq məmurlar və deputatların virusa haradan yoluxduğu sualı maraq doğurur.

Professor Adil Qeybulla bugünlərdə onları ittiham edib. Bildirib ki, məmurlar karantin qaydalarına əməl etmirlər, müxtəlif məclislər qururlar və s. Sitat: “Guya bizim məmurların hamısı yüksək intellektə malikdirlər?! Maska taxıb, sosial məsafə gözləyirlər? Hamısı kefdə-damaqda, əyləncə məclislərindədir. Elə ölkədəki çıxılmaz vəziyyəti yaradanlar məmurlardır”.

Deputat Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artmağa başlamasının bir sıra obyektiv və subyektiv səbəbləri var. Sosioloji sorğular göstərir ki, hər 100 nəfərdən 55-i koronavirusdan qorxur, 45-i isə hələ də inanmır. Virusdan qorxanların da, etinasızlıq göstərənlərin də sosial tərkibi rəngarəngdir və deməli, virusu yayanların sosial tərkibi də rəngarəngdir. Məsələyə bu kontekstdən yanaşanda aydın olur ki, səbəblər bir amildən asılı deyil, bu bəlanın yayılmasının ağırlığı rəngarəngdir. Ona görə də məsələ kompleks baxış tələb edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssislər sözügedən məsələyə obyektiv meyarlardan çıxış etməklə, kompleks şəkildə yanaşaraq, həmin səbəbləri yetərincə ortaya qoyublar. Bu virusla bağlı tibbi tərəfindən kənar qlobal miqyasda qaranlıq qalan, görünməyən, səhnənin arxasında olan amillər isə bir müddətdən sonra məlum olacaq. Ona görə də belə ciddi məsələni bir amillə izah etmək yarımçıq nəticəyə gətirər. Burada diskussiya obyekti yalnız hansı amilin payının daha çox olması ətrafında ola bilər. Hesab edirik ki, cəmiyyətin ”karantin qaydalarına əməl edib, özünüzü qorumaqla ailənizi, çevrənizi qoruyun və beləliklə cəmiyyəti qorumağa öz töhfənizi verin” deyən kəsimi fikirdə, sözdə və əməldə karantin qaydalarına ikiqat əməl etməli, nümunə göstərməlidir. Hamı fikirdə, sözdə və əməldə pandemiya mövzusuna bu mövqedən yanaşsa, koronavirus bəlasını tez adlaya bilərik. Amma əgər bu virusun mənşəyi tam aydın deyilsə, deməli, vaksin tapılana qədər onun davranışına qarşı 100 faiz etibarlı üsul da məlum deyil. Ona görə də beynəlxalq təcrübədə xeyli nümunələr də var ki, kimliyindən asılı olmayaraq, heç kim koronavirusa yoluxmaq riskindən kənarda deyil. Bu mənada səyləri birləşdirib, “Biz birlikdə güclüyük” prinsipinə ciddi əməl etməliyik. O ki qaldı sualın qalan tərəflərinə, onu da kefdə-damaqda olan məmurlar varsa  – karantin rejiminə əməl etdiyimdən, mənə rast gəlməyib – qoy onlar özləri cavablandırsınlar”.

Deputat Əziz Ələkbərli isə çox sərt reaksiya verdi: “Bu, çox məsuliyyətsiz ittihamdır. Mən, sadəcə olaraq, radikal müxalifətin və özünü müxalifətçi hesab edən bəzilərinin dövlətin və xalqın bu günündə fürsətçiliyinə heyrət edirəm. Bir qismi dünya bazarında neftin qiymətinin aşağı düşməsinə və bunun Azərbaycan iqtisadiyyatına və əhalinin güzəranının pisləşəcəyinə səbəb olacağına görə bir-birini təbrik edir, başqa bir qismi dünyanı başına götürən bu bəlaya görə az qala Azərbaycan rəhbərliyini ittiham edir, başqa bir qismi də virusa yoluxduğuna görə hökumət və parlament üzvləri üzərinə çirkab atır. Bu, nə siyasi düşüncədir, bu nə siyasi əxlaqdır?! İnsan da öz dövlətinin və millətinin fəlakətinə bu qədər sevinərmi? Bunlar bu qədər mənəvi deqradasiyaya nə vaxt məruz qalıblar?”

Ə.Ələkbərli dedi ki, Azərbaycanda indiyədək COVID-19 virusuna yoluxanların sayı 13200 nəfərdən çoxdur: “Onların içərisində məmurların və deputatların faiz nisbətini götürsək, bəlkə də mində bir faiz edər, ya etməz. Onların da çoxu əhali ilə gündəlik təmasda olanlar, öz sağlamlığını riskə atıb əhali arasında təbliğat aparanlardır. Təbii ki, məmurlar arasında öz vəzifəsinin məsuliyyətini dərk etməyənlər yox deyildir və cənab prezidentin apardığı kadr islahatları sayəsində belələri ifşa olunaraq vəzifədən kənarlaşdırılır. Amma demək ki, deputatlar və məmurlar ”hamısı kefdə-damaqda, əyləncə məclislərindədir”, buna görə də virusa yoluxurlar, ən azı, vicdansızlıqdır. Əslində isə bu, bilərəkdən söylənilən təxribatdır, dövləti insanların gözündən salmaq və ölkəni xaosa çağırmaqdır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki